Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / Qəlyan qadağan edildi: bəs yasağa əməl edilirmi? – REPORTAJ

Qəlyan qadağan edildi: bəs yasağa əməl edilirmi? – REPORTAJ

Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayaraq bildirib ki, Koronavirus (COVİD – 19) infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə qadağan edilir.

Eyni zamanda, mütəxəssislərlə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlarımıza müvəqqəti olaraq adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmaq tövsiyə edilib.

Yada salaq ki, Azərbaycanda hələ qanunla 2017-ci ildə qapalı məkanlarda qəlyan, tütün məmulatlarının istifadəsi ilə bağlı qadağa tətbiq edilib. Belə ki, Milli Məclisin 2017-ci il dekabrın 1-də  keçirilən iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Bildirilib ki, ikinci oxunuşdan fərqli olaraq, qanun layihəsinin 1-ci və 10-cu maddələrinə edilən əlavəyə görə, tütün məmulatlarından (siqaret) sulu qəlyan və elektron siqaretdən istifadəyə, eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək.

Lakin buna baxmayaraq, qapalı məkanlarda qəlyan çəkilməsi davam edirdi. Bu qanun layihəsi ətrafında xeyli müzakirələr edildi, jurnalistlər reportajlar hazırladılar, cərimələr tətbiq olundu, lakin nəticə uğurlu olmadı.

Bəs hazırda durum necədir? Restoranlar qadağaya məhəl qoyurmu?

“Yeni Müsavat”ın əməkdaşı olaraq bir sıra kafe-restoranlarda olub, ümumi vəziyyətlə maraqlandıq. İlk olaraq elə paytaxtın mərkəzinə – Nizami küçəsində olan kafelərə yol aldıq. Daxil olduğumuz kafelərin heç birində qəlyan çəkildiyinin şahidi olmadıq. Ümumiyyətlə, kafelərin əksəriyyətində 1 nəfər də olsun müştəri yox idi. Mərkəzdəki bəzi kafelərin 10-20 faiz endirimlə bağlı lövhələr vurduğunun da şahidi olduq.

Məşhur kafelərdən birinin idarəçisi Ruslan  Ağayev bildirdi ki, son zamanlar müştəri ilə bağlı ciddi problem yaşayırlar: “Qəlyan qadağasından xəbərimiz var. Ancaq o qəlyanı çəkəcək müştərimiz yoxdur. Koronavirusla bağlı xəbərlər yeni yayılan zaman müştəri qıtlığı hiss etmirdik. Lakin son 10 gün ərzində vəziyyət ciddi şəkildə pisləşib. Bir çox kafeləri işlədənlər artıq bu ayın sonunda icarə pulunu necə verəcəklərini düşünürlər. Çünki turist yoxdur, yerli camaat da şəhərə çıxmır”.

Kafe sahibləri bildirdilər ki, mərkəzdə qəlyan çəkənlərin əksəriyyəti iranlı turistlər və ərəblər olub: “Hər ilin Novruz bayramı öncəsi Bakıya xeyli sayda iranlı turist gəlirdi. Onların əksəriyyəti qəlyanı sevirlər. Ona görə də kafelərin qarşısında, açıq havada qəlyan üçün xüsusi yer düzəltmişdik. 2017-ci ildən sonra bizə tapşırıldı ki, qəlyan, siqaret üçün xüsusi yer düzəldək. O zamandan etibarən içəridə şəraiti olan kafelər ventilyasiya sistemi quraşdırılıb, tütün məmulatları üçün otaqlar ayırdılar. Buna imkanı olmayanlar isə kafenin önündə qəlyan üçün yer düzəltdilər. Axşam saatlarında belə həmin məkanlarda müştəri qıtlığı yaşanır. Halbuki ötən ilin payızında camaat bu yerlərdə oturmaq üçün bir gün öncədən zəng edib, yer rezerv edirdilər”, – deyə söhbət etdiyimiz kafe sahibi Əziz Əzizov bildirdi.

Bakının mərkəzi küçələrində gəzdiyimiz zaman, demək olar ki, turistə rast gəlmədik. Yalnız bir neçə turist gördük ki, onlar da kafelərdə deyil, İçərişəhərin qala divarları arasında gəzirdilər.

Nizami küçəsində binaların altında bir neçə kafe fəaliyyət göstərir. Xüsusilə də ərəblərin Bakıya turist kimi axınından sonra bu məkanlarda bir növ “ərəbləşmə” siyasəti aparılırdı. Hətta ərəb musiqiləri səsləndirilir, menyuda ərəb dilində bölmə yaradılır və nəhayət, qəlyan da təşkil olunurdu. Həmin məkanlarda da hazırda sakitlikdir. Nə müştəri var, nə də qəlyan…

Lakin bəzi kafelərin qarşısında qəlyan qoyulduğunu müşahidə etdik. Onların sahibləri söylədilər ki, son zamanlar qəlyan çəkməyə gələn yoxdur. Olarsa, qoyulan qadağanı nəzərə alacaqlar. Ümumiyyətlə, mərkəzdəki mağazaların, kafelərin satıcıları, ofisiantları obyektin qapısının ağzında dayanıb, küçəni seyr edirdilər. Nə mağazalarda, nə də kafelərdə toplu halda müştəri görmədik.

Mərkəzdən kənar yerlərdə isə vəziyyət fərqlidir. Belə ki, mərkəzdən kənar kafelərdə daxil olan kimi qəlyanın qoxusu dərhal hiss edilir. Bir çox kafelərdə qapalı məkan olsa da, o qədər qəlyan çəkilir ki, tüstü-dumanı açıq-aşkar hiss edilir. Həmin kafelərdə olduğumuz zaman müşahidə etdik ki, idarəçilər qadağadan bixəbərdirlər. Bildirdilər ki, qəlyanı camaat tələb edir, onlar da xidmət göstərirlər. Lakin onlar da etiraf etdilər ki, müştərilərinin sayında ciddi azalma var.

Qəlyan satılan mağazalarda da olduq. Mağaza işlədənlər söylədilər ki, qəlyanın özü deyil, hazırlanması zamanı istifadə edilən məmulatların satışında bir qədər azalma hiss edilir. Bildirdilər ki, bəzi kafelər hər gün aldıqları məmulatı indi həftədə 2, bəzən isə 1 dəfə alırlar…

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …