Şənbə , Yanvar 23 2021
Ana səhifə / Aktual / Qalmaqallar, itirilən vəzifələr, qazanılan zəfər… – 2020 belə yadda qaldı

Qalmaqallar, itirilən vəzifələr, qazanılan zəfər… – 2020 belə yadda qaldı

2020-ci il bütün dünya ölkələri üçün bəlkə də ən ağır il kimi yaddaşlara həkk olunacaq.

Cari il bəşəriyyət üçün çətin keçsə də, Azərbaycan tarixində ən mühüm və şərəfli il kimi yadda qalacaq. Bu il şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın 30 illik işğalına son qoyaraq torpaqlarımızı düşməndən azad etdi. Bütün dünya Azərbaycan Ordusunun döyüşlərdə göstərdiyi şücaətin şahidi oldu. PUA-larımız düşmənin hədəflərini dəqiqliklə məhv edərək tarixə düşdü. 

“Qafqazinfo” bu ilin əvvəlindən etibarən ölkəmizdə baş verən mühüm hadisələrin xronologiyasını araşdırıb. Beləliklə, ilin əvvəlindən başlayaraq sonuna kimi baş verən ən mühüm hadisələrin ardıcıllığını sizə təqdim edirik:

İlin əvvəli heç də xoş olmayan ab-havada keçdi. Ötən ilin noyabrın 20-dən itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yanmış cəsədi yanvarın 6-da tapıldı. 

Prezident İlham Əliyevin sərəncamına əsasən, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. İlk dəfə olaraq 1300-dən çox namizədin iştirak etdiyi seçkilərdə 4 dairənin nəticələri ləğv edildi. 

Bu il həm də Dövlət Təhlükəsizlik Xidmətinin bir sıra Rayon İcra Hakimiyyətlərində keçirdiyi əməliyyatlarla yadda qaldı. Seçkilərdən sonra ilk olaraq fevralın 20-də DTX Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevi rüşvət alarkən həbs etdi.

Ötən ilin dekabrından etibarən Çində başlayan koronavirus qısa zaman ərzində bütün dünyaya pandemiya formasında yayıldı.

Fevralın 27-də koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı.

Fevralın 28-də isə Azərbaycanda koronavirusun ilk halı qeydə alındı.

Fevralın 29-dan etibarən isə ilk olaraq qonşu İranda virusun geniş yayılması nəzərə alınaraq Azərbaycanla İran arasında sərhədlər bağlandı.

Martın 14-də Nazirlər Kabineti Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərarını qəbul etdi. Həmçinin ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salındı. Elə həmin tarixdən etibarən də toy və yas məclislərinin keçirilməsi də qadağan edildi. 

Aprelin 29-da 20 il Azərbaycanın Baş prokuroru olmuş Zakir Qaralov vəzifəsində getdi. Onu bu postda Kamran Əliyev əvəzlədi.

Martın 16-da Xalq artisti Rafael Dadaşov vəfat etdi.

Martın 24-dən 20 aprel saat 00:00-dək ölkədə xüsusi karantin rejimi elan edildi. Bu qərarla 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edildi. Ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırıldı. İnsanlararası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edildi. Vətəndaşların evlərini 2 saat müddətinə tərk etməsinə icazə verildi.  

Bakı Metropoliteninin fəaliyyəti koronavirusla mübarizə tədbirləri çərçivəsində ilk dəfə əvvəlcə səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilmişdi. Daha sonra martın 31-də, gecə saat 10-dan etibarən metronun fəaliyyəti ümumiyyətlə dayandırıldı.

Aprelin 27-dən etibarən xüsusi karantin rejiminin qaydaları yumşaldıldı. Belə ki bəzi iş yerləri açıldı, SMS icazələrin vaxtı uzadıldı.

DTX-nin növbəti əməliyyatı nəticəsində aprelin 29-da Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev həbs edildi.

Mayın 5-də İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev də DTX-nin əməliyyatı nəticəsində saxlanıldı. 

Mayın 21-də isə 1994-cü ildən nazir işləyən Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən uzaqlaşdırıldı.

İyunun 21-də ciddi karantin rejimi yenidən tətbiq edildi.

İyulun 3-dən xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda karantinin qüvvədə olduğu tarixlərdə həftəsonu (şənbə-bazar) bütün ictimai nəqliyyat dayandırıldı. Bugünkü tarixə qədər də həftəsonları ölkə ərazisində ictimai nəqliyyat işləmir. 

Koronavirusla mübarizənin davam etdiyi bir vaxtda iyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab verdi. 

14 iyulda gedən atışmalarda Milli Qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev şəhid oldu. Ümumilikdə isə Tovuz hadisələri zamanı 12 nəfər hərbçi,1 mülki vətəndaşımız həlak olub.

