Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə…

Prezident “əhalini incitməyin” deyir, “Azəristilik” isə…

Azərbaycanda hər il noyabrın 15-i tarixini gözləyənlər böyük xəyal qırıqlığı yaşayırlar. “Qafqazinfo” xəbər  verir ki, dövlət tərəfindən istiliyin veriləcəyi, evlərinin, övladlarının, yaşlı valideynlərinin isinəcəyi ümidi ilə yaşayanların arzusu hər il demək olar ki, puç olur. Fakt olaraq, təkcə son 3 ilə nəzər salsaq, deyə bilmərik ki, 15-i tarixindən etibarən paytaxt Bakıda “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları normal rejimdə işə düşüb. 

Baxmayaraq ki, hər il qurum qışa hazırlıq mövsümünün yaydan başladığını elan edir və əhalini tam əmin edir ki, hər şey qaydasındadır. Elə son olaraq “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev noyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, sistem mövsümə hazırdır və noyabrın 15-dən etibarən gücləndirilmiş iş rejiminə keçiriləcək, bütün qazanxanalar tam işə başlayacaq.

Noyabrın 15-si isə məlum oldu ki, ASC-nin “Azəriqaz” a 29 milyon manatdan çox borcu var və buna görə də “Azəriqaz” qazanxanalara qaz vermir. Deyilən gündən iki gün keçdi, Bakı istiliksiz qaldı, bundan sonra hər iki qurumun aralarında gəldiyi razılığa əsasən qazanxanalara qaz verildi.

Bu məqamda maraqlı olan addım “Azəriqaz” ın  “Azəristiliktəchizat” ASC-yə etdiyi “sürpriz”oldu.  Çünki onsuz da “Azəristiliktəchizat” “Azəriqaz”a borclu olduğunu etiraf etmişdi. Öz aralarında  razılaşa bilmədiklərinə görə, iki gün balansda olan  binalara istilik verilmədi. Sözügedən problem əhaliyə də yansıdı.  Daha sonra isə dedilər ki, borc dövlət tərəfindən tənzimlənəcək. 

Deyək ki, hər hansı imkanlı şəxslərin öz evini şəxsi vəsaiti hesabına istiliklə təmin etməyə gücü çatır.  Bəs, imkansız şəxslər neyləsin?! Əminliklə onu demək olar ki,  hər kəsin yaşayış səviyyəsi xərclərini qarşılamağa imkan versəydi, heç kim “Azəristiliktəchizat” a möhtac qalmaq istəməzdi. 

Ölkə başçısı da son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, bəzi qurumlar hələ də bundan dərs çıxarmaq istəmir. 

Təkcə “Qafqazinfo”ya noyabrın 15-dən etibarən oxuculardan paytaxtın müxtəlif ərazilərindən istiliyin verilməməsi ilə bağlı çoxsaylı şikayətlər daxil olub.  Bizə verilən ünvanları “Azəristiliktəchizat”a göndərsək də, onlar yenidən bizimlə əlaqə yaradaraq problemlərinin həll olunmadıqlarını qeyd ediblər.  Axı, bizim işimiz ünvanların siyahısını sözügedən quruma yönləndirmək deyil. Əhalini də ona görə başa düşürük ki, onlar “Azəristiliktəchizat” ASC-nin “Qaynar Xətti”nə düşə bilmirlər. Bəs, belə olanda evləri isinməyənlər nə etməlidir? 

Yenidən bu sualla qurumun Abonentlərlə xidmət şöbəsinin müdiri  Rafiq Əliyevə müraciət etdik.  R. Əliyev bildirib ki, noyabrın 15-dən etibarən qurum olaraq istiliklə bağlı problemlər yaşayan vətəndaşlara müraciət ediblər: “Vətəndaşlar bizə müraciət etsin ki, biz gedib ünvanlarda dəqiq araşdıraq. Dünən bir neçə televiziya kanallarında da müraciətlər etmişəm. Gün ərzində “Qaynar Xətt”ə çoxsaylı müraciətlər daxil olur. Əgər kimsə xəttə düşə bilmirsə, qurumun elektron poçtuna, feysbuk səhifəsinə mənzildəki problemlə bağlı müraciət edə bilər. İndiyə kimi vətəndaşlardan daxil olan müraciətlərin təhlili onu göstərir ki, problemlər mənzildaxilidir. Bəziləri radiatoru bağlı saxlayıb. Yuxarı mərtəbədə olanlar radiaotorun havasını çıxarmalıdırlar. Çünki cihazlara hava düşərsə, onu çıxartmaq lazımdır. 3850 mənzildir. Bizim əməkdaşlar hamısı eyni anda çatdıra bilmir. Bu məsələləri də yaydan etmək mümkün deyil. Çünki istilik veriləndən sonra bu problemlər ortaya çıxır”.

Milli Məclisin deputatı Çingiz Qənizadə “Qafqazinfo”ya bildirib ki, əslində qış fəslinə qədər bütün təchizat qurumları öz işlərini görüb bitirməlidir: “Hardasa problemlər varsa, vaxtında aradan qaldırılmalı, təmir işləri görülməlidir. Hansı qurumlara borcları yaranıbsa, o silinməlidir.  Noyabrın 15-nə kimi start vəziyyətində olmalı idilər. Əgər 15-də istiliyin verilməsi prosesi zamanı artıq nələrsə  üzə çıxırsa, bu kifayət qədər qışa hazırlığın olmaması ilə bağlıdır.  Amma burada da obyektiv və subyektiv səbəblər var. Sovet dövründə tikilmiş binaların istilik sistemində müəyyən problemlər olur. Bəziləri istismara yararsız olur, təbii ki onu dəyişmək üçün vəsait lazımdır. Bunların hamısı üçün də “Azəristiliktəchizat”ın müəyyən vəsaiti olmalıdır.  Əgər quruma ayrılmış vəsait görülməli işin xərcindən azdırsa bununla bağlı məsələ qaldırılmalıdır. Büdcədən əlavə vəsaitlər ayrılmalıdır ki, problem yaşanmasın. Hər qurum istəyər ki, neqativ hallarda adı hallanmasın. Borc məsələsi ortaya çıxdı. Qazı satan qurum təbii ki, pulunu istəməlidir və haqlıdır. İşlədilən qaza görə də pul ödənilməlidir.  Hər ikisi də dövlət qurumlarıdır. Əgər “Azəristiliktəchizat”ın borcu ödəməyə pulu yoxdursa, vaxtında məsələni qaldırmalıydı. Həmin borcun bağlanması ilə bağlı vəsaiti dövlətdən istəməli idi ki, insanlar əziyyət çəkməsin. Bütün hallarda iş operativ, əlaqəli qurulmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, yaranan çətinlik idarəetmə problemi ilə bağlıdır: “Dövlət şirkətlərinin idarə olunmasında ciddi qüsurlar var. Bu, həm şəffaflıq, həm effektiv idarəetmə, həm də ayrılan vəsaitin doğru xərclənməsi ilə bağlıdır. Belə olan halda, dövlət şirkətləri arasında olan problemli münasibətlərdən əziyyət çəkən də vətəndaş olur. “Azəriqaz”la “Azəristiliktəchizat” ASC arasında borc varsa vətəndaş bundan əziyyət çəkməməlidir. Dövlət özü qurumlarının effektiv idarə olunması ilə bağlı qərarlar qəbul etməlidir. Bütün dövlət şirkətlərinə  büdcədən dotasiya da ayrılır. Həmin dotasiya hesabına ən azı borcların qarşılıqlı silinməsi  məsələsi həll oluna bilər. 

Ümumiyyətlə isə, istehlakçı şirkətin dövlətin nəzarətində qalması şərtiylə, paylayıcı şirkətlərin ya qismən ya da tam özəlləşdirilməsi məsələsi nəhayət ki öz həllini tapmalıdır. İllərdir bununla bağlı söhbətlər gedir.  Ancaq əməli addımlar atılmır.  “Azəristiliktəchizat” ASC-nin paylayıcı şirkət kimi dövlətin  nəzarətində qalmasının heç bir əhəmiyyəti yoxdur. Onu uzunmüddətli icarəyə vermək ya da özəlləşdirməyə çıxartmaq olar. 
Paylayıcı şirkətlər dövlətlə müqavilə bağlasalar, dövlətin də maddi yükü azalar.Vətəndaş da həmin şirkətləri öz öhdəliklərini yerinə yetirmədiyi halda məhkəmələrə verməklə öz haqlarını bərpa edə bilərlər. İndi bu yol da vətəndaşlar üçün bağlıdır. Dövlət şirkətlərini məhkəməyə verməyin mənası yoxdur.  Bunlar tipik müqavilələrdir və burada məsuliyyət vətəndaşın üzərindədir. Fors-major situasiyalarda məsuliyyət vətəndaşın üzərinə düşür, qurumların isə məsuliyyəti yoxdur”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …