Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Qafqaz triosu: Rüstəm İbrahimbəyov, Aslan İsmayilov və Ömür Oral

Qafqaz triosu: Rüstəm İbrahimbəyov, Aslan İsmayilov və Ömür Oral

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, AXCP-nin maliyyə fırıldaqlarıni və dövlət maraqlarına zidd siyasi fəaliyyətlərini ifşa etdilər. İttiham olunanların etirafları əsasında hazırlanan məlumata görə, bir qrup AXCP üzvü 2016-cı ilin mart ayından etibarən ümumi məbləği 412 min dollar olan vəsaiti qeyri-qanuni iqtisadi fəaliyyət nəticəsində əldə etmiş və onu dövlətimiz əleyhinə tədbirlərə xərcləmişlər.

Dövlət orqanlarının milli maraqlarımızı təhdid edən bu təxribatın üstünü vaxtında açması bəlkə də Azərbaycanın Suriyaya çevrilməsinin qarşısını aldı, ölkəmizdəki stabilliyin qorunmasına xidmət etdi. Sabitliyi ən çox arzulayan iş adamı kimi hər iki quruma təşəkkürümü bildirir, amma ifşa edilənlərin sadəcə aysberqin görünən hissəsi olması ilə bağlı nigarançılığımı rəsmilərimizin diqqətinə çatdırmaq istəyirəm.

Məsələ burasındadır ki, dövlətçilik əleyhinə qruplaşan qüvvələri yalnız AXCP ilə məhdudlaşdırmaq olmaz. Son illərdə ortaya çıxan bəzi faktlar cənab Prezidentimizin dediyi kimi, anti-milli ünsürlərin müxtəlif adlar altında fəaliyyət göstərdiyini və ortaq bir məxrəcdə toplaşdığını təsdiqləyir. Bu qrupların bir araya gəldikləri ittifaqlar zaman-zaman milli dəyərlərin arxasında gizlənən adlarla ortaya çıxır, bəzən İctimai Palata, bəzən Milli Şura, bəzən isə Ziyalılar Forumu kimi özlərini tanıtmağa çalışırlar. Maraqlıdır ki, iz azdırmaq məqsədilə müxtəlif adların arxasında gizlən bu qrupların dəyişilməyən 2 əsas ortaq tərəfləri var: bunlardan biri həmin şəxslərin eyniliyi, digəri isə ermənilərlə hansısa bağlılıqlarının olmasıdır. Azərbaycanın müxtəlif ziyalıları, siyasi xadimləri, ictimai nümayəndələri tərəfindən dilə gətirilən və konkret faktlarla əsaslandırılan iddialar da bu ehtimalı gücləndirir.

Həmin iddialardan birini son prezident seçkilərində prezidentliyə namizəd Hafiz Hacıyev irəli sürmüşdü. O, teledebatlardakı çıxışlarından birində Azərbaycandakı müəyyən qüvvələrin bəzi ermənilər tərəfindən necə maliyyələşdiyini ortaya qoyaraq bildirmişdi ki, səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan kimi erməni iş adamlarının da olduqları “Emre Piliç Gida Sənaye və Ticarət Limited” şirkəti (şirkətin “Orallar” və “Garantı” törəmələri) Salyan rayonunda fəaliyyət göstərən “Qaraqaşlı-broyler”ə bazar qiymətindən 7-8 sent aşağı qiymətə damazlıq yumurta satır və faktiki olaraq dövlətin gözündən yayındırılan bu hissə AXCP-nin maliyyələşdirilməsinə sərf olunur. İddiaya görə, “Qaraqaşlı-broyler”-ə Əli Kərimlinin mühafizə xidməti rəhbərinin kürəkəni rəhbərlik edir və həmin vəsaitin öz ünvanına çatdırılması onun vasitəçiliyi ilə həyata keçirilir.

Əslində bu iddia yalnız Hafiz Hacıyev tərəfindən dilə gətirilməyib. Müxtəlif zamanlarda bənzər iddialar Azərbaycan mediasında da öz əksini tapmış, sözügedən erməni şirkətinin “Qaraqaşlı” broylerə bazar qiymətindən ucuza damazlıq yumurta satdığını sübut edən faktlar ortaya qoyulmuşdu. Məsələn, Azpolitika.info-nun 02/06/2017 tarixli buraxılışında dərc olunan ““YUMURTA BARONU” AZƏRBAYCAN MÜƏSSİSƏLƏRİNİ MƏHV EDİR! – Hökumət daxili bazarı niyə qoruya bilmir?” sərlövhəli məqaləsində bildirilir:

“Ancaq qəribə də olsa Azərbaycan hökuməti bu şirkətin ölkəyə damazlıq yumurta ixrac etməsinin qarşısını almır, əksinə, hətta onların gömrükdə təhrif olunmuş məlumatlar və saxta sənədlər təqdim edərək, rüsum və vergilərdən yayınmasına da şərait yaradılır. Hər halda “AzPolitika”ya verilən məlumatlardan belə məlum olur ki, “Orallar” şirkətinin Azərbaycana göndərdiyi damazlıq yumurtaların gömrükdə bəyan olunmuş qiymətlərində kəskin fərqlər var. Məsələn, 24.04.2017-ci il tarixdə “Səba” ASC-nin “Orallar”dan aldığı 126360 ədəd damazlıq yumurta gömrüyə 36 sentə bəyan olunub”.
Saytın iddiasına görə, həmin vaxt eyni yumurta erməni şirkəti tərəfindən “Qaraqaşlı” broylerə 18 sentə satılıb. Əlbəttə ki, eyni əmtəənin eyni vaxtda ikiqat baha olması mümkün deyil və bu işin arxasında hansısa maraqlar dayanır.

“Azpolitika” saytının gömrük sənədlərinə istinad edərək yaydığı həmin məqalədə dövlət orqanlarının gözündən yayındırılan həmin vəsaitin hara getdiyi barədə heç bir məlumat yer almasa da, prezidentliyə namizəd Hafiz Hacıyev konkret ünvan göstərmişdi. Təəssüf ki, Hafiz Hacıyevin o zaman qaldırdığı bu məsələyə hüquq mühafizə orqanları yetərincə diqqət ayırmadı və anti-milli ünsürlərin maliyyələşməsi bu gün də eyni metodlarla davam etdirilir. Halbuki, türkiyəli erməni iş adamlarının antimilli ünsürlərə ayırdığı vəsait bir neçə gün əvvəl ifşa olunanlarla müqayisədə qat-qat böyükdür. Baş prokurorluq və daxili işlər orqanlarının ifşa etdiyi qeyri-qanuni iqtisadi fəaliyyətdə 2 il ərzində cəmi 412 min dollardan söhbət gedirsə, Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyanın gömrük rüsumlarından yayındıraraq bu qüvvələrə qazandıqları isə milyon manatlarla ölçülür.

Baxmayaraq ki, ilk baxışdan bir-birinin törəməsi olan və eyni şəxslər tərəfindən idarə edilən erməni şirkətinin və onun törəmələrinin “Qaraqaşlı” broylerə 7-8 sentlik güzəşti xeyli kiçik görünə bilər. Amma nəzərə alanda ki, “Qaraqaşlı” broyler həmin ermənilərindən indiyə qədər 60 milyon damazlıq yumurta alıb, o zaman çox ciddi məbləğ ortaya çıxır. Kiçik bir mühasibat uçotu apardığımız zaman bu iddialarımızın dəqiqliyi daha aydın ortaya çıxar.

Qeyd edək ki, damazlıq yumurtaların cücə çıxımı 85-86 faizdir. Bu isə 600-700 ton toyuq əti deməkdir. Bir kiloqram toyuq ətinin 4-5 manat olduğunu nəzərə alsaq, bu, hər il milyonlarla manat pulun həmin qüvvələrə verildiyi mənasına gəlir.
Ən əsası isə, həmin vəsaitlər yalnız AXCP-yə də axmır. Bəzən bir-birindən uzaq kimi görünən, hətta iz azdırmaq üçün əvvəlcədən razılaşdırılmış mübahisələrə girişən bəzi qruplar da bu qənimətdən öz payını alır və erməni çörəyi yediklərini gizlətmirlər də.

Belə “cəsarətli oğul”lardan biri də Aslan İsmayılovdur. Bu adam elə cəsarətlənib ki, özünün facebook səhifəsində Azərbaycanın tanınmış siyasət və iş adamlarına çamur atmaqdan, təhqir etməkdən çəkinmir. Aslan İsmayılov ədalət sisteminin mübahəsiz ehkamı olan məhkəmə hökmlərini hesaba almır, hətta təhqirə məruz qoyduğu insanların iddiası ilə qaldırılan məhkəmələrə belə gəlmir. Özünü bütün qanunlardan üstün görən ədayla Azərbaycan dövlətçiliyinə meydan oxuyur, milli maraqlarımıza zidd addımlarına artıq mövcud olmayan vəkillik statusuyla haqq qazandırır.

Maraqlıdır ki, dövlətimizə xəyanət edən bu adamları bir ortaq xüsusiyyətlər birləşdirir – avantüra. Baş Prokurorluq və daxili işlər orqanlarının yaydığı məlumat da bu xüsus öz əksini tapıb. Bildirildiyinə görə, ifadələri alınan AXCP üzvləri qeyri-qanuni iqtisadi fəaliyyətləri zamanı vergi və digət dövlət orqanlarını aldatdıqlarını gizlətməyiblər. İnkarolunmaz faktlar qarşısında qaldıqlarından hər şeyi etiraf ediblər.

Onların hüquq sahəsindəki uzantısı olan və özünün etiraflarına görə, postsovet məkanında rəngli inqilablar törətmək üçün Soros məktəbində xüsusi missiya ilə yetişdirilən Aslan İsmayılov da bir sıra yerli və xarici vətəndaşların “dələduz” ittihamlarına məruz qalanlardandır. Bu gün Türkiyə ermənisini ciddi-cəhdlə müdafiə edən Aslan İsmayılov eyni ölkədə yaşayan Hızır Ekşi adlı bir türk iş adamına 40 min dollar atdığını özü belə gizlətməyə lüzum görmür. Soros məktəbində bərabər oxuduqları bir gürcü hüquqşünasla birləşərək türkü aldatdıqlarını açıq şəkildə boynuna alır və bütün bunlardan sonra başqalarını dələduzluqda ittiham edir, əxlaq, mənəviyyat, vətənpərvərlik möüzələri söyləyir.

Aslan İsmayılovun erməni məhəbbətinin tarixi, müstəqilliyimizdən belə qədimdir. O, hələ sovet hakimiyyəti illərindən – Azərbaycanda fəaliyyətə başladığı ilk gündən indiyədək dəfələrlə ermənipərəstliyi ilə gündəmə gəlib, milli vətənpərvərlik tələb edilən zamanlarda öz qapısına atdığı “avtoqol”la yada qalıb və indi də bu xidmətlərindən qürurla danışır. Görünür, məhz bu xüsusiyyətinə görə, sovet prokurorluğu Sumqayıt işini istintaqını aparmağı bu adama həvalə etmiş və Aslan İsmayılov öz missiyasını canla-başla yerinə yetirmişdi. Həmin illərdə Ermənisanda yaşayan yüzminlərlə azərbaycanlıların başına min bir oyun gətirərək yurd-yuvalarından didərgin salanların vəhşiliyinə reaksiya olaraq ortaya çıxan və bir neçə erməninin ölümüylə nəticələnən Sumqayıt hadisələrində öz yerlilərimizə ölüm hökmü verən Aslan İsmayılov bu “qəhrəmanlığı” barədə kitab yazmaqdan utanmır, onu bir neçə dilə çevirib dünyaya yaymağa çalışır. Di gəl ki, yazdığı kitaba özünün dövlət ittihamçısı kimi qələmə aldığı ittiham aktını salmır. Görünür, bu akt o qədər üzqızardıcıdır ki, Aslan ürəkli Allahverdinin də onu etiraf etməyə cəsarəti çatmır.

Aslan İsmayılovun erməni məhəbbəti onu bir zamanlar vəkilliyini etdiyi Rüstəm İbrahimbəyovla eyniləşdirir. Özünü “əsilzadə bakılı” sayan və Rusiya mətbuatında Bakı erməniləri üçün darıxdığını boynuna alan Rüstəm İbrahimbəyovu məhz eyni mövqeyinə görə hüquqşünas tərəfindən müdafiə edilməsi də bu baxımdan təsadüfi deyil. Atalar demişkən, su axar, çuxurunu tapar.

Xatırladaq ki, 2008-ci ilin payız aylarında Rüstəm İbrahimbəyov Rusiyanın “Pravda” qəzetinə verdiyi müsahibəsində Azərbaycanın milli elitasının olmadığını bildirmiş, milyonlarla qaçqının Bakıya pənah gətirməsindən sonra paytaxtımızın simasının dəyişdiyini bildirmişdi. Kinorejissorun bu hədyanlarına ilk cavab millət vəkili, professor Nizami Cəfərovdan gəlmişdi. O, qələmə aldığı açıq məktubunda Rüstəm İbrahimbəyovu tənqid atəşinə tutaraq demişdi:
“Onun bütün karyerası filmlərində, povestlərində, pyeslərində bizi sovet mədəniyyətinin nəcib təsirindən uzaq qara kütlə kimi təqdim etmək üzərində qurulub. Məhz bunun sayəsində ad-san qazanıb. Təkcə o yaxşıdır, biz isə qoyun sürüsüyük. Amma bu cür mövqe ona keçmişdə olduğu kimi divident gətirə bilməz”.

Vətənpərvər ziyalının bu iradını təhqir kimi qəbul edən Rüstəm İbrahimbəyov isə onu məhkəməyə vermişdi. Ona vəkillik edən isə yenə tanış sima idi – Sumqayıt hadisələrinin müstəntiqi, iki Türkiyə ermənisinin hüquqi nümayəndəsi Aslan İsmayılov. Aslan İsmayılovun ermənipərstlikdən gələn xisləti bu zaman da özünü büruzə vermiş və o, öz ənənəsinə sadiq qalaraq yenə də mətbuat orqanlarına verdiyi müsahibələrində milli vətənpərvər ziyalı Nizami Cəfərovu aşağılayıcı üslubla iynələməyə çalışmışdı.

Halbuki, Nizami Cəfərovun Rüstəm İbrahimbəyova açıq məktubunda tələbi qətiyyən təhqir üzərində qurulmamış, sadəcə müsahibə verərkən, Ermənistandan qovulan həmyerlilərimizin problemindən də danışmağı tövsiyə etmək olmuşdu.
“Bəli, şəhər Dağlıq Qarabağ münaqişəsinin Bakıya atdığı bu qədər qeyri-şəhərli əhalini həzm edəcək gücdə deyildi. Axı əsl vətənpərvər fəlakətin səbəbləri haqda da danışmalıdır. İbrahimbəyov üçün bu qədər əziz olan Bakı asfaltını tapdalamaqdansa, Qarabağ, Zəngəzur dağlarında məmnunluqla yaşamağa hazır olan qaçqınlar haqqında müsahibədə nə üçün bir söz də deyilmir?” – hörmətli ziyalımız sözügedən açıq məktubunda belə yazırdı.

Maraqlıdır ki, Rüstəm İbarhimbəyov deputat həmkarının bu tövsiyəsini düz 5 ildən sonra nəzərə almış və Rusiyanın “Rosbalt” informasiya agentliyində müsahibəsndə əsl simasını ortaya qoymuşdu. Həmin müsahibədə SSRİ-nin dağılmasından təəssüfləndiyini bildirən kinorejossor erməniləri Dağlıq Qarabağ münaqişəsinin qurbanları adlandırmışdı. Göründüyü kimi, yenə milyonlarla azərbaycanlını deyil, bizim torpaqlarımızı işğal edən erməniləri müdafiə etmişdi. Bu həm də o zaman idi ki, bütün müxalif qruplar Milli Şura adlı təşkilat ətrafında birləşmiş və Rusiyanın xoşuna gəlmək üçün Rüstəm İbrahimbəyovu özünün vahid namizədi elan etmişdi. Vahid namizəd isə Qarabağ məsələsində ermənilərin xeyrinə güzəştə gedə biləcəyini verdiyi anti-milli müsahibələriylə sübuta yetirməyə çalışırdı. Bu məsələdə yalnız da deyildi. Onun ermənipərəst mövqeyinə züy tutanlardan biri də Əkrəm Əylisiydi. O Əkrəm Əylisli ki, elə həmin dövrlərdə dərc etdirdiyi “Daş yuxular” kitabıyla ictimai narazılığa imza atmışdı.

Həmin vaxtdan cəmi 2 il keçdikdən sonra Rüstəm İbrahimbəyov yeni bir qalmaqallı əsəriylə öz havadarlarının şirin görsənməyə çalışacaqdı. Onun 2015-ci ildə çəkdiyi “Qafqaz triosu” filmində azərbaycanlıları aşağılamaq cəhdi məhz bu mövqeyindən qaynaqlanır və onun ardıcıl olaraq antimilli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir.

Bütün bu deyilənlərdən belə nəticə çaxarmaq mümkündür: Azərbaycanda bəzi anti-milli qruplar ardıcıl şəkildə iş apararaq hakimiyyətə gəlmək naminə xarici qüvvələr qarşısında istənilən güzəştə hazır olduqlarını əməli fəaliyyətləriylə ortaya qoymağa çalışır və məhz buna görə də dövlətimizin düşmənləri tərəfindən mükafatlandırılır, maliyyələşdirilirlər. Azərbaycan hüquq mühafizə orqanları da bu satqınlarla mübarizənin əhatə dairəsini genişləndirməli, potensial təhlükəni büsbütün aradan qaldırmalıdır.

Milli maraqlarımıza zidd tendensiyalara qarşı mübarizədə yerli xainlərlə yanaşı, bizimlə dost olan, eyni strateji maraqlardan çıxış edən dövlətlər də bu işə cəlb olunmalı, xüsusilə Azərbaycanda stabilliyin pozulmasında öz maliyyə gücüylə rol oynamağa çalışan əcnəbilər, o cümlədən Türkiyənin “Orallar” şirkətinin səhmdarı Ömür Oral ədalət qarşısında cavab verməlidir. Bir dövətin suverenlik haqlarına təcavüz etməyin qardaş ölkə vətəndaşlarına zamanında başa salmaq lazımdır ki, beynəlxalq münasibətlərdə “kiçik qardaş” durumuna düşməyək.

Mürvət Həsənli, musavat.com

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …