Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır – TƏHLİL

Prezidentin Paris səfəri: Yeni mərhələ başlayır – TƏHLİL

Prezident İlham Əliyev fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə 19-20 iyul tarixlərində Parisdə səfərdə olub. Ölkə başçısı səfər zamanı Fransanın 11 şirkətinin nümayəndələri ilə əhəmiyyətli görüşlər keçirib. Bundan əlavə Azərbaycan və Fransa prezidentlərinin görüşü baş tutub.
Danışıqlarda ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezidentin Fransaya səfərini AzVision.az-a şərh edən millət vəkili Hikmət Babaoğlu bunun önəmli hadisə olduğunu deyib. Onun sözlərinə görə, səfər bir neçə səciyyəvi aspekti ilə Azərbaycan üçün önəmlidir:

“Əgər bunları sıralamağa çalışsaq, yəqin ki, hər şeydən əvvəl səfərin siyasi tərəfləri önə çıxar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün gələcəkdə yaxşı zəmin yarada bilməsi ilə qiymətləndirilər. Çünki Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və işğalçı Ermənistanla tarixən formalaşmış münasibətləri var. Bu isə həm də onun Ermənistana təsiretmə imkanlarının olması deməkdir. Ona görə də Fransa ilə strateji münasibətlərimizin dərinliyi bu ölkənin bizim daha yaxın müttəfiqimiz olması anlamına gəlir. Azərbaycan bu həssas istiqamətdə daim xüsusi siyasi–diplomatik iş aparır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Fransaya səfəri işğalçı Ermənistanın da mətbuatının diqqət mərkəzində oldu və hətta bəzi KİV-lər Fransanın Ermənistanı satması ilə bağlı müəyyən xəbərlər belə yaydılar”.

Azərbaycan öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir

H.Babaoğlu qeyd edib ki, ikinci mühüm məsələ iki ölkə arasında münasibətlərin qarşılıqlı maraqlar aspektindən qiymətləndirilməsidir: “Fransa Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir və bu münasibətlərin potensialı olduqca çoxşaxəlidir. Nəzərə almaq lazımdır ki, Fransa öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərinin “böyük yeddiliyi”nə daxildir. Fransa dünyanın 5-ci iqtisadi gücüdür. O, dünya ÜDM-in 5 faizini və dünya ticarətinin 6 faizini formalaşdırır. Avropada ümumi iqtisadi göstəricilərinə görə isə Almaniyadan sonra ikinci yerdə durur. Bütün bunlar kifayət qədər cəlbedicidir və Azərbaycan kimi dinamik və inkişaf edən iqtisadiyyata sahib olan bir ölkənin diqqətini cəlb etməyə bilməz”.

Millət vəkili daha sonra səfərin iqtisadi əhəmiyyətindən söz açıb: “Əgər buraya Fransa iqtisadiyyatının ən modern texnologiyalar əsasında formalaşması amilini də əlavə etsək, o zaman iqtisadiyyatımızın inkişafı üçün bu ölkənin potensialından nə qədər faydalana biləcəyimizi açıq görə bilərik. Azərbaycan da öz inkişaf potensialına və enerji resurslarına görə Fransa üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə münbit sərmayə mühiti var, beynəlxalq iqtisadi təşkilatların hesabatlarında iqtisadiyyatımız üçün optimist proqnozlar verilir ki, bu da Azərbaycanı Fransa şirkətləri üçün cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə Fransanın aparıcı şirkətləri çox böyük maraq göstərdilər. Prezident İlham Əliyev Fransada dostcasına qarşılandı və xüsusi diqqətlə əhatə olundu. Səfər zamanı Azərbaycan Prezidenti Fransa Prezidenti Emmanuel Makron, Fransa senatının sədri Jerar Larşe, Milli Assambleyanın sədri Fransua de Rüji, eləcə də Fransa iqtisadiyyatında aparıcı rol oynayan şirkət rəhbərləri ilə yüksək səviyyəli görüşlər keçirdi. Azərbaycan Prezidentinin səfərinə göstərilən yüksək diqqət ölkə rəhbərinin simasında dövlətimizə yüksək etimadın bariz nümunəsi kimi qiymətləndirilməlidir. Dövlət başçısının fransalı həmkarı ilə şəxsi münasibətlərinin yaxınlaşması baxımından da bu səfər əhəmiyyətli oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, səfər zamanı 2,3 milyard dollarlıq anlaşmalar imzalandı və bu anlaşmalar ölkəmizə olduqca böyük iqtisadi dividendlər qazandıracaq”.

Fransanın Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan ölkələrdən biri olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, rəsmi Parisin Avropa İttifaqı çərçivəsində söz sahibi olması amili nəzərə alınsa, bu ölkə ilə münasibətlərin bizim üçün nə dərəcədə əhəmiyyətli olmasını görə bilərik: “Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri haqqında sənədi paraflayıb və İttifaq üzvü olan dövlətlərlə yeni keyfiyyətdə münasibətlərə başlayacaq. Bu sənəddə önə çıxan ən əsas məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin üzv ölkələr tərəfindən tanınması məsələsidir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri ölkəmizin milli maraqları və təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli bir səfər kimi qiymətləndirilməlidir”.

Millət vəkili Elman Nəsirov isə hesab edir ki, prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında ikitərəfli münasibətlərin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirir. Onun sözlərinə görə, həm siyasi dialoqun, həm ticari-iqtisadi münasibətlərin inkişafı, həm də humanitar sahədə əlaqələrin bundan sonrakı dinamikası üçün bu səfərin böyük əhəmiyyəti var.

“Hər səfərə qiymət verərkən, ilk növbədə, müzakirə olunan məsələlər, əldə edilmiş razılaşmalar diqqəti cəlb edir. Məsələyə bu kontekstdə yanaşdıqda Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri zamanı 11 nəhəng şirkətin rəhbərlikləri ilə keçirilən görüşlər diqqəti cəlb edir. Xüsusilə də “Ümid-Babək” yatağı ilə bağlı Fransanın nəhəng “Total” şirkəti ilə aparılan danışıqlar bu baxımdan olduqca əhəmiyyətlidir. Nəzərə alsaq ki, hələ 1993-cü ildə ulu öndər Heydər Əliyev Fransaya ilk rəsmi səfəri zamanı “Total” və “Elf–Aquitaine” şirkətlərinin Azərbaycan neftinin istismarına cəlb edilməsi prosesinə nail olmuşdu. Prezident İlham Əliyev də həmin siyasətə sadiq qalaraq Fransa ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə xüsusi əhəmiyyət verir. Bu nöqteyi-nəzərdən aparılan danışıqlar böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. Bundan başqa, Fransanın “Rothschild and Co” şirkəti ilə danışıqlar xüsusi qeyd edilməlidir. Bu şirkətin hələ XIX əsrdə Azərbaycanın enerji sənayesində çox fəal iştirakı olub və həmin ənənənin XXI əsrdə də davam etməsinin şahidiyik. Eyni zamanda, Fransanın nəqliyyat, kosmik və digər sahələrlə bağlı şirkətləri ilə də çox mühüm danışıqlar aparıldı. Söhbət 11 böyük şirkətlə aparılan və dəyəri 2 milyard dollardan çox ölçülən müqavilələrdən gedir. Bunlar olduqca əhəmiyyətli məsələlərdir”.

Deputatın fikrincə, səfər çərçivəsində Azərbaycan Prezidentinin Fransa Senatının və Milli Assambleyasının sədləri ilə görüşləri növbəti dəfə göstərdi ki, bizim əlaqələrimiz həm də parlamentlərarası əməkdaşlıq sahəsində kifayət qədər ciddi əsaslara malikdir. Parlament sahəsində münasibətlərimizin möhkəm bünövrəsi, yaxşı perspektivləri var. Birinci vitse-prezident Mehriban Əliyevanın hələ Milli Məclisin deputatı olarkən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupuna rəhbərlik etməsinin uğurlu nəticələri olub. Məhz Mehriban xanım Əliyevanın sayəsində parlamentlərarası əməkdaşlığı yeni mərhələyə daxil olub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …