Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qəbir yerləri pulsuz olacaqmı…

Qəbir yerləri pulsuz olacaqmı…

Azərbaycanda qəbiristanlıq ərazilərindəki torpaqlar bələdiyyələrin sərəncamına verilməsi üçün hüquqi prosedurlar  tamamlanıb. Xəbər verildiyi kimi ötən ilin dekabrındaqəbiristanlıqların salınmasını və onların idarə edilməsini tənzimləyən sənəd Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Sənəddə göstərilir ki, üç ay ərzində yerli icra hakimiyyətləri balanslarında olan məzarlıqları bələdiyyələrə təhvil verməli idi. Amma araşdırmalarımız göstərir ki, Bakı və Abşeron ərazisindəki bələdiyyələr hələ məzarlıqları təhvil almayıblar.

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən, dövlət tərəfindən qəbiristanlıqlarla bağlı bələdiyyələrə hər hansı vəsait ayrılmayacaq. Bütün xərclər bələdiyyələr tərəfindən vergilərdən , reklamlardan əldə olunan vəsait hesabına qarşılanacaq.

Bəs bu proses necə həyata keçiriləcək? Əhalinin məzar yeri ilə bağlı müraciətlərini cavablandırmaq, qəbiristanlıqların idarə olunması üçün bələdiyyələrdə xüsusi ştat yeri ayrılacaqmı? Bu və digər suallarla bağlı Bakı şəhəri ərazisindəki yerli özünüidarəetmə orqanlarına müraciət etdik.

Məlum oldu ki, prosesin necə həyata keçiriləcəyi əksər bələdiyyələr üçün qaranlıqdır. Əlaqə saxladığımız bütün bələdiyyələrdə hələ yerli icra hakimiyyətlərinin  qəbiristanlıqları onlara təhvil vermədiklərini dedilər.

“Heç bir iş görmürük, çünki…”

Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri Elbrus Xəlilovun virtualaz.org-a bildirdiyinə görə, bələdiyyə bununla bağlı hökumətin çıxaracağı qərarı gözləyir: “Heç bir ştat yeri ayrılmayıb, heç bir iş görmürük. Çünki, 3 ay müddət qoyulsa da, hələ qəbiristanlıq yerləri bizə təhvil verilməyib. Bizim bələdiyyənin ərazisində bir qəbiristanlıq yeri var, ora da dolub. Əslində Hövsan bələdiyyəsinə təzə qəbiristanlıq yeri ayrılmalıdır. Hökumətin bununla bağlı nə qərar çıxaracağını gözləyirik”.

Nərimanov rayon bələdiyyəsindən isə bələdiyyə ərazisində yalnız bir ünvanda – Əhməd Rəcəbli küçəsində xristian qəbiristanlığının olduğunu, lakin çoxdan aşınıb dağıldığını dedilər. Bələdiyyə ərazisində qəbiristanlıq üçün yeni yer isə ayrılmayıb.

Binəqədidə 50 ilin qəbiristanlığı çoxdan dolub

Binəqədi rayonu ərazisində yerləşən Binəqədi bələdiyyəsindən də müvafiq işlərə başlanılmadığını dedilər. Bələdiyyənin əməkdaşı Toğrul Babayevin sözlərinə görə, hələ bələdiyyəyə qəbiristanlıq ərazisi təhvil verilməyib: “Belə bir məsələ var, amma hələ bizə yer ayrılmayıb. Bizim bələdiyyənin ərazsisində bir qəbiristanlıq var, amma o 50 ilin qəbiristanlığıdır, çoxdan dolub. Yeni qəbiristanlıq yerinin ayrılması üçün müvafiq qurumlara məktubla müraciət etmişik, amma hələ cavab almamışıq”.

Buzovna bələdiyyəsindən də oxşar cavab aldıq. Bələdiyyənin üzvü İsrafil Hüseynov virtualaz.org-a hələ qəbiristanlığın təhvil alınmadığını dedi: “Hələ qəbiristanlıq torpaqları bizim səlahiyyətimizə verilməyib. Bələdiyyəyə məktub daxil olub, yəqin ki, bir ay ərzində təhvil verilər. Bizim bələdiyyənin ərazisində bir qəbiristanlıq var, amma o da çoxdan dolub. Bu proses necə olacaq, necə həyata keçirləcək bilmirik”.

Hökməli bələdiyyəsinin telefonları susur, çünki borca görə bağlıdır

Paytaxtın ən prestijli  qəbiristanlıqlarının yerləşdiyi Yasamal bələdiyyəsindən və daha çox orta və kasıb əhalinin məzar yeri üçün üz tutduğu Xırdalan bələdiyyəsindən telefon zənglərimizə cavab ala bilmədik. Hökməli bələdiyyəsinin telefon nömrəsi isə telefon borcuna görə bağlı idi…

“Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na edilən dəyişiklik Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.

Qeyd edək ki, qonşu ölkələrin əksəriyyətində qəbiristanlıqlarla bağlı məsələ çoxdan qanunla tənzimlənir. Dəfn yerləri və dəfn mərasiminin təşkili yerli idarəetmə orqanlarına tapşırılıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …