Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qəbirüstü ilə bağlı Naxçıvan təcrübəsi təqdir olunur

Qəbirüstü ilə bağlı Naxçıvan təcrübəsi təqdir olunur

Xəbər verdiyimiz kimi, Naxçıvanda qəbirüstü işlərin təsviri ilə bağlı qərar qəbul edilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli, 115 nömrəli qərarı ilə yeni qaydalar təsdiq edilib. Belə ki, bundan sonra Naxçıvanda bütün qəbirüstü abidələr bir formada olacaq.

Bu məsələ uzun müddətdir ki, mətbuatda müzakirə olunur. Azərbaycanda baş daşlarının sadələşdirilməsi həm ziyalılar, həm də ictimaiyyət nümayəndələri tərəfindən təklif olunur. Lakin bu məsələdə hələ də bir irəliləyiş əldə olunmayıb. İnsanlar ümumi dəyəri 5-10 min manat arasında dəyişən dəbdəbəli mərmər baş daşlarına üstünlük verirlər. İmkanlı təbəqə üçün bu, elə də çətin olmasa da, aztəminatlı ailələr onlarla yarışa bilmək üçün bəzən illərlə borca girərək ölülərinə baş daşı düzəltdirməli olurlar. Nəticədə Azərbaycan qəbiristanlıqları məzarlıqdan çox heykəltəraşlıq muzeyini xatırladır.

Ancaq ekspertlər bu məsələnin maarifləndirmə yolu ilə təbliğinin tərəfdarıdırlar. Bir çoxlarının fikrincə, burada inzibati üsullara əl atmaq doğru deyil. Başqa bir qisim isə hesab edir ki, Azərbaycanda bu problemin yeganə həlli yolu məhz bu cür inzibati formada verilən qərarlardır. Bəs görəsən, Naxçıvanda verilən bu qərarın ölkə üzrə tətbiqinə cəmiyyət necə yanaşır?

Milli Məclisin deputatı Fazil Mustafa belə bir qərarın verilməsinin müsbət qarşılandığını dedi: “Biz bunun tərəfdarıyıq ki, qəbir daşları sadə olsun. Naxçıvanda bu praktik olaraq tətbiq olunub, müsbət bir haldır. Həmçinin yas mərasimlərində yemək verilməsinin ləğv olunması, qəbiristanlıqlarda səliqəli sistem qurulması və sair məsələlər var ki, bunların Bakıda tətbiqinin tərəfdarıyıq. Yaxşı ənənəni harada olmasından asılı olmayaraq ölkənin hər yerində tətbiq etmək vacibdir. Əks halda, yenə də problemlər qalacaq. Bu məsələdə yaxşı nümunələri götürmək hamı üçün faydalı olar. Bizdə qəbiristanlıqlarla bağlı qanun qəbul olunub, bu qanunda da çox güman ki sözügedən müddəalar nəzərdə tutulacaq. Mən bunun tərəfdarıyam. Bütün hallarda məsələnin bu şəkildə həlli, qəbiristanlıqdan daha çox bir mədəniyyət görüntüsü olaraq istifadə olunması həm ölkə üçün həm də vətəndaşlar üçün yaxşıdır ki, bura bir şöhrətpərəstlik yerinə çevrilməsin”.

Deputatın sözlərinə görə, hazırki vəziyyət heç də yaxşı deyil: “Qəbiristanlıqlar şöhrətpərəstlik, harınlıq, görməmişlik nümunəsidir. Ona görə də, bunu dəyişmək lazımdır. Bizim qəbiristanlıqların İslamla heç bir əlaqəsi yoxdur, bircə ölünün qibləyə basdırılması məsələsi var. Ancaq qalan təmtərağın heç birinin İslama aidiyyəyi yoxdur”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …