Çərşənbə , İyun 16 2021
Ana səhifə / Aktual / Qanunsuz sərnişindaşımanı kimlər himayə edir?

Qanunsuz sərnişindaşımanı kimlər himayə edir?

Ötən gün Bakıda baş verən dəhşətli yol qəzası ölkədə qanunsuz sərnişindaşıma problemini yenidən gündəmə gətirdi.

Xatırladaq ki, hava limanı-Bilgəh yolunda “Shacman” markalı yük maşını ilə “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində bir qadın iki kişi olmaqla 3 nəfər hadisə yerində həlak olub, xəsarət alan 6 nəfər isə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumata görə, “Mercedes Vito” marakalı avtomobil qanunsuz sərnişindaşıma ilə məşğul olub.

Qeyd edək ki, pandemiya qadağalarının qüvvədə olduğu müddətdə şəhərlərarası nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. Hələ bu gün Operativ Qərərgah qadağaların mayın 31-dən etibarən aradan qaldırılacağını açıqlayıb.

Ötən il yarım ərzində ictimai nəqliyyat olmasa da onun funksiyasını qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər yerinə yetirib. İstər Bakı və ətraf kəndlər, hava limanı, “Sədərək”, “Binə” ticarət mərkəzləri arasında, istərsə də paytaxtla rayonlar arasında mikroavtobuslarla sərnişin daşınır. 

Bu barədə sosial şəbəkələrdə, mediada dəfələrlə məsələ qaldırılsa da nəticəsi olmayıb. Bu da ondan xəbər verir ki, qanunsuz sahibkarlığın arxasında güclü əllər dayanır. Hansı ki, nə dövlətə vergi verirlər, nə də sərnişinlərin təhlükəsizliyini qoruyurlar.

Bəs bu qanunsuz fəaliyytə qarşı mübarizə hansı qurum tərəfindən aparılır, nəticə niyə yoxdur?

BNA İctimaiyyətlə Əlaqlər şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, qanunsuz sərnişindaşımalar çox ciddi problemdir və bu məsələdə nəzarət tədbirləri BNA-nın səlahiyyətlərinə aid deyil. O, əlavə edib ki, həm də qanunsuz sərnişindaşıma gizlin deyil.

M. Ağayevin sözlərinə görə, BNA bununla bağlı dəfələrlə aidiyyatı üzrə Dövlət Yol Polisinə məlumat verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov isə “AzPolitika.info”-ya bildirib ki, yol polisi bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirir: “Qanunsuz sərnişindaşıma bir sıra səbəblərdən qaynaqlanır. Əlbəttə onların sırasında aidiyyatı qurumların fəaliyyətində yol verdiyi nöqsanlar da var. Bakı Nəqliyyat Agentliyi şəhərdə nəqliyyatın hərəkətini, yol polisi isə təhlükəsizliyini təmin edir. Hər iki qurumun fəaliyyətini qənaətbəxş hesab edirəm. Hesab edirəm ki, əgər ortada problem, nöqsan varsa, onu ardan qaldırmaq lazımdır. Daha dövlət qurumlarının biri-birini günahlandırmasına ehtiyac yoxdur”.

V. Əsədov onu da qeyd edib ki, qanunsuz sərnişindaşımanın qarşısının alınması üçün mütəmadi maarifləndirmə tədbirləri aparırlar: “Gərək, vətəndaşlarımız da diqqətli olsunlar, bu cür xidmətlərdən imtina etsinlər, həyatlarının qədrini bilsinlər. Biz dəfələrlə demişik ki, 1 manatlıq taksi xidmətlərindən istifadə etməyin, həmin sürücülərin bir çoxu qeyri-peşəkar və məsuliyyətsiz adamlardır. Mənzil başına tez çatıb, yenidən geri qayıdıb daha çox adam daşımaq üçün sürət həddini aşır, yol-hərəkət qaydalarını pozurlar. Yol polisi hər gün onlarla belə sürücünü cərimə edir və s. tədbirlər görür, amma təssüf ki, bu tədbirlər qanunsuz sərnişindaşımanın aradan qaldırılmasına kifayət etmir. Mən fürsətdən istifadə edib bir daha sərnişinlərə müraciət edirəm ki, bu xidməti göstərən avtobillərə minməyin, həyatınızı təhlükəyə atmayın!”

Nəqliyyat sahəsi üzrə ekspert İlqar Hüseynli “AzPolitika.info”-ya bildirib ki, ölkədə sərnişindaşıma qanunlarla tənzimlənir.

Onun sözlərinə görə, əgər iri və çoxtutumlu avtobuslar bu işlə məşğul olursa, onlar xüsusi lisenziyası olan şirkətlər tərəfindən idarə olunmalıdır: “Kiçik tutumlu mikroavtobuslar da bu xidməti göstərirlərsə, eyni qaydada onlar da aidiyyatı qurumdan xüsusi icazə sənədi almalıdırlar. Ölkədə bu fəaliyyətləri tənzimləyən qurum Bakı Nəqliyyat Agentliyidir”.

Ekspert əlavə edib ki, bununla belə ölkədə çoxlu sayda şəxsi avtomobili ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan insanlar da var: “Hazırda ölkədə sosial-iqtisadi problemlər kəskinləşdiyinə görə bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə bu ximəti göstərməkdən başqa çıxış yolu görmürlər. Əlbəttə, xidmətdə olan avtomobillərin bir hissəsinin texniki vəziyyəti, habelə onların göstəriciləri sərnişindaşımaya imkan vermir. Məlumdur ki, hər il avtomobillər DYP tərəfindən texniki baxışdan keçirilir və nasaz vəziyyətdə olan maşınların sahibləri cərimələnir. Hazırda paradoksal vəziyyət hökm sürür. Əgər sərnişindaşıma belə avtomobillərlə həyata keçirilirsə, onlar texniki baxışdan hansı yolla keçiblər? Əlbəttə, istər Bakı-Sumqayıt, istərsə də paytaxtla rayonlar arasında rahat, iritutumlu nəqliyyat vasitələri xidmət göstərərsə, bu ilk növbədə sərnişinlərin rahatlığını və təhlükəsziliyini təmin edər”.

Ekspert təklif edir ki, müəyyən marşrut xətləri üzrə rahat avtomobilləri xidmətə salıb, hazırda bu işlə məşğul olan sürücüləri ora işə dəvət etmək lazımdır: “Bu zaman iki məqsəd nail olmaq olar: həm gündəlik gəliri taksi xidmətindən çıxan vətəndaşlar işlə təmin olunar, həm də BNA bu sahədə öz funksiyasını icra edər…”

Həmçinin oxuyun

Damla: “Yuvamı yıxdılar, oğlumu atasız qoydular“ – Video

“Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm”. Bu sözləri müğənni Damla Xəzər …