Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: “Çirkin işlərə qarışan öz cəzasını alacaq”

Prezidentdən yeni icra başçılarına xəbərdarlıq: “Çirkin işlərə qarışan öz cəzasını alacaq”

Daha bir neçə rayon rəhbərliyində dəyişiklik oldu; dövlət başçısı yeni təyin edilən icra başçılarına nələr dedi?

Azərbaycanda kadr islahatları yeni mərhələyə qədəm qoyub. Ölkə prezidentinin  bilavasitə rəhbərliyi altında həyata keçirilən yenilənmə yerli icra strukturlarını əhatə etməkdədir. Xaçmaz və Yevlax Rayon İcra Hakimiyyəti başçılarından sonra noyabrın 12-də prezidet İlham Əliyev bir neçə rayonun da rəhbərini dəyişib.

Prezident noyabrın 12-də İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib.

Prezident deyib ki, ölkədə kadr islahatları davam edir: “Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir”.

Dövlət başçısı ölkəmizin  bütün sahələrdə uğurlarını sadaladıqdan sonra deyib ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır: “Bu gün kadr islahatlarının yeni dövrüdür. Bu gün bir neçə rayona icra başçıları təyin olunur. Onların bəziləri artıq neçə ildir ki, icra başçısı vəzifəsində işləyirlər, bəziləri bu gün bu məsul vəzifəyə təyin olunurlar. Biz burada təcrübə ilə yeniliyin sintezini, vəhdətini görürük və bu, uğurlarımızın əsas bazasıdır. Yeni təyin olunan icra başçılarına mənim sözüm odur ki, siz, ilk növbədə, vəziyyəti düzgün qiymətləndirməlisiniz, çox ciddi təhlil aparmalısınız, çatışmayan cəhətləri üzə çıxarmalısınız və mövcud olan problemlərin həlli üçün səylərinizi göstərməlisiniz. O problemlər ki, həlli mərkəzi icra orqanlarından asılıdır, siz mütləq mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, digər müvafiq qurumlara müraciət etməlisiniz. O məsələləri ki, özünüz həll edə bilərsiniz, özünüz də həll etməlisiniz. Başlıca məsələ ondan ibarətdir ki, sizin işinizdə əsas prinsiplər bərqərar olsun. Birinci halda ləyaqətlə xidmət etməlisiniz. Bu, həm bu gün yeni təyin olunan icra başçılarına, həm də artıq icra başçısı vəzifəsində işləmiş və digər rayon və şəhərlərə göndərilən icra başçılarına aiddir. Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.

Dövlət başçısı deyib ki, icra başçıları peşəkar və bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar: “Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik. O da həqiqətdir ki, bəzən hansısa şəxsi zəmində dövlət məmurlarına qarşı əsassız ittihamlar irəli sürülür. Xüsusilə özünü müxalifət adlandıran antimilli və tamamilə rəzil olmuş qorxaq dəstə bu işlərdə ön sıralardadır. Çünki onların əlindən heç nə gəlmir. Onların işi ancaq qarayaxma kampaniyaları aparmaq və bizim işimizə maneçilik törətməyə cəhd göstərməkdir. Ancaq tarix və həqiqət onu göstərir ki, ayağımıza dolaşmaq istəyən bu antimilli qorxaq dəstə bizim işimizə zərrə qədər ziyan vura bilməz. İndi onlar ancaq sosial şəbəkələrdən, bəzi internet resurslarından istifadə edərək dövlət məmurlarına qarşı qarayaxma kampaniyası aparırlar. Ona görə yerlərdən gələn hər bir siqnala obyektiv baxılacaq və sizin fəaliyyətinizə obyektiv qiymət veriləcək. Ona görə siz elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda işlər yaxşı getsin. Siz çalışmalısınız ki, rayonlara sərmayə qoyulsun, investorları inandırmaq üçün səylər göstərməlisiniz”.

Prezident sonda deyib: “Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız və elə işləyəcəksiniz ki, rəhbərlik edəcəyiniz rayon və şəhərlərdə inkişaf daha da sürətli olsun”.

Onu da bildirək ki, yerli icra strukturlarındakı dəyişikliklər onların fəaliyyətini əlaqələndirən Prezident Administrasiyasında rəhbər dəyişikliyindən sonra qaçılmaz bir prosesə çevrilib. Prezident İlham Əliyev son çıxışlarında birmənalı şəkildə dövlət idarəetmə aparatında kadr islahatlarının aparılması zəruriliyini önə çəkib.

O, 2019-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasdakı çıxışında ölkədə islahatların aparılmasının zəruri olduğunu, bununla bağlı Ə.Əsədova tapşırıqlar verdiyini qeyd edib: “Yeni hökumət qarşısında bir çox vəzifələr qoyulub. Mən Əli Əsədovu bu vəzifəyə təyin edərkən ona bir çox vəzifələr tapşırdım. Onun qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır, o cümlədən kadr islahatları. Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, savadlı gənc kadrlar işə cəlb edilməlidir. Biz XXI əsrdə yaşayırıq, köhnə təfəkkürlə, köhnə biliklərlə gələcəyə necə gedə bilərik? Nə qədər biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət yolu ilə gedə bilərik? Düzdür, islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani sübutudur. Hər bir ölkə bu nəticələrlə öyünə bilər. Ancaq biz bilirik ki, ehtiyatlarımız çoxdur. Onu da bilirik ki, əgər hər hansı dövlət və ya özəl quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə, biz orada dərhal dəyişiklikləri görürük”.

Ölkə rəhbərliyi yeni təyin olunan kadrlardan ilk növbədə vətəndaş məmnunluğunu təmin etmələrini, korrupsiya və rüşvətxorluğu dayandırmalarını gözləyir. Bunu da bir daha noyabrın 12-də keçirdiyi görüşdə bəyan edib. Yada salaq ki, bundan əvvəl də prezident bəzi məmurların ölkədə kiçik və orta sahibkarlığın inkişafına maneələr yaratdığını, yerli icra başçılarının korrupsiya və rüşvətxorluğa yol verdiklərini bildirib. Yevlax və Xaçmaz rayon icra hakimiyyətlərinin başçısı təyin olunan şəxsləri qəbul edərkən onların qarşısında duran əsas vəzifənin rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafını təmin etmək olduğunu deyib: “Siz vətəndaşlarla daim təmasda olmalısınız, bütün kəndləri gəzməlisiniz, kənd camaatı ilə görüşməlisiniz. Sizin işiniz kabinet işi olmamalıdır. Siz vətəndaşların qayğıları ilə yaşamalısınız, onların problemlərini öyrənməlisiniz, düzgün təhlil aparmalısınız. Hansı məsələ rayon səviyyəsində həll oluna bilərsə, onları həll etməlisiniz. Əgər gücünüz çatmasa, onda mərkəzi icra orqanlarına müraciət etməlisiniz, o cümlədən Prezident Administrasiyasına ki, biz mövcud olan problemləri həll edək. Eyni zamanda siz vətəndaşlarla daim ünsiyyət əsnasında rayonun problemlərini və vətəndaşları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlisiniz. Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.

Daha sonra isə prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən rayon icra hakimiyyəti başçılarına sərt xəbərdarlıq edib: “Əlbəttə ki, rayon icra hakimiyyətləri tərəfindən vətəndaşlara diqqət yüksək səviyyədə olmalıdır. Bəzi hallarda vətəndaşlar incidilir, onların problemlərinə reaksiya verilmir. Bəzi hallarda vətəndaşlardan qanunsuz olaraq müəyyən vəsait tələb edilir, rüşvətxorluq halları baş verir. Belə siqnallar bizə çatır və rayon icra hakimiyyətləri nəticə çıxarmalıdırlar. Xoşagəlməz hallara yol verilməməlidir, vətəndaşlara maksimum diqqət göstərilməlidir, rayon icra hakimiyyətlərinin nümayəndələri kabinetdə oturub kağızlara baxmaq yox, bütün rayonlarda vətəndaşlarla görüşməlidirlər. Mənim göstərişimlə son vaxtlar bu proses bir qədər geniş vüsət alıb, amma lazımi səviyyədə deyil. Mənə verilən məlumata görə, bəzi hallarda formal xarakter daşıyır, bəzi hallarda vətəndaşları narahat edən problemlərə reaksiya verilmir. Ona görə biz çox diqqətli olmalıyıq. Əgər vətəndaşı nəsə narahat edirsə, buna reaksiya verilməlidir. Əlbəttə, bütün məsələlərə obyektiv şəkildə baxılmalıdır. Bəzi hallarda elə məsələlər qaldırılır ki, bunun heç bir əsası yoxdur, yaxud da sırf şəxsi xarakter daşıyır. Ancaq bir çox hallarda vətəndaşlar haqlı olaraq öz təkliflərini verirlər, onları narahat edən problemləri qaldırırlar. Həm Bakı Şəhər İcra Hakimiyyəti və bütün rayon icra hakimiyyətləri vətəndaşlara böyük diqqətlə yanaşmalıdırlar”.

Göründüyü kimi, prezident dövlət idarəçiliyinin əksər sahələrində yeni və mövcud məmurlardan fərqli, müasir dünyagörüşə, idarəetmə, vətəndaşlarla ünsiyyət vərdişlərinə malik, ən əsası isə şəxsi biznes maraqları olmayan şəxsləri irəli çəkməyə qərar verib. Bu, ölkədə vətəndaş-dövlət münasibətlərinin daha sağlam əsaslar üzərində qurulması, iqtisadiyyatın inkişafı baxımından zərurətə çevrilmiş bir prosesdir. Bütün bunlar onu deməyə əsas verir ki, yerli icra strukturlarında dəyişikliklər davam edəcək…

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …