Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Prokuror 5 il iş istəsə də, hakim şərti azadlığa buraxdı”

“Prokuror 5 il iş istəsə də, hakim şərti azadlığa buraxdı”

Ötən il aprelin 6-da Xırdalan şəhərində 32 yaşlı Faiq Həsənovu maşınla vuraraq öldürməkdə təqsirləndirilən Müşfiq Həsənova məhkəmə həbs etməməklə yüngül cəza (ölkədən çıxmamaq şərtilə azadlığın məhdudlaşdırılması) verib. Mərhumun ailəsi isə şərti cəza ilə azadlığa buraxılma qərarından narazıdır.

F.Həsənovun bacısı Şahnaz Həsənova “Qafqazinfo”ya müraciətində iddia edib ki, iş hələ istintaqda olarkən belə qanunsuzluqlar edilib, M.Həsənovun cəzasını yüngülləşdirən addımlar atılıb: “Qəzadan dərhal sonra həm Baş Prokurorluq, həm də DİN sürücünün hadisə yerindən qaçdığı barədə məlumat yaydı. Lakin işin istintaqı dövründə Abşeron rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmov sürücü M.Həsənova verilmiş hadisə yerindən qaçma – Cinayət Məcəlləsinin 264-cü maddəsini onun üzərindən götürdü və yalnız 263.2-ci maddəylə işi məhkəməyə göndərdi. 

Məhkəmə dövründə Baş Prokurorluğun işə qarışmasından sonra iş təkrar istintaqa qaytarıldı və Müşfiq Həsənov yenidən hadisə yerindən qaçmağa görə ittiham edildi. Məhz Baş Prokuror Zakir Qaralovun tapşırığından sonra dövlət ittihamçısı vəsatət verərək polis müstəntiqinin istintaq dövründə yol verdiyi pozuntuları aşkara çıxardı və işə xitam verilməsi, təqsirləndirilən şəxsə yenidən Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə ittiham əlavə edilməsini tələb etdi. Beləliklə, iş yenidən istintaqa qaytarılıb və təkrar istintaq zamanı 264-cü maddə bərpa edilib. Bu mərhələdə Baş Prokurorluğun hüququn aliliyini qorumaq üçün göstərdiyi səylər alqışalayiqdir”.

Şikayətçi düşünür ki, istintaqda hər şey qaydasına düşsə də, məhkəmə yenidən ədalətsiz qərar çıxarıb: “Baş Prokurorluğun xüsusi həssalığına baxmayaraq, sonda baş tutan məhkəmə iclasında Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova hansısa maraqları xatirinə təqsirləndirilən şəxsə minimum cəza verib. Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə ittiham elan edərək, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb etdi. Lakin hakim Şövkət Nəcəfova dövlət ittihamçısının istədiyi cəzadan dəfələrlə yüngül, hətta təqsirləndirilən şəxsi azadlığa buraxmağa bərabər olacaq hökm çıxardı. O, təqsirləndirilən Müşfiq Həsənovun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəmi 4 il azadlıqdan məhrum edilməsinə qərar verib. Bu faktiki həmin adamın azadlığa buraxılması deməkdir. Heç Baş Nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi ölümlə nəticələnən yol qəzası törətdikdə hakim onu azadlığa buraxmamışdı. İndiki halda 264-cü maddə ilə təqsirli bilinən şəxsin azadlığa buraxılması müəmmalıdır”. 

Mərhumun bacısı Şahnaz Həsənova hakim Şövkət Nəcəfovanın bu qərarının Məhkəmə Hüquq Şurası tərəfindən araşdırılacağına ümid etdiyini bildirib: “Eyni zamanda Baş Prokuror Zakir Qaralovun müdaxiləsini təkrar rica edirəm. Çünki Baş Prokurorluq protest verərsə, məhkəmə ədalətli qərar verə bilər. Rəsmi hüquqi varis olan qardaşımın həyat yoldaşı səhhəti ilə bağlı proseslərə müdaxilə edə bilmədiyi üçün bu məslədə ədalətin bərqərar olması sadəcə Baş Prokurorluğun müdaxiləsi ilə mümkündür”.

Qanunvericiliyə əsasən və Ali Məhkəmənin qərarında yerli məhkəmələrə verdiyi tövsiyədə qeyd edilib ki, əgər bir cinayət qəsdən törədilibsə, bu zaman təqsirləndirilən şəxsə məntəqə tipli cəza verilə bilməz. Sözügedən hadisədə piyada vurulması qəsdən törədilməsə belə, hadisə yerindən qaçma faktı qəsdən törədilmiş cinayətdir.

Həmçinin oxuyun

Azərbaycan Ermənistana qarşı iddialar qaldıra bilər – RƏSMİ AÇIQLAMA

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayət beynəlxalq hüquqi məsuliyyətini yaradır. Beynəlxalq hüquqi məsuliyyət cəhətdən …