Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Aktual / Prezidentin Avropa ilə sərt ritorikasına cəmiyyətdən dəstəklər gəldi

Prezidentin Avropa ilə sərt ritorikasına cəmiyyətdən dəstəklər gəldi

Hətta mövcud əlaqələrə yenidən baxmaq tələbləri də səslənməyə başlayıb

«Cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət Prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir»

«Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlarla əlaqələrinə yenidən baxmalıdır»

Azərbaycanın Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin son iclasında ölkə başçısı bir sıra məqamlar, xüsusilə də xarici siyasət kursu ilə bağlı sərt çıxış edib. Prezident Avropa ölkələri ilə bağlı bir sıra tənqidi fikirlər səsləndirib:

«Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya Sazişinə qoşulmamışdır. Ona görə ki, bu saziş bizim maraqlarımıza uyğun gəlmir. Orada sadəcə olaraq bir mexanizm təklif olunurdu ki, bu, ikitərəfli əməkdaşlıqdan çox birtərəfli əməkdaşlığa bənzəyirdi və elə bil ki, o saziş bir göstəriş vərəqəsi idi. Bizə isə bu, əlbəttə ki, yaramır. Çünki Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk.

Digər məqamlar da var idi ki, bizi qane etmirdi. Ona görə biz Avropa İttifaqına əməkdaşlıq təkliflərini irəli sürmüşük. Bu, tərəfdaşlıq müqaviləsi, strateji tərəfdaşlıq müqaviləsi ola bilər. Sadəcə olaraq, əməkdaşlıq, yaxud da ki, tərəfdaşlıq müqaviləsi ola bilər. Ancaq bu, bərabərhüquqludur və Azərbaycanın milli maraqları o sazişdə maksimum dərəcədə təmin olunmalıdır və dəyərlərimiz də əlbəttə ki, bizim üçün ən önəmli yerdədir.

Hesab edirəm ki, bu gün müasir dünyada mənəvi dəyərlər haqqında daha çox danışmaq lazımdır. Çünki həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında yaşanan böhranlı vəziyyət o cümlədən mənəvi dəyərlər üzərində yaranıb. Münaqişələr bir çox hallarda bu səbəbdən qaynaqlanır. Ona görə biz Azərbaycanda, əlbəttə ki, bütün məsələləri dərindən təhlil edərək ölkəmiz üçün, xalqımız üçün ən məqbul, ən yaxşı variantı seçirik və seçəcəyik».

Prezident Avropaya inteqrasiya etmək arzusunda olan məmurlara da sözlərini çatdırıb: «Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi.

Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik».

Prezident İlham Əliyevin Avropa ilə bağlı seçdiyi kəskin ritorikanı nə dərəcədə əsaslı saymaq olar?

Millət vəkili Aydın Mirzəzadə Prezidentin kəskin ritorikasını alqışladığını bildirdi:»Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışı bir çox vacib məqamları ilə diqqəti cəlb edir. Dövlət başçısının çıxışı xalqımızın milli maraqlarına tam cavab verir və dünya ilə bərabərhüquqlu münasibətlər kursunu bir daha təsdiq edir. Qətiyyətimizin əsasını isə Prezidentin apardığı düzgün daxili və xarici siyasi kurs təşkil edir.

Bir daha dünyaya Azərbaycanın öz maraqlarını qətiyyətlə müdafiə edəcəyi bəyan edildi. Bir sıra xarici dövlətlərin ölkəmizin daxili işlərinə müdaxilə etmək cəhdləri rədd edildi. AŞPA və Avropa Parlamentinin antiazərbaycan kampaniyasına qoşulmaq siyasətinə cəmiyyətimizin etirazı ortaya qoyuldu. Görünür, qərəzli münasibətlərinə görə Azərbaycan bu təşkilatlarla əlaqələrinə yenidən baxmalıdır.

Cənab Prezidentin çıxışı Azərbaycan xalqının mövqeyidir və cəmiyyət Prezidentin siyasi kursunu qətiyyətlə dəstəkləyir».

Uzun müddətdir Azərbaycan torpaqları işğal altındadır. Azərbaycana qarşı törədilmiş Xocalı soyqırımının təşkilatçıları, birbaşa iştirakçıları bu gün Ermənistana rəhbərlik edir. Onların bunu dünyanın gözü qarşısında açıq-aşkar etmələrinə baxmayaraq, həm Avropa Parlamenti, həm də AŞPA ədalətsiz qərarlar çıxarır. Bu, ikili standartların dözülməz dərəcəyə çatması və beynəlxalq hüququn hüquqsuzluğa uduzması deməkdir. Belə olanda Azərbaycan Prezidenti, Ali Baş Komandan öz iradlarını bildirməli idi. Cənab Prezidentin səsləndirdiyi iradların hamısı haqlı idi və hər birimiz onu dəstəkləyirik. Azərbaycana qarşı bu cür ədalətsiz mövqe dəyişməyənə qədər biz öz sözümüzü deməyi bacarmalıyıq.

Bunu isə «Trend»ə «Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin İdarə heyətinin üzvü, deputat Rövşən Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında Qarabağ problemi, Ermənistanın işğalçı siyasəti və beynəlxalq təşkilatların ikili standartları, qərəzli mövqeyi barədə fikirlərini şərh edərkən deyib.

R.Rzayevin fikrincə, Ermənistan heç zaman Azərbaycana rəqib ola bilməz: «Ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər Azərbaycan torpaqlarını işğal edəndə də onların heç bir potensialı Azərbaycan xalqının gücünün, qüdrətinin qarşısında dura bilməzdi. O zaman ermənilər bunu Rusiyanın 366-cı alayının hesabına etdilər, bu gün isə bəzi aparıcı dövlətlərə arxalanaraq işğalçı qüvvələrini Azərbaycan ərazilərində saxlaya bilirlər. Ermənistan heç bir cəhətdən özünü Azərbaycanla bir tuta bilməz. İstər iqtisadi, istər siyasi, istərsə də bu ölkələri idarə edənlərin şəxsiyyətlərinə baxsaq, onlar müqayisəedilməzdir. Azərbaycan xalqının tolerantlığı, gücü, qüdrəti hara, Ermənistanınkı hara? Bunu özləri də bilirlər. Sadəcə olaraq, müəyyən dövlətlərin marağında olduğuna görə bu işğal faktını qoruyub saxlayırlar».

Millət vəkili hesab edir ki, münaqişənin bu qədər uzanmasının səbəbi danışıqlar prosesinə cəlb olunmuş dövlətlərin onun həllində maraqlı olmamasıdır: «Necə olur ki, ABŞ, Fransa, Rusiya 20 ildən artıqdır Minsk Qrupu çərçivəsində danışıqlar aparır, amma bu günədək nə Dağlıq Qarabağ, nə də Dağlıq Qarabağa aid olmayan 7 rayon işğaldan azad edilib? Bu necə ola bilər? Bundan başqa, bizim əleyhimizə olan qərarları dəstəkləyirlər. Mən AŞPA-da bunun şahidi olmuşam. Axı bunlar ağa qara deməklə nə etmək istəyirlər?»

Qərəzli və ikili standartlardan çıxış edən, bu mövqeyi nümayiş etdirən beynəlxalq təşkilatlarda Azərbaycanın fəaliyyətini dayandırması və ya bu qurumların üzvlüyündən çıxması ehtimalına gəlincə, millət vəkili qeyd edib ki, bu, Azərbaycan Prezidentinin mövqeyindən asılıdır: «O hansı yolu tutsa, hansı yolu məsləhət görsə, Azərbaycan o yolla da gedəcək».

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Deputatın qardaşının da külli miqdarda borcu var: Qalmaqal böyüyür

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı …

Bir cavab yazın