Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Prezidentin yeni yaratdığı agentlik bu işləri görəcək

Prezidentin yeni yaratdığı agentlik bu işləri görəcək

“Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək”. 

Bu barədə “Qafqazinfo”ya məlumatı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin rəhbəri Vüqar Hüseynov verib. O bildirib ki, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman prezident İlham Əliyevin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir. Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir: 

“Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir. Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq”. 
 
Aqrar Xidmətlər Agentliyi aşağıdakı işləri həyata keçirəcək:

a) baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti;

b) kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini;

c) aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti

Nazirlik rəsmisi əlavə edib ki, islahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq.

“Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək. 

Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq. İmzalanan Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib”. 

Xatırladaq ki, fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 4 qurumun – Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …