“Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla
keçirdiyi panel müzakirədə onun siyasətçi olmadığını bir daha sübut
etdi. Paşinyan İlham Əliyevin məntiqli, tutarlı, tarixi faktlara
söykənən arqumentləri qarşısında aciz qaldı. Bu debatda dünya
ictimaiyyəti üçün aydın oldu ki, Dağlıq Qarabağın Ermənistana məxsus
olması barədə Paşinyanın dedikləri cəfəngiatdan başqa bir şey deyil. O,
ordan-burdan eşitdiyi bir-iki saxta tarixi “faktla” İlham Əliyevə cavab
verməyə çalışsa da, Prezidentimiz onu hər cəhdində geri otuzduruldu. Bu
debat Azərbaycan və Ermənistan rəhbərləri arasında ilk və tarixi debat
idi. İlham Əliyev müzakirələr zamanı Paşinyana tarix dərsi keçdi və ona
əməlli-başlı utanc yaşatdı”.
Missiya.Az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının Nizami
rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Prezident İlham Əliyevlə
Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransı çərçivəsində
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən
panel müzakirələrindən danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyev Paşinyana tarixi
arqumentlər göstərməklə yanaşı, BMT Təhlükəsizlik Şurasının Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrini
xatırlatdı: “Nəticədə, İlham Əliyev Paşinyana həm tarixi faktlarla, həm
də Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan beynəlxalq qətnamələrlə
cavab verdi. Prezident bir daha sübut etdi ki, həm tarix, həm də
beynəlxalq birlik Azərbaycanın haqq müvqeyini dəstəkləyir”.
İlham Əliyevin arqumentləri qarşısında Paşinyanın dilinin topuq
vurduğunu deyən Ramin Əhmədov bildirib ki, bu hal baş nazirin
hazırlıqsız olmasından xəbər verir: “Çox həyəcanlı idi, özünə nəzarəti
itirmişdi. Paşinyan debatda özünü o qədər itirmişdi ki, nə danışdığının
fərqində deyildi. Çıxış edərkən bildirdi ki, “Qafqaz Bürosu qərar
çıxarmışdı ki, Qarabağ Azərbaycanın olsun”. Sonra nə dediyinin fərqinə
vardı və “Üzr istəyirəm, Ermənistan” deyməyə məcbur oldu. Özünü
toparlamağa çalışsa da, “bədən dili” onu ifşa edirdi. İlham Əliyev isə
çox sərbəst, təmkinli, özünə əminliklə Paşinyana meydan oxuyurdu”.
YAP rəsmisi hesab edir ki, Paşinyanın Münhendə yaşadığı biabırçılıq
Ermənistanda uzun müddət müzakirə ediləcək: “Əminliklə deyə bilərik ki,
Paşinyanın debatdakı gülünc vəziyyətini görən hər bir erməni belə bir
“liderləri” olduğu üçün utanc hissi keçirib. Bu debatdan sonra
Ermənistan siyasətində yeni mərhələ başlayacaq. Cəmiyyət və Ermənistanın
siyasi elitası küçədən gəlib baş nazir kürsüsünə əyləşən Paşinyanı
siyasi meydandan çıxarmağa cəhd edəcək. İlham Əliyev isə “Qarabağ
Azərbaycandır!” şüarını daha da gücləndirdi. Hər bir vətəndaşımız
Prezidentimizlə bir daha qürur duydu”.