Azərbaycan dövləti Tovuz  hadisələri zamanı ilk dəfə Rusiyanın Ermənistana göndərdiyi silahların marşrutunu açıqladı.

Tovuz hadisələrindən sonra minlərlə könüllü səfərbərlik xidmətinə müraciət edərək müharibəyə qatılmaq istədiyini bəyan etdi. İyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək şüarıyla möhtəşəm yürüş keçirildi.

İyulun 16-da Prezident İlham Əliyevin sərəncamına əsasən, xarici işlər naziri Elmar Məmmədyarov 16 illik nazir postundan  azad edildi.

Avqustun 5-dən etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu. Bir müddət çimərliklərin istifadəsinə icazə verildi. 

Sabiq PA rəhbəri Ramiz Mehdiyevin karantin rejimində nəvəsinə toy etməsi ilin qalmaqallarından oldu. Karantin rejimini pozduqları üçün Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev inzibati qaydada həbs edildi. Toyun iştirakçıları arasında olan BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA rəhbəri Ramiz Mehdiyevin müşaviri Əli Abbasov və Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə  cərimələndi. Toyda xanımı Ombudsman Səbinə Əliyeva ilə iştirak edən və bu səbəbdən ciddi qınanılan deputat Siyavuş Novruzov isə YAP-dan istefa verdiyini açıqladı.

Mandat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürən və bu səbəbdən gündəmə gələn deputat Rafael Cəbrayılovun mandatı ləğv edildi.

Nəhayət sentyabrın 27-də Ermənistan cəbhə xəttində yenidən təxribat törətdi və Azərbaycan əks-həmlə əməliyyatına başladı. 

Sentyabrın 27-də ordumuz Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərini və Ağdərə və Murovdağ istiqamətlərində yüksəklikləri işğaldan azad etdi.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan və Talış kəndləri düşməndən azad edildi.

Oktyabrın 4-də Cəbrayıl şəhəri, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, oktyabrın 17-də Füzuli şəhəri, 20 oktyabrda Zəngilan şəhəri, 25-26 oktyabrda Qubadlı şəhəri, noyabrın 8-də Şuşa şəhəri düşməndən azad edildi.

Ümumilikdə noyabrın 9-dək davam edən Vətən müharibəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Noyabrın 10-da Ermənistan məğlub tərəf kimi üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında atəşkəsin əldə edilməsinə dair razılıq əldə edildi.

Kəlbəcər, Ağdam və Laçın isə atəşkəs dövründə Azərbaycana qaytarıldı. İlk olaraq noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarıldı.

Müharibə dövründə dinc əhalinin yaşadığı Gəncə, Bərdə, Tərtər, Mingəçevir şəhərləri təcavüzkar Ermənistan tərəfindən raket atəşinə məruz qaldı. Nəticədə 94 mülki vətəndaşımız həlak oldu, 400-dən çoxu yaralandı. 

Müdafiə Nazirliyinin indiyə qədər yaydığı rəsmi siyahıya əsasən, ümumilikdə Vətən müharibəsi nəticəsində 2802 nəfər hərbçi şəhid olub. Hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Dekabrın 7-də Cəlilabad rayon icra hakimiyyətinin başçısı Namiq Zeynalov da DTX-nin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Dekabrın 10- da isə ölkəmizdə müharibənin nəticələrinə  həsr edilmiş möhtəşəm hərbi parad keçirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi paradda düşməndən qənimət kimi ələ keçirilmiş texnika da nümayiş edildi. 

Dekabrın 14-dən etibarən isə ölkə ərazisində karantin rejimi yenidən sərtləşdirildi. İş yerlərinin fəaliyyəti dayandırıldı. Yenidən SMS icazə sistemi tətbiq edildi. 

Sadalanan dövr ərzindən bu günə qədər Azərbaycanda koronavirus pandemiyası səbəbindən 2499 vəfat edib. Ölkədə yoluxmaların ümumi sayı isə 214 711 nəfərə çatıb. 

Bu il Azərbaycanın bir sıra tanınmış şəxsləri koronavirus pandemiyasının qurbanı oldu. Tanınmış vəkil Adil İsmayılov, hərbi ekspert Rəşad Süleymanov, iş adamı Xəyal Məmmədxanlı da bu virusun qurbanına çevrildi.

Bundan əlavə, Xalq artisti Sabir Əliyev və Teymur Mustafayev də COVİD-19-dan dünyasını dəyişdi.

Həmçinin oxuyun

“Xərçəngdən dünyasını dəyişən jurnalistin mənzilini də mənimsəyiblər” – Yeni faktlar

Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş binalardan qanunsuz yollarla mənzil verilmiş jurnalistlərdən evlərin geri alınacağı …