Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / “Polkovnik qayınatam hamıya deyir ki, 21 nömrə kürəkənidir” – Fotolar+Video

“Polkovnik qayınatam hamıya deyir ki, 21 nömrə kürəkənidir” – Fotolar+Video

Azərbaycan milli futbol komandasının və “Sabah” klubunun üzvü Təmkin Xəlilzadə və həyat yoldaşı Çinarə Xəlilzadə “Qafqazinfo”ya müsahibə verib. 

Təmkin futbolumuzda istedadlılardan biri sayılır, həm yığmada, həm klubunda əsas üzvlərdən biridir. Onun xanımı Çinarə də futbolda yad sima deyil. AFFA-da çalışan xanım Xəlilzadə Azərbaycan mədəniyyətində dərin izlər buraxmış iki böyük insanın nəvəsidir. Onun babaları SSRİ xalq artisti Əliabbas Qədirov və əməkdar incəsənət xadimi, Xalq artisti Oktay Kazımidir. Elə söhbətimizə rəng qatan əsas məqamlardan biri də bu oldu…

– Başlayaq tanışlığınızdan. Necə baş verdi?

– Təmkin Xəlilzadə (T.X):  AFFA-da məni bir çəkilişə dəvət etmişdilər. “Tirə zərbə”də çıxış etməli idim. Nigar adlı xanım məni bu verilişə dəvət etmişdi.  Çinarə də onunla birlikdə gəlmişdi, amma proyekt Nigar xanımın idi. Hava soyuq idi və məşqə tələsirdim. Tez çəkiliş edib getmək istəyirdim. Çinarə də elə bilib ki, mən Tərlan Quliyevəm (“Keşlə”nin müdafiəçisi). Kimsə buna zəng elədi və soruşdu ki, futbolçu gəlib? Cavab verdi ki, “hə, Tərlan Quliyev burdadır”. Mən də bunu eşitdim və dedim ki, xanım, mən Tərlan Quliyev deyiləm, Təmkin Xəlilzadəyəm. Dedi ki, bağışlayın. Elə çəkiliş bitdi və mən məşqə yollandım. Amma onun danışığına, hərəkətlərinə fikir vermişdim və çox xoşuma gəlmişdi. Üstündən bir həftə keçdi və AFFA-nın bir layihəsi var idi. 3 futbolçu dəvət olunmalı idi. Biri də mən idim. Layihə yenə də Nigar xanımın idi. Amma o, xaricə getmişdi deyə layihədəki işləri Çinarə görməli idi. Mənə zəng elədi ki, çəkilişimiz var və ora gəlməlisən. Dedim ki, yasdayam, gələ bilməyəcəm. Bilmədim ki, bu həmin xanımdır. Sonra votsapda mənə yazdı və orada şəklini görən kimi dedim ki, xanım gəlirəm (gülür).

– Çinarə Xəlilzadə (Ç.X): Məndən qabaq gəlmişdi çəkilişə (gülür).

– T.X: Həmin çəkilişdən sonra münasibətlər yaxınlaşdı və istiləşdi. Qismət oldu, evləndik.  

– Münasibətlərin bu səviyyəyə gələcəyini gözləyirdiniz?

– Ç.X: Bu səviyyədə olacağını gözləmirdim. Heç Təmkini tanımırdım da, elə bilirdim ki, Tərlan Quliyevdir. Allah istədi və oldu. İlk dəfə onu görəndə düşünmüşdüm ki, çox özündənrazı insandır, heç sevməmişdim. Gedib AFFA-dakılara demişdim ki, bu, necə özündənrazı adamdır?! Sonradan tanıdıqca düşündüm ki, ailə həyatı qura bilərəm. 

– Bəs, evliliyi necə təklif etdi?

– Ç.X: Mənə yazdı ki, səninlə görüşmək istəyirəm. Düşündüm gedim görüşüm ya görüşməyim. Görüşdük və dedim ki, mən heç bir münasibət istəmirəm. Mənə dedi ki, “mən səninlə evlənəcəm” və dediyini etdi.  

– Atanız – Çevik Polis Alayının komandiri, polis polkovniki Elçin Kazımi bu evliliyə etiraz eləmədi? 

– Ç.X: Atam heç zaman mənim həyatıma müdaxilə etməyib. Həmişə deyib ki, qadın öz ayaqları üstündə durmağı bacarmalıdır. Bilirəm, hamı düşünür ki, polislər zəhmli olur, müdaxilə edir hər şeyə. Mənim atam isə övladına dəstək olub, həmişə deyir, qadın mütləq işləməlidir. İstəyirdi ki, mən cəmiyyətdə yer tutan, sözümü deyən biri olum. Təmkingil bizə elçi gələndə də atam danışdı və bildirdi ki, mənə həmişə güvənib, verdiyim qərarlara inanıb. Buna görə də dedi ki, istəyirəmsə, razılıq verir. Uşaq olanda da bir iş görəndə həmişə bizim fikirlərimizi soruşardı. Böyüdükdən sonra dedi ki, ona görə bizim fikirlərimizi soruşurmuş ki, həyatda hər zaman öz yerimizi tuta bilək. Öz fikirlərini desə də, qərarlarımıza hörmət edib. Evlənəndə də “mən səni dəstəkləyirəm, qərar sənindir və bu həyatı sən yaşayacaqsan” dedi. Mən məsləhət verirəm, qulaq asırsan as, asmırsan da hər şeyə özün cavabdehsən. 

– Bəs polkovnik kürəkəni olmaq çətin deyil? Onun futbola marağı varmı?

– T.X: Oyunlarda qayınatam stadionda olur, çünki onlar təhlükəsizliyə nəzarət edirlər. Hamıya da oyun vaxtı deyir ki, baxın, o 21 nömrə mənim kürəkənimdir, oynayır. Bunu fəxrlə ifadə edir. Çinarə də bunu mənə deyir. Futbola marağı ümumiyyətlə olmayıb, baxmayaraq ki, hər zaman millinin matçlarında təhlükəsizliyi təmin etmək üçün stadionda olurdu. Çinarə deyirdi ki, matçlar vaxtı tum yeyər, televizora baxardı. İndi isə oyunlara mənə görə baxır.  

– Ç.X: Heç sevmir futbolu. Amma millinin matçlarına baxır. Buna da səbəb kürəkəninin meydanda olmasıdır. 

– Heç zəif oynadığınız matçlarda irad bildirir?

– T.X: Evlililiyimizin bir ili olacaq, indiyə qədər qayınatamla futboldan danışmamışıq. “Real” – “Barselona” oyunu var idi. Onlar da bizə qonaq gəlmişdi. Həmin matçda Marselo qol vurdu və qayınatam dedi ki, bunu ancaq bu futbolçu vura bilərdi. Heç tanımır o futbolçu kimdir (gülür). Deyəsən, qol xoşuna gəldi.

– Heç olmasa polkovnikin qızı futbolu sevir?

– Ç.X: Belə dəhşətli marağım olmayıb. Amma işimiz futbolun içindədir. Təmkinlə evlənəndən sonra daha çox marağım artdı. Futbolu yoldaşıma görə sevməmişəm. Milli futbol oynayanda dəstəkləyirəm, istəyirəm qalib gəlsinlər. Bu, bir vətənpərvərlik hissidir. Amma sözsüz ki, Təmkinin meydanda olması məni həyəcanlandırır. Zədələnəndə qorxmuram məsələn, çünki zədəyə meyilli oyunçu deyil. Amma sarı vərəqə alanda əsəbiləşirəm. 

– Xanımınız sizə futbolda dəstək ola bilirmi?

– T.X: Mənə dəstəyi böyükdür. İndi evdə oyunlarda etdiyim səhvləri mənə deyən adam var. Bundan qabaq belə bir şey yox idi. Anamın futbola marağı yox idi, həm futbolu bilmirdi. Atamla isə sözümüz düz gəlmirdi. Ən yaxşı oynadığım matçlardan sonra evə gələndə hiss edirdim ki, çox qaçmışam. Amma qapıdan içəri girən kimi atam deyirdi ki, meydanda heç qaçmırsan da. Həvəsdən düşürdüm. İndi isə evə gələndən sonra Çinarə deyir ki, fikrimcə, bunu etsəydin, daha yaxşı olardı, bu epizodda başqa cür qərar verə bilərdin. Bir də mən hər qarşılaşmadan sonra axşam evdə oyunlarıma baxıram. O da mənimlə birlikdə izləyir və iradlarını bildirir. Bu, özümə də xoş gəlir. Həm də ki, matçlara daha çox köklənirəm və fikirləşirəm evdə məni izləyən var, onları sevindirməliyəm. Atam elə deyildi, elə həmişə narazı qalırdı. Anam da deyirdi “oğlumdan əl çək, Messi də olsa, sən onu bəyənməyəcəksən”.  Bəzən mənə haqq verir, bəzən irad edir. Bir-birimizi başa düşürük. Atam isə ancaq özü danışır. 

– Futbola necə başladınız?

– T.X: Atam mən və qardaşımı Elbrus müəllimin yanına məşqə göndərdi. Bir müddət orda olduqdan sonra məşqçi atama dedi ki, İlkini (qardaşı) apar, amma Təmkin qalsın. Orada oynadım, qollar vurdum. Moldovaya turnirə getdim və bombardir oldum. Həmişə demişəm ki, Allahın sevimli bəndələrindən biriyəm. Çünki xəstə olduğum vaxt “Qarabağ” akademiyasından uşaqları seçmək üçün bizim məşqçinin yanına gəliblər. Seçimlər ediblər və mən orada olmamışam. 24 uşaq seçiblər və deyiblər ki, bunlar sabah da gəlsin. Elbrus müəllim də bildirib ki, bizim bir uşaq da var bu gün xəstədir, sabah gələcək. Ona da baxarsız. Gəldim və təsəvvür edin orda bir məni seçib akademiyaya apardılar. U-17 komandasında oynamağa çağırdılar. Orda 1 il oynadıqdan sonra əvəzedici komandaya yollandım. Yaşlı futbolçuların içində gənc oyunçu kimi oynamaq mənə kömək oldu. 

– Amma “Zirə”də daha çox tanınmağa başladınız?

– T.X: Azərbaycan çempionatında debütümü 20 yaşımda etmişəm. “Qarabağ”ın heyətində “Sumqayıt”a qarşı matçda Qurban Qurbanov məni əvəzetmədən meydana buraxdı. Daha sonra “Qəbələ” ilə matçda start heyətlə meydana çıxdım. Həmin ərəfədə “Qarabağ” “Ayntraxt”la oynayacaqdı və əsas heyətin 8 üzvünə istirahət verilmişdi. Gənc futbolçularla oynadıq və qələbə qazandıq. 1:0 hesabı ilə səfərdən qalib ayrıldıq. Həmin matçda rəqib çox üstün oynasa da, udmuşduq.  Sonra AZAL-a icarəyə yollandım, ordan “Zirə”yə gəldim. 2 il yarım bu klubda çıxış etdim. “Zirə”də həqiqətən yaxşı çıxış etdim, kluba çox köməyim dəydi. Onlar da mənim üçün nə lazımdırsa etdilər. Futbolçu bir klub üçün bundan artığını etmək olmaz. Fikrimcə, “Qəbələ”də də yaxşı oynamışam. Düzdür, “Zirə”də 6, “Qəbələ”də cəmi 1 qol vurmuşam. Amma yenə də oynamışam. “Sabah”a gəldim. 1-2 tur zəif çıxış edəndə insanlar mənfi fikirlər bildirir. Bu da normaldır. Üzdə olan oyunçu yaxşı oynamırsa, hamı nəsə deyəcək. “Sabah”da 2 oyunda xəstə halda meydana çıxmışam. “Keşlə” və “Neftçi” ilə matçlarda xəstə idim. Son oyunlarda isə özümə gəlmişəm və görürəm ki, müsbət danışırlar. Hər şey daha da yaxşı olacaq. Yerimdə saymaq istəmirəm. Daim irəli getməyə çalışmışam. Hər şey çox yaxşı olacaq.  

– Təmkinin uşaqlığı futbolla keçib, siz isə dahi insanların əhatəsində böyümüsünüz. Babalarınız Əliabbas Qədirov və Oktay Kazımi Azərbaycan mədəniyyətində, incəsənətində dərin izlər buraxmış insanlarındır. Yəqin ki, maraqlı uşaqlığınız olub…

– Ç.X: Düzdür, dahi insanların əhatəsində böyümüşəm. Bu, həyatıma çox təsir edib. Hər bir uşağı bağçaya göndərəndə bizi musiqi məktəblərinə göndəriblər. Mənim vokal, pianino təhsilim var. İncəsənətin hər tərəfini bizə öyrədirdilər