Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Qabil Hüseynli: “Ukrayna artıq bölünüb” – müsahibə

Qabil Hüseynli: “Ukrayna artıq bölünüb” – müsahibə

qabil– Qabil müəllim, Ukrayna ətrafındakı hadisələr artıq ciddi beynəlxalq gərginliyə çevrilib: Rusiya son günlərdə xoşagəlməz hərbi təlimlərə başlayıb, Avropa və Amerikada ruslara qarşı radikal addımlar atmaq çağırışları eşidilir. Sanki III Dünya Savaşının astanasındayıq…

 

 

-Neçə ki Rusiya imperiya həvəsi ilə çıxış edib başqa dövlətlərin daxili işlərinə zorakı şəkildə qarışmaq meyli nümayiş etdirir, dünya qarışmaqda davam edəcək. Amma mən heç də Amerika və Qərb dövlətlərinin Ukrayna ilə bağlı əvvəlcə qızışdırıcı, sonra geri çəkilmək siyasətinə bəraət qazandırmaq istəmirəm. Lakin məsələ  bundadır: Rusiyaya da heç kim hüquq verməyib ki, başqa xalqların taleyini necə həll etmək barədə qərar qəbul etsin. Məsələn, ruslar deyirlər ki, Ukrayna NATO-ya, Avropa Birliyinə meyllənə bilməz. Və yaxud iddia edirlər ki, NATO öz sərhədlərini Rusiyaya doğru genişləndirə bilməz. Doğrudur, əvvəllər NATO-Rusiya münasibətlərində razılaşmalar olub. O zaman razılığa gəlmişdilər ki, istəsə, Rusiya da NATO-ya daxil ola bilər. Yəni NATO təcavüzkar siyasətinin olmadığını sübut etmək üçün Rusiyanın bu quruma üzv olmasına razılıq vermişdi. Rusiyaya hətta NATO-da xüsusi status verilmişdi. İndiki baş nazirin birinci müavini Raqozin Rusiyanın NATO-dakı xüsusi səlahiyyətli nümayəndəsi olub. Normal  təfəkkürlə yanaşanda və Rusiyanın tarixinə diqqət yetirəndə başqa cür düşünə bilmirsən. Axı Rusiyanın nəyi çatmır? Və nə istəyir? Rusiya vaxtilə fövqəldövlət idi. Başqa dövlətləri işğal altına alıb böyük bir imperiya yaratmışdı. O zaman ikiqütblü dünyanın ortaya çıxmasına nail ola bilmiş və dünyada sosializmi yaymaq adı altında bir sıra ölkələrə silah ixracını genişləndirmişdi. Yəni Amerika ilə birlikdə dünyanı iki cəbhəyə bölmüşdü. Keçmiş Sovet İttifaqı kommunist inqilabı adı altında terrorçulara yardım edirdi və bu terrorçular dünyanın müxtəlif nöqtələrində situasiyanı qarışdırırdılar. Hazırda eyni missiyanı Putin öz üzərinə götürüb. O zaman bərabərlik adı ilə çıxış edən sosializmə insanlar meyllənirdi. İndi Putinin insanlara təklif edə biləcəyi və yaxud onları şirnikləndirə biləsi bir ideyası yoxdur – böyük dövlət ambisiyasından başqa. Sosialist inqilabı adı altında nələrisə ört-basdır eləmək mümkün idi. Hətta təcavüzün, terrorun özünü belə maskalamaq mümkün idi. İndi isə başqa dövlətlərə təcavüz heç bir ideoloji pərdə altında aparılmır və açıq aqressiyaya çevrilib. Ukrayna ətrafında baş verən hadisələr, Krımın ilhaqı, Şərqi Ukraynaya təcavüz və ilhaq cəhdləri göstərir ki, Rusiya qabığından xeyli dərəcədə çıxıb və dünya müharibəsi, hətta kütləvi qırğın silahlarından istifadə təhdidi ilə dünyanı yeni girdablara çəkməkdən belə qaçınmır.

-Ukraynanın bölünmə təhlükəsi nə dərəcədə realdır? Qərb Rusiya qarşısında çəkingən davranmaqla Ukraynaya radikal dəstək verməkdən ehtiyatlanır. Görünür, özünün qızışdırdığı Maydan hərəkatının buralara gəlib çıxaracağını gözləmirdi. Rusiya isə artan təzyiqlə davranır. Bu fonda Ukrayna bütövlüyünü qoruya biləcəkmi?

-Mənim fikrimcə, Ukrayna artıq bölünüb. Luqansk və Donetsk vilayətləri Ukraynanın xeyli hissəsini təşkil edirdi. Ən azı, ölkənin üçdə birinə yaxındır. Hazırkı işğal sürünən işğaldır, yavaş-yavaş Mariupola doğru sürünməkdədir və oradan da hətta, ola bilsin ki, Kiyevə qədər dartınsın. Yəni ruslar dayanmaq istəmirlər. Ukraynanın Dnestryanı bölgə ilə əlaqə yarada biləcək güney bölgələrinin işğalı planı Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının masası üzərindədir. Ukrayna, faktiki olaraq, Rusiyanın pəncəsinə keçməkdədir. Çox təəssüflər olsun ki, indiyə qədər çox ciddi səhvlərə yol vermiş keçmiş Ukrayna prezidentləri siyasi məsuliyyət belə daşımaq istəmirlər. Əvvəla, Ukrayna nüvə silahından imtina etdi. Daha sonra isə ölkədə son dərəcə inkişaf etmiş hərbi sənaye kompleksinin olmasına baxmayaraq, nə normal ordu yaratdılar, nə də hərbi sənaye kompleksini təkmilləşdirib ölkənin müdafiəsini təşkil edə bildilər. Bir sözlər, bu gün Ukraynanın keçmiş prezidentlərini bu işlərə görə çox ciddi hüquqi məsuliyyətə cəlb etmək mümkündür. 50 milyon əhalisi və geniş ərazisi olan Ukrayna Rusiyanın qabağında duruş gətirə bilərdi. Biz Rusiyanın imkanlarını həddindən artıq şişirdirik. Bu ölkənin ərazisi böyükdür və bu böyük ərazinin hər yerinə silahlı qüvvələr yerləşdirmək lazımdır axı. Rusiya öz silahlı qüvvələrinin, uzağı, 25-30 minini Ukrayna sərhədinə toplaya bilər. Çünki digər məntəqələri müdafiəsiz qoya bilməz. Yəni demək istəyirəm ki, Rusiya elə qorxulu bir dövlət deyil və elə də müasir silahlara malik deyil ki, onun qarşısında dayanmaq mümkün olmasın. Kiçik dövlətlər üçün bu çətindir. Amma Ukrayna, Amerika, Almaniya kimi dövlətlərə çətin olmamalıdır. Məncə, bu durumda tarixi missiya Amerikanın üzərinə düşür. ABŞ siyasətçiləri bu məsələdə Reyqanın iş təcrübəsini gözləri önünə gətirməlidirlər. Reyqan SSRİ-nin dağıdılması prosesini quru sözlərlə həyata keçirtdi. “SSRİ şər imperiyasıdır, tarixin arxivinə atılmalıdır”. Bu şüarı müxtəlif variantlarda tez-tez təkrar edən Reyqan SSRİ-ni ideoloji cəhətdən tərk-silah etdi və SSRİ siyasi rəhbərliyini tamamilə ideologiyasızlaşdırdı, sovet siyasi elitasını pərən-pərən saldı. Xüsusi xidmət qurumlarının fəaliyyətini nəzərə almasaq, Reyqan heç bir silaha əl atmadan sovetlərin axırına çıxdı. Amma bu gün Amerikanın prezidenti ağzına su alıb durub. Makkeyndən başqa təsirli bəyanat verən şəxsə rast gəlmirik. Heç bir vəzifəsi olmasa da, Bzejinski hərdən bir söz danışır. Bu gün dediyi dünən dediyini təkzib edir. Demək istəyirəm ki, dünayada Rusiyaya qarşı normal və sistemli ideoloji iş qura bilmirlər. Hətta Rusiyadan özləri üçün qorxunc bostan uyuğu düzəldiblər və qorxudan tir-tir əsirlər. Mən təəccüb eləyirəm. Özünü dünyanın bir nömrəli dövləti adlandıran və Rusiyanın hərbi xərclərindən on dəfələrlə çox hərbi xərci olan, ümumi milli gəliri Rusiyanınkından 50 dəfə artıq olan Birləşmiş Ştatlar bu proseslərə niyə müdaxilə eləmir?

-İsrailin baş naziri Netanyahunun ABŞ-a yaxınlardakı səfəri çox effektsiz keçdi. Hətta Amerika rəsmiləri dedilər ki, Fələstin problemi ilə İsraildəki növbəti seçkilərdən sonra məşğul olacağıq. Tərcüməsi budur ki, yəni Netanyahu hakimiyyətdən gedəndən sonra. Amma Netanyahu seçkiləri uda bildi. Və bu fonda İran qoşunları artıq Yaxın Şərqdə İŞİD-ə qarşı əməliyyat aparmağa başlayıb. Sizcə, bu müstəvidə İran-İsrail intriqası nəyə doğru aparır?

-Hələlik İŞİD-ə qarşı mübarizə zəruridir. Sözün açığı budur ki, Amerika bu cəbhədə əsgər itirmək istəmir. ABŞ İraqda və Liviyada uğursuzluğa düçar olub. Suriya tərəfdə də uğursuzluqları var. Bu bölgə üzrə müttəfiqləri də sona qədər tab gətirmədilər. Ona görə də indi İran bu işə daha ürəkdən girişib və Amerikanı qabaqlayıb. Amerika da qulağı dinc olsun və yaxid Amerikaya tabut gəlməsin deyə İranın fəallığına hələlik göz yumur, üstəlik, belə bir xülyaya qapılıb ki, İranın nüvə proqramı üzrə müəyyən bir razılığa gələcəklər. Amma, məncə, İran İraqda öz raketlərini nahaqdan yerləşdirməyib. Raket varsa, mütləq onun döyüş başlığı da olacaq və hədəfi də olacaq. İraqa yerləşmiş İran qoşunları, çətin ki, yaxın perspektivdə oradan geri çəkilsin. İranlılar Mosulu da ələ keçirtsələr, Yaxın Şərqdə hegemon bir gücə çevriləcəklər. Ola bilsin ki, bundan sonra Amerika ilə nüvə danışıqlarına heç ehtiyac da qalmasın. Güman ki, İran Amerikanı bu bölgədən çox asanlıqla sıxışdırıb çıxardacaq.

-Onda İsrailin taleyi necə olacaq?

-Əgər İsrail BMT-nin 1947-ci ildə verdiyi mandat çərçivəsində davranacaqsa, müstəqil Fələstin dövlətinin qurulmasına şərait yaradacaqsa, Amerika onu qoruyacaq. Heç İsrailin özü də zəif dövlət deyil, özünü qoruya bilər. İsrail Kemp-Devid razılaşmasına xilaf çıxıb Fələstin dövlətinin yaranmasına əngəl olarsa, problemlərlə üzləşəcək. İranın İsraili yerüzündən silmək bəyanatları əsassız eyforiyadır. Əvvəla, buna Amerika, ikincisi də, İsrailin hərbin potensialı buna imkan verməz.

-Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri iki gün əvvəl TANAP qaz kəmərinin təməlini qoydular. Qərbi Avropa və bölgə üçün böyük önəmə malik bu layihə Azərbaycanla Türkiyənin geopolitik gerçəkliyində nələri dəyişə bilər?     

-Bu, çox böyük hadisədir. Tutalım ki, Azərbaycanın 1994-cü ildə bağladığı neft kontraktları XX əsrin layihəsi idisə, TANAP da XXI əsrin layihəsidir. Azərbaycanla Türkiyə axıra qədər belə birgə hərəkət edəcəksə və bu layihəyə Türkmənistanı da qoşmaq mümkün olarsa, Azərbaycan Qərb ölkələrinə ildə, ən azı, 20 milyard kubmetr qaz ötürə biləcək. Düzdür, bu həcm Avropanı qane etməsə də, onun qaza olan tələbatının 50%-i deməkdir. Rusiyanın Türkmənistana bu yöndə mane olma cəhdlərinə baxmayaraq, Türkmənistanın bu layihəyə qoşulma perspektivləri kifayət qədər real görünür. Yəni təməli qoyulmuş layihə Azərbaycan-Türkiyə strateji əməkdaşlığını sıxlaşdıracaq. Məsələn, mən Ərdoğanın bu sözlərini çox rəğbətlə qarşıladım ki, Türkiyə 1992-1993-cü illərdə indiki inkişaf səviyyəsində olsaydı, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına heç vaxt yol verməzdi. Düzdür, siyasətdə belə sözləri işlətmək o qədər də çətin deyil, amma bu sözlərin deyilməsi onu göstərir ki, Azərbaycan-Türkiyə münasibətləri kifayət qədər yüksək səviyyəyə qalxıb və bölgədəki hadisələrin inkişaf tendensiyasını artıq bu iki dövlət müəyyən etməyə başlayıb. Doğrudur, təməl mərasimindən dərhal sonra Rusiya prezidenti Putin Ərdoğanla telefonda danışdı. Amma artıq qatar yola düşüb. Qaz almaq istəyən ölkələr də rusların “siyasi” qazını deyil, Azərbaycan qazını almaq istəyir.

Söhbətləşdi: Fərzuq Seyidbəyli

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın