Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Pul kəsənlər və Avropa Oyunları

Pul kəsənlər və Avropa Oyunları

“Qabaqlayıcı əməliyyat tədbirlərinin keçirilməsi və profilaktik proseslər bunun qarşısının alınması üçün zəruridir”

Arzu Nağıyev: “Bu məsələ təxribat hesab edilə bilər, lakin yoxlama xarakteri də daşıyar”

Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib; külli miqdarda saxta əskinas dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə etdiyi əməliyyat məlumatı əsasında Kamerunda anadan olmuş Belçika vətəndaşları Maput Martial və Hongla Samuel 10 min saxta ABŞ dollarını 5 min ABŞ dollarına satarkən saxlanıb.
Onların Xırdalan şəhərində kirayə yaşadıqları evdən əlavə 10 min saxta ABŞ dolları, bir ədəd rəngli printer və müxtəlif kimyəvi maddələr aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı Belçika vətəndaşlarının, Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından əvvəl çoxsaylı turistlərin gələcəyini və xarici valyutanın daha çox istifadə olunacağını nəzərə alaraq, saxta ABŞ dolları hazırlayıb dövriyyəyə buraxaraq külli miqdarda gəlir əldə etmək niyyətində olduqları müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb.
Bu fakt bir daha sübut edir ki, Azərbaycanın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarını hədəf seçənlər heç də az deyil.
Bu hadisə Azərbaycana qarşı düşmən münasibət bəsləyən dünya mərkəzlərinin silsilə təxribat əməllərinin tərkib hissəsi ola bilərmi? Bu kontekstdə başqa hansı hadisələrin olacağını proqnozlaşdırmaq olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə açıqlamasında bildirdi ki, həbs edilən şəxslər Belçika vətəndaşları olsa da, əslən Kamerundandırlar: “Saxta əskinas hazırlama və satma isə, demək olar ki, onların həmvətənlərinin qara bizneslərindən biridir. Bundan əvvəl də, Afrika əsilli vətəndaşların belə əməllə görə həbsi həyata keçirilib. İstər Azərbaycanda, istıərsə də digər MDB dövlətlərində bu saxtakarlıqlar baş verir və mütəmadi olaraq həbslər olur.
Avropa Oyunları ilə bağlı məsələlərə gəldikdə isə, əcnəbilər nağd pulla mübadilə etmir, əsasən post-terminallar vasitəsilə alış-veriş edirlər. Yəni bu saxtakarlıqlar sırf nağd hesablamanın daha çox aparıldığı məkanlara və daha dəqiq desək yerli əhaliyə hesablanıb və nəzərdə tutulub. Bundan başqa, kustar üsulla hazırlanmış bu əskinasların aşkarlanması xarici vətəndaşlar üçün daha asandır və bunun üçün mobil texniki vasitələrə də malikdirlər. Bir sözlə, bu məsələ cinayət olsa da əsasən öz vətəndaşlarımız üçün nəzərdə tutulub. Bilərəkdən iki dəfə aşağı qiymətə saxta əskinas alan şəxslərin özü də təxribatçı və cinayətkardır.
Bu məsələ təxribat hesab edilə bilər, lakin yoxlama xarakteri də daşıyar. Bundan başqa yəqin ki, saxta biletlər, vizalar da belə cinayətlərdən olacaq. Bunun üçün əsasən Oyunlar vaxtı xidmət göstərən nəqliyyat vasitələrinin sürücüləri, mehmanxana və digər yaşayış ərazilərindəki xidmətçi personaldan da istifadə edilə bilər. Bir sözlə, qabaqlayıcı əməliyyat tədbirlərinin keçirilməsi və profilaktik proseslər bunun qarşısının alınması üçün zəruridir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın