Qənirə Paşayeva: “Yaralıları xilas etmək üçün həkimlərimiz əllərindən gələni edirlər”

“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Tovuz rayonunun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verən hadisə, 2 kənd sakinimiz – 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlunun minaya düşərək ağır bədən xəsarətləri alması xəbəri hamımızı üzdü.”
Moderator.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva deyib:
“Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı sakinlərimizi xilas etmək, onlar kömək üçün həkimlərimiz əllərindən gələni ediblər və edirlər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa həkimlə, rayon icra hakimiyyəti başçısı Məmməd müəlimlə, Əlibəyli kənd icra nümayəndəsi ilə, həkimlərlə dəfələrlə danışmışam və hər kəs Elşad və Elgün üçün əlindən gələni etməyə çalışır. Bir az əvvəl Elşad bəylə danışdım. Çox şükür ki, qəlpə yaraları ona həyati təhlükəli vəziyyət yaratmayıb və həkimlərimizin köməyi ilə yaraları təmizlənib, müalicələr aparılır və qısa zamanda inşallah sağalacaq. 14 yaşlı Elgünün vəziyyəti isə ağırdır. Əməliyyat olunub və həkimlərimiz, rayon mərkəzi xəstəxanası, rayon rəsmiləri, hamımız onun sağalması üçün əlimizdən gələni etməyə çalışırıq. Gəncədən də mütəxəssislər gəliblər. Yaralılarımız Səhiyyə Nazirliyinin xüsusi diqqətindədir. Bakıdan da mütəxəssislər çıxıblar və inşallah yaxın saatlarda Tovuza çatacaqlar və Elgünün sağalması üçün bütün imkanlar səfərbər olunub. İnanırıq ki inşallah yaxşılaşacaq.
Bir az əvvəl Elgünün xəstəxanada olan yaxınları ilə də danışdım və hamımızın Elgün üçün dua etdiyini və onun sağalması üçün gərəkən bütün dəstəklərin göstərildiyini və göstəriləcəyini söylədim. Allah kömək olsun. Dualarınızı əksik etməyin. Hadisənin baş vermə səbəbləri tam araşdırılır və müvafiq qurumlar məlumatlar verirlər və verəcəklər. Öz növbəmdə bütün ön cəbhə kəndlərində yaşayan insanlarımızı ərazilərdə mina təhlükəsi ilə bağlı qurumlarımızın quraşdırdığı nişanlara hər zaman xüsusi diqqət göstərməyə, diqqətli olmağa, mina ilə bağlı məlumatlandırılmalara, xəbərdarlıqlara, bilgiləndirmələrə daha da həssas olmağa çağırıram. Allah insanlarımızı qorusun və inşallah bir daha belə acı hadisələr yaşanmasın. Allah ön cəbhədə yaşayan insanlarımızı və qoruyan əsgərlərimizi qorusun”.
Zdrave universal kremi zdrave forte