Ana səhifə / Aktual / Prezidentin rayonların yeni bölgüsü fərmanı ardıyca nəyi gətirə bilər? – ŞƏRH

Prezidentin rayonların yeni bölgüsü fərmanı ardıyca nəyi gətirə bilər? – ŞƏRH

“Şərqi Zəngəzur iqtisadi rayonunun elanı həm siyasi, həm də psixoloji və tarixi olaraq maraqlı gedişdir, Qarabağ rayonunun elanı isə bölgənin vahid inkişaf planının yaradılması üçün doğru yanaşmadır”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanı şərh edərkən deyib. Ekspert bildirib ki, İlham Əliyev yeni sənəd – “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb və fərmana görə, ölkə 14 iqtisadi rayona bölünür, burada üç önəmli məqam var: 
1. Bakı ayrıca bir iqtisadi rayon kimi Abşeronun tərkibində deyil; 
2. Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı; 
3. Qarabağ iqtisadi rayonu elan edildi”.
Bakının ayrıca iqtisadi rayon kimi elan edilməsi, gələcəkdə Böyük Şəhər Bələdiyyəsinin yaradılması və Mer seçkisi ilə tamamlanacaq. 

Natiq Cəfərli onu da əlavə edib ki, növbəti addım kimi iqtisadi rayonların inzibati regionlara çevrilməsi çox önəmlidir:
“Yoxsa bütün yaxşı təşəbbüslər kimi bu addım da ölkənin inkişafına ciddi mane olan bürokratik və çevik olmayan sistemin içində “boğulacaq”. Hökumətin əlinə unikal şans keçib ki, ölkənin normal relsə salsın, bunun üçün ilk addım Yeni Konstitutsiya olmalıdır. Ərazi bölgüsü, idarəetmə istitutları, proporsional seçki sistemi ilə bağlı yeni müddəalar qəbul edib normal, işlək sistem qura bilsək, Azərbaycanın çox parlaq gələcəyi olacaq, bu fürsəti qaçırsaq, gələcək nəsillər bizi xoş olmayan sözlərlə anacaqlar”.
Milli Məclisin deputatı Vüqar Bayramov da Qaynarinfo-ya deyib ki, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü Azərbaycan iqtisadiyyatının inkişafı, eyni zamanda sistemli şəkildə iqtisadiyyatın idarəedilməsi baxımından çox vacibdir:
“Nəzərə alsaq ki, iqtisadi rayonlar çoğrafi baxımdan fərqlənməklə yanaşı, eyni zamanda iqtisadi potensialına uyğun olaraq qiymətləndirmənin aparılmasına imkan verir. Biz iqtisadi rayonlara artıq həmin rayonun iqtisadi potensialına uyğun olaraq yanaşmanın həyata keçirilməsini müşahidə edirik. Bu baxımdan yeni təsnifat artıq Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi zəfərdən sonra formalaşmış yeni düzənə, yeni reallıqlara uyğun olaraq həyata keçirilir. Bu konteksdən iqtisadi rayonun yeni təsnifatı Azərbaycan iqtisadiyyatının inkişafı baxımından, eləcə də rayonlarımızın iqtisadi potensialının genişləndirməsi baxımından vacibdir. Eyni zamanda nəzərə alsaq ki, artıq biz iqtisadi rayonların sırasında yeni adda – Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonların adlarının daxil edilməsini müşahidə etdik. Bu, həm strateji, həm iqtisadi, həm də tarixi baxımdan kifayət qədər vacib bir qərar, əhəmiyyətli addımdır. Nəticə etibarı ilə nəzərə alsaq ki, əvvəlki təsnifatda Yuxarı Qarabağ, Kəlbəcər və Laçın iqtisadi rayonları vardı. Amma yeni təsnifatda Qarabağ bölgəsində yerləşən rayonlar, Qarabağ iqtisadi rayonunda təmsil olunacaq.  

Şərqi Zəngəzur həmin bölgənin iqtisadi potensialının istifadə edilməsi və genişləndirilməsi baxımından vacibdir. Qarabağ iqtisadi rayonunun həm sənaye, həm turizm, həm də aqrar sektorda böyük potensialı var. Şərqi Zəngəzur da həm aqrar sahədə, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük potensiala malik iqtisadi rayondur. İşğaldan azad olunmuş bölgələrimizin bərpa və yenidən qurulmasını nəzərə alsaq, nəticədə işğaldan azad olunmuş ərazilərimizin, bütövlükdə Qarabağın bərpa, yenidənqurma prosesinin daha sürətli şəkildə həyata keçirilməsi, eyni zamanda iqtisadi inkişafın formalaşmasına daha sistemli və dövlət proqramları çərçivəsində yanaşmanın həyata keçirilməsinə imkan verəcək”. 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …