Çərşənbə , İyul 17 2019
Ana səhifə / Aktual / QƏNİMƏT ZAHİDİN ANASI: “İNDİKİ HÖKUMƏT ÇOX YAXŞIDIR, ƏVVƏLLƏR…” – VİDEO

QƏNİMƏT ZAHİDİN ANASI: “İNDİKİ HÖKUMƏT ÇOX YAXŞIDIR, ƏVVƏLLƏR…” – VİDEO

Diqqətli Oxucular yaxşı xatırlayar, “Xural”ın bir “Ana” layihəsi vardı. O zaman məmləkətin içi dərd dolu Analarını danışdırmaq, sözü onlara vermək, gündəmi onlara buraxmaq düşüncəsi ilə Anaları danışdırmaq istəmişdik. Qalın bir siyahı da tutmuşduq.

Biz o layihəni başladıq da. İlk qonaq kimi Salam Sarvanın rəhmətlik Anasını seçdik. Bunun üçün Cəlilabada getdik. Yaxşı və sanballı bir müsahibə də götürdük. Və… “Xural” qəzetində bu müsahibəni yayınladıq. Nə oldusa bu müsahibədən sonra oldu. Ananın bir kəlmə sözü yeri-yerindən oynatdı və mən hələ o zamanlardan gördüm ki, Anaların danışması hər zaman gündəmi dəyişə bilir. Hələ ölkəyə tanınmış insanlar bəxş edən Analar mövzu bəhsi olunca, iş tamam dəyişir…

Sonra araya məlum hadisələr girdi və “Xural” da, “Ana” layihəsi də müvəqqəti olaraq dayandı. Həbsxanadan sonra bu layihəni yenidən həyata qaytarmaq istəyirdim. Anaları danışdırmaq, onların cəmiyyətin müxtəlif hadisələrinə münasibətlərini öyrənmək mənim üşün çox maraqlı idi. Bunun üçün Qənimət Zahidin və Mirzə Sakitin Analarını – Xədicə Ananı ziyarət etmək keçirdi könlümdən. Bilirdim, Xədicə Ananın indi dərd küpü olduğunu.

Amma belə tezliklə inanmırdım layihənin baş tutacağına. Mən payız düşünürdüm. Lakin Gəncəyə növbəti səfərlərimizin birində, Şamaxı yolu ilə hərəkət edərkən və Meysəri kəndinin yanından keçərkən, birdən, qəfildən Meysəriyə döndüm. Xədicə Ana ilə görüşüb çayını içmək istədim. Açığı, heç müsahibə götürmək niyyətim də yox idi. Mən evdə olub-olmayacağını, ya da kimin olub-olmayacağını bilmirdim axı. Dedim, vaxtı müəyyənləşdirim, sonrakı bir vaxta təyin edim, sonra müsahibəni edərik. Həm də Xədicə Ananın hazırlaşmasını istəyirdim. “Sən saydığını say…” deyib atalar.

Kəndə girəndə yolu qarışdırdım. Mən bu kəndə çox qonaq gəlmişəm. Qənimət Zahidlə çox maraqlı günlərimiz olub buralarda. Amma yolu dəyişik saldım və… soruşdum. Adamların bir az da narahat halda Qənimətin ata evini göstərdiyini müşahidə etsəm də, normal yanaşdım. Yalnız bir az sonra öyrənib biləcəkdim ki, Qənimətin Ata evinə gəlmək də, burada olmaq da əməlli-başlı risk daşıyırmış. Kəndin səlahiyyətli qurum və adamları ya adamlar gələndən, ya da ziyarət edib gedəndən sonra narahatçılıq verirlərmiş. Elə dedilər bizə…

Xədicə Ana evdə idi. İndi ona nəvəsi Səlim baxır. Hər zamankı ev, hər zamankı həyət-baca. İlk əvvəl məni tanımadı Xədicə Ana. Təbii ki, illər keçmiş, zaman ötmüşdü. Ancaq Səlim dərhal tanımış, Qənimətlə əlaqə saxlamış, mənim gəldiyimi demişdi. Bu sistemi xoşuma gəldi Qənimətin. Hiss elədim ki, Səlim hər zaman elə edir. Evə adam gələn kimi o haqda Qənimətlə danışır və işini də ona görə tutur.

Xədicə Ana ilə gözlənilmədən və planlaşdırmadan maraqlı bir söhbətimiz alındı. Gedişatı görüb kameranı birləşdirdim və duzlu-mənalı söhbətlərlə təxminən 35 dəqiqə danışdıq. Bəzi xırda məqamları ixtisar etdim və buna məcbur oldum, amma qalan bütün danışıqlarımızı beləcə də Oxucu-tamaşaçılarımızın diqqətinə təqdim etməyə qərar verdim. O qədər səmimi, o qədər yerli-yataqlı, o qədər gözəl danışır ki, Xədicə Ana.

Bütün balalarını çox istəyir, amma Qənimət onun üçün bir başqadır. Dönür-dolanır, Qənimətin haqqında danışır. Hətta bəzən ondan soruşdum da, “Qənimət əsəbiləşər” deyə, “yox, Qənimət mənim dediklərimə əsəbiləşməz” dedi. Zatən Anaların gözəlliyi də onların səmimiliyindədir. Xədicə Ana ilə də elə səmimi və gözəl bir söhbətimiz alındı.

Xədicə Ananın ictimai-siyasi proseslərə də maraqlı yanaşması var. O, ölkənin rəhbəri ilə görüşmək istəyir və ona sözlərinin olduğunu deyir. Mən çalışdım ki, Xədicə Ana İlham Əliyevə olan bütün sözlərini desin, amma hiss elədim ki, hamısını demədi. Və mənim üçün o qədər maraqlıdır ki, cənab İlham Əliyevin Xədicə Ana ilə görüşü. İlham Əliyevin yerinə mən olsam, qəbul edərdim və bu Ana ilə söhbət edərdim…

“Mənim Anam” layihəsində Qənimət Zahidin Anası Xədicə Anadır. Biz bu müsahibədə çox maraqlı məqamlardan bəhs etmişik. Allah Xədicə Ananı bütün arzularına çatdırsın. Onun son istədiyi arzuları var – hətta vəsiyyət belə edib. Qoy ölkəmiz belə Anaların narahatçılıqlarını atdığı və oğulları ilə bir yerdə yaşadığı bir dövlətə çevrilsin. Göz yaşlarının bəslədiyi xarabalıqlara yox…

 Əvəz Zeynallı

Azinforum.az xural.com-a istinadən həmin müsahibəni təqdim edir.

DSC01146

DSC01163

DSC01158

DSC01140 DSC01113 DSC01107 DSC01106DSC01098 DSC01095 DSC01090 DSC01089DSC01084 DSC01082 DSC01079 DSC01076

 

Həmçinin oxuyun

Prezidentin köməkçisindən Keşikçidağ – Açıqlaması

“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi …

Bir cavab yazın