Ana səhifə / Aktual / POLKOVNİKİ HƏBSDƏN BURAXDILAR – Prokurorluğun vəsatəti əsasında… (Yeniləndi)

POLKOVNİKİ HƏBSDƏN BURAXDILAR – Prokurorluğun vəsatəti əsasında… (Yeniləndi)

“Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa buraxılıb.”

Modern.az xəbər verir ki, bu barədə Qarabaz Qaziləri İctimai Birliyinin nümayəndəsi Rey Kərimoğlu bildirib.

O, Qadir Vəlişov haqqında açılan cinayət işinin şər-böhtan olduğunun aşkara çıxacağına ümid etdiyini bildirib.

“Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilmişdi.

***

Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV-ə polkovnikin yaxınları məlumat veriblər.

Məlumata görə, yaşadığı Beylaqana qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin 221.3 (xuliqanlıq) maddəsi ilə həbs edilib. Yaxınları bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edirlər.

Polkovnik Vəlişov Qadir Saday oğlu Lələtəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb və həmin əməliyyat zamanı ağır yaralanıb.

Onu da qeyd edək ki, 1986-cı ildə hərbi məktəbi bitirən Q.Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib. Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.

15 ilə yaxın hərbi hissə komandiri işləyən polkovnik 2016-cı il aprel döyüşlərində də Talış istiqamətində ağır yaralanıb. 8 aydan sonra yenidən xidmətə qayıdıb.

Qadir Vəlişov son vaxtlar Naxcıvanski adına Hərbi litseydə rəis müavini vəzifəsini tutub. Silahlı Qüvvələrdən 6 ay əvvəl tərxis olunub.

Polkovnik Qadir Vəlişovun həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər. Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …