Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qəssablar ətin bahalaşmasının səbəbini açıqladı

Qəssablar ətin bahalaşmasının səbəbini açıqladı

Satıcılar deyir ki, qiymət artımının bayramla heç bir əlaqəsi yoxdur

Azərbaycanda quzu ətinin qiyməti yenidən bahalaşdı. Belə ki, hazırda pərakəndə ət satışı məntəqələrində quzu əti 14 manata satılır.  Bunun səbəbini isə müxtəlif iqtisadi və sosial faktorlarla izah edirlər.

Məsələ ilə bağlı bazardakı vəziyyəti öyrənmək üçün “Yeni Müsavat”ın reportyor qrupu olaraq, ət satılan yerlərə yollandıq. Müşahidə etdik ki, həqiqətən də qiymətlər yüksəkdir. Lakin buna baxmayaraq günorta saatlarında artıq ət satılan yerlərdə quzu ətini tapmaq müşkülə çevrilmişdi. Satıcılarla söhbətimiz zamanı onlar bildirdilər ki, quzu ətinə tələbat yüksəkdir. Ona görə də günorta saatlarına qədər əksər qəssablar quzu ətini satıb, qurtarırlar. Lakin bazardakı durumdan heç də alverin yaxşı getdiyini söyləmək olmazdı. Piştaxtaların arxasında oturan qəssablar ya gəlib-gedəni ət almağa səsləyir, ya da çay içib, telefonla oynayırdılar. Qoyun, mal ətləri isə asılı qalmışdı. Bəziləri heç qoyunu bölməyib, diri formada asmışdı. Söhbətimiz zamanı bildirdilər ki, köhnədən qalan əti sata bilmədikləri üçün təzə kəsdikləri qoyunu bölüb qoymağa yerləri yoxdur…

Əvvəlcə alıcılarla söhbət edib, onların qiymət artımına münasibətini öyrəndik. Sənubər adlı alıcı bildirdi ki, artıq bu cür qiymət artımına öyrəşiblər: “Ötən ilin dekabr ayında da quzu ətini 13 manata satırdılar. Halbuki ondan əvvəlki vaxtlarda quzu əti 11-12 manata satılırdı. Bayram olduğu üçün digər qidaların da qiymətində artım var. Məsələn, qoz, yer fındığı bayram günlərində 6 manata satılırdı. Hazırda isə 5 manata endiriblər. Ona görə də  indi də süni qıtlıq yaradırlar ki, guya quzu əti yoxdur. Necə olur ki, elə bayram günlərində bütün qidalar yoxa çıxır. Səhər burada camaat dava salırdı ki, qiymətləri nə üçün qaldırıblar. Satıcılar da deyirlər ki, guya rayonlarda quzu tapılmır. Hələ fikirləri var ki, qiymətləri bir qədər də qaldırsınlar”.

Satıcılar isə bildirdilər ki, rayonlarda quzu tapmaq mümkün deyil: “Kənd camaatı qoyun-quzu saxlamır. Deyirlər ki, otun qiyməti bahadır. Otlaq sahələrinin də çoxu artıq məhv edilib. Bəzilərində pambıq əkirlər, bəziləri isə taxıl sahəsinə çevrilib. Ona görə də camaata qoyun saxlamaq sərf eləmir. Nəticədə quzu da tapılmır. Ancaq hazırda bazarda qoyunun qiymətində heç bir artım yoxdur. Yenə də qoyun ətinin qiyməti 8 manat 50 qəpikdir. Quzu ətini isə 14 manata satırıq”.

Satıcılar söylədilər ki, qiymət artımının bayramla heç bir əlaqəsi yoxdur: “Camaat bayramda duyuq düşdü ki, qiymətlər 14 manata qalxıb. Ancaq quzu ətini 1 aya yaxındır ki, 14 manata satırıq. Sadəcə olaraq, bəzi qəssablar 13 manata satırdılar, bəziləri 14 manata. İndi hamı qiyməti 14 manat qoyub. Bazar belədir ki, kimsə qiyməti 13 manata qoyanda, narazılıq düşür. Qəssablar deyirlər ki, bazarı öldürürsüz. Ona görə də qiymət standart olaraq qalxır”.

Satıcılarla söhbətimiz zamanı onlar söylədilər ki, qiymətlərin enməsi gözlənilmir. Hətta zarafatla bildirdilər ki, ölkədə bir dəfə qalxan qiymətlər bir daha enmir:

“Qiymətlərin enməsi haqqında heç düşünməyin. Çünki quzu yoxdur. Qiymətin enməsi indiki şəraitdə mümkün deyil. Hələ qəssablar öz aralarında danışırlar ki, qiyməti 15 manata qaldırsınlar. Çünki rayonlarda da qiymət yüksəkdir. Tələbat var, mal isə yoxdur. Ona görə də qiymət baha olmalıdır. Biz bütün əti rayonlardan gətiririk. Ancaq ölkəyə xarici ölkələrdən, xüsusən də Ukraynadan da ət gətirilir”.

Onu da qeyd edək ki, quzu ətinin qiyməti sonuncu dəfə ötən ilin yay aylarında qalxaraq 12 manata satılırdı. Satıcıların da qeyd etdiyi kimi,  Bakıda satılan ətlərin əksəriyyəti rayonlardan gətirilir. Lakin xaricdən idxal olunan ətin miqdarı da az deyil ki, bu cür ətləri daha çox mağazalarda, paketlənmiş formada satırlar. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 63 milyon 651.99 min ABŞ dolları dəyərində ət idxal edilib. Həmin vəsait hesabına ölkəyə 43 min 261.95 ton ət gətirilib. Bu isə 2017-ci ilin eyni dövrü ilə müqayisədə artım deməkdir. Belə ki, 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 58 milyon 154.92 min dollar dəyərində 37 min 211.29 ton ət gətirilib.

Bakıda ətin qiymətinin baha olması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, ətin qiymətini onlar müəyyən etmirlər.  Bildirildi ki, qiymətlərin artması bayram ərəfəsində ətə olan tələbatdan irəli gələ bilər.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …