Ana səhifə / Aktual / “Qanunsuz tikilən ev sökülməli idi, mən də sökdürdüm” – İcra başçısı

“Qanunsuz tikilən ev sökülməli idi, mən də sökdürdüm” – İcra başçısı

Bakı şəhəri, Sabunçu rayon sakini İlyas Ələkbərli evinin tanımadığı şəxslər tərəfindən söküldüyünü iddia edir. Vətəndaşın sözlərinə görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 24 ünvanında yerləşən ev üç otaqdan ibarət olub. 

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirir ki, hadisə martın 29-u günü baş verib: “Həmin ərazini 1994-cü ildə alıb ev tikmişik. Ev atam Əlican Ələkbərlinin adınadır. Lakin orada qardaşım tək yaşayırdı. Ev bələdiyyə sənədi ilədir. MTK da məndən çıxarış tələb edirdi. Buna görə evi sökəcəklərini deyirdilər. Evi söküb yerində bina tikmək istəyirdilər. Amma nə biz, nə də qonşular bununla razılaşıb. Evdə adam olmayan vaxt gəlib söküntü işlərinə başlayıblar. Həmin vaxt qardaşım işdə olub”. 

İlyas Ələkbərli bildirir ki, hadisədən xəbər tutan kimi qardaşı evə gəlsə də, artıq çox gec olub: “Evi əşyaları ilə birlikdə yerlə-yeksan ediblər, qolundan tutub çölə çıxarıblar. Söküntü işlərini aparanların kimliyini soruşanda isə deyiblər ki, icra nümayəndələridir”. 

Vətəndaşın sözlərinə görə, evi heç bir sənəd təqdim etmədən söküblər: “Nə sənəd təqdim edilib, nə də əvvəlcədən xəbərdarlıq edilib. Hadisə olandan sonra mən İcra Hakimiyyətinə getdim. Oradan dedilər ki, hadisədən xəbərləri yoxdur və heç bir söküntü işləri aparmayıblar. Evin MTK tərəfindən söküldüyünü bildirdilər. Bundan sonra “Bakıxanov Rezidens”ə üz tutdum. Oradan da mənə eyni cavab verildi: “Xəbərimiz yoxdur. Evi icra söküb”. 

İlyas Ələkbərlinin iddiasına əsasən, Sabunçu Rayon Polis Şöbəsinə müraciət etsələr də, məsələyə laqeyd yanaşılıb: “Qardaşım gedib ərizə yazaraq şikayətini bildirib. Lakin sonra nə olubsa, deyiblər ki, siz yalan danışırsınız. Bu ərizənin heç bir xeyri olmayacaq”. 

https://ok.ru/videoembed/3577925405290

Məsələ ilə bağlı “Bakıxanov Rezidens”dən saytımıza bildirdilər ki, hadisədən xəbərsizdilər. 

Şikayətlə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevlə əlaqə saxladıq. İcra başçısı iddialara cavab olaraq “Qafqazinfo”ya bildirdi ki, söküntü işinin aparılmasına dair göstərişi özü verib: “Bu ailənin elə həmin ünvanda yerləşən 3 mərtəbəli binanın ikinci mərtəbəsində 3 otaqlı 63 kvadrat metrlik evləri var. Hazırda qəzalı vəziyyətdədir. Evin sahibi Əlican Ələkbərliyə tikinti şirkətindən təklif olundu ki, öz yaşadığın evin kvadrat metrindən 40-45 faiz artığı verilir. Bu müddət ərzində kirayədə qal. O isə həmin binanın həyətində də tikilisinin olduğunu bildirdi. Mən şəxsən onu qəbul edərək həmin tikintinin sənədini tələb etdim. Məlum oldu ki, heç bir sənəd yoxdur. Mən də ona bildirdim ki, bu tikili sökülməlidir. Çünki qeyri-yaşayış yeridir, qanunsuz tikilib və bina sakinlərinin asudə vaxtını keçirməsi üçün ayrılan yerdir. Ev üçün lazım olan yeganə sənəd çıxarışdır. O da yoxdur. Qanunsuz tikilən ev sökülməli idi. Mən də sökdürdüm”.

Adil Vəliyevin sözlərinə görə, Əlican Ələkbərliyə həmin tikilinin əvəzinə birotaqlı ev verəcəklərini desə də, o razılaşmayıb: “Orada 45 ailə var idi. Hamı tikinti şirkəti ilə razılaşıb köçüb. Cəmi 3 ailədən başqa. O üç ailədən biri də elə bunlardır. O elə bilirdi ki, onun sözü ilə oturub-duracağıq. Burada yüzlərlə ev sökmüşük. Heç kim də heç nə deməyib. Qanun bizim tərəfimizdədir. Ora aparıb əşyalarını qoyub ki, guya yaşayır. Öz evi ola-ola niyə orda yaşamalıdır? Mənə zəng edib dedilər ki, bu adamlar giriblər həmin tikiliyə ki, “biz burada yaşayırıq” mən də dedim ki, imkan verməyin. Qoy, polislər onu çıxarsınlar, siz də sökün”. Söküldü. Düz də olundu. Buna görə mən zərrə qədər də olsun nə qanun pozmuşam, nə də kiminsə xətrinə dəymişəm. Düz edib sökmüşəm. Amma gec etmişəm. Gərək vaxtında sökdürərdim”.

Lamiyə Məmmədova

Həmçinin oxuyun

Ramiz Mehdiyevin nəvəsinin FHN-də ciddi “yeyintiləri” aşkarlanıb – O, həm də nazir müavinin oğludur…

Hesablama Palatası FHN-də yoxlama aparıb. Kəmaləddin Heydərovun müavini Teymur Mehdiyevin oğlu, polkovnik-leytnant Elvin Mehdiyevin yüksək …