Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Aktual / ““Puldan əl çəkib işə başlayın” deyirlər” – “Eurohome”dan video

““Puldan əl çəkib işə başlayın” deyirlər” – “Eurohome”dan video

“Eurohome” tikinti materialları bazarında 2019-cu ilin dekabrında baş verən birinci yanğından sonra külli miqdarda zərərə düşən sahibkarlar hələ də kompensasiya ala bilməyiblər. Onlara təzminat əvəzinə bazarda 1 ilə qədər icarə haqqı ödəmədən obyektlər işlətmək təklif olunur. Lakin yanğından yarım milyon manata yaxın zərərlə çıxan sahibkarlara bu təklif əlverişli deyil.

Bu şikayətlə “Qafqazinfo”ya bir qrup sahibkar müraciət edib. 

İstilik sistemlərinin satışı ilə məşğul olan Zamiq Əhmədovun sözlərinə görə, ona 426 min manatlıq ziyan dəyib. Deyir ki, hadisədən 9 ay vaxt keçsə də, heç kim onların vəziyyəti ilə maraqlanmır: “Nə qədər şikayət etsək də, heç kim araşdırmır. Çağırıb soruşan yoxdur ki, vəziyyətiniz necədir, uşaqlarınızın yeməyi varmı? Hər şeyimiz yanıb, evim bankda girovdadır, pul ödəyə bilmirəm. Bazar rəhbərliyi ancaq icarə haqqı yığmaqla məşğul idi. Həm də müqavilədə hər kvadrat metrə görə 8 manat icarə haqqı yazılsa da, bizdən kvadrat metrə 25 manat pul alırdılar. Bazarın rəhbəri Azay Möhnətov yanğın olan zaman dedi ki, məsələni yoluna qoyacaq, amma indi də deyir ki, kompensasiya ödəmirəm”.

Digər sahibkar Sənan Məhərrəmova isə 324 min manatlıq ziyan dəyib. Onun sözlərinə görə, bazarda çalışan sahibkarlara bazar rəhbərliyi tərəfindən razılaşma üçün sənəd təklif olunub: “Sənəddə qeyd olunur ki, guya bizim bazar rəhbərliyindən şikayətimiz yoxdur. Təklif olunur ki, puldan əl çəkin, gəlin işə başlayın. Müvəqqəti olaraq, 6 ay – 1 il müddətinə icarə haqqı verməkdən azad olunuruq. İşçilərin təxminən 70-80 faizi bununla razılaşıb. Onların əksəriyyəti az ziyan dəymiş “vitrin sahibkarları”dır. Belə ki, onlar bizdən və digər sahibkarlardan nisyə mal götürüb vitrinlərə düzürlər. Onlara 10-15 min manat, ən çox halda 20 min manat ziyan dəyib. Bir il icarə pulu ödəməsələr, bu, onları qane edir. Mənim isə 324 min  manatlıq malım yanıb, istilik sistemlərinin satışı ilə məşğul olurdum. Mənə nəinki 6 ay heç 10 il də icarə haqqı alınmasa, sərf eləmir. Boş dükanı götürüb ora nə mal vuraq? Hansı pulla mal vuraq? Bizim istəyimiz, tələbimiz odur ki, işimizə baxılsın. Bizim vəziyyətimizdə olan 15 nəfərə yaxın sahibkar var.” 

2013-cü ildən bazarda fəaliyyət göstərən digər bir sahibkar Ramin Gülməmmədov isə deyib ki, hazırda bütün satış materialları yandığından mağaza işlətməyə imkanı yoxdur: “Bizə deyirlər ki, obyektlər var, götürün, təmir edin icarə haqqı vermədən işlədin. Elə təmirə azı 10-15 min manat pul lazımdır. Bizə təzyiq edirlər, deyirlər, hər yerdə işimizi razılaşdırmışıq, kimə şikayət edirsinizsə edin. Biz nə deyirik odur, istəmirsiz, işləməyin. Bazar sahibinin köməkçisi Yalçın müəllimlə görüşmüşük, o da deyir pul yoxdur. Sizə vaxt verə bilərik ki, bu müddətdə icarə haqqı verməyəsiz. Şəxsən mənə 52 min 500 manat  ziyan dəyib. Tikinti materialları satışı ilə məşğul olurdum. Pulumuzu versinlər, başqa heç nə istəmirəm”.

Sahibkarlar həmçinin bildiriblər ki, ticarət mərkəzi əslində Prokurorluğun rəsmi göstərişi əsasında bağlı olsa da, faktiki olaraq, fəaliyyət göstərir. Bazardakı mağazalar açılıb, alver gedir. 

Ticarət mərkəzində çəkiliş aparmaq istəsək də, bazar rəhbərliyinin kəskin etirazı ilə rastlaşdıq. Sahibkarların şikayəti ilə bağlı yalnız bazar sahibi Azay Möhnətovun köməkçisi və qohumu Yalçın Möhnətovla telefonla əlaqə saxlaya bildik. O isə “Qafqazinfo”ya bildirdi ki, heç bir problem olmayacaq və ziyan çəkən sahibkarlar sığorta ödənişini alandan sonra təzminat ala biləcəklər: “Hazırda “Eurohome” fəaliyyət göstərir. İndi bazara sahibkarları yerləşdiririk. Artıq 99 faizini də yerləşdirmişik. Onlarla danışıqlar aparırıq. Kimin nə şikayəti, sözü varsa, bazar rəhbərliyinə müraciət etsin. Biz onları dinləyirik, qəbul edirik və problemlərini də həll edirik. Mənim telefonumu da bilirlər, onları qəbul etməyə hazıram.

Hələ sığortanı ala bilmədiyimizə görə kompensasiya ödəyə bilməmişik. Hazırda istintaq prosesi yekunlaşmayıb. Kompensasiya isə əlbəttə ödənəcək, amma sığorta ödənişi alınandan sonra”.

Məlumat üçün qeyd edək ki, “Eurohome” ticarət mərkəzi ilk dəfə ötən il dekabrın 10-da qəfildən yanıb. Yanğın ümumilikdə 21000 kv. m sahəni əhatə edib və 144 sahibkara ziyan dəyib. 

Həmçinin oxuyun

Ramiz Zeynalovun qardaşı hakim qarşısında

Generalın baş həkim olan qardaşı cavabdeh qismində məhkəmə qarşısına çıxarılacaq. Unikal.org xəbər verir ki, Məmmədov Sərxan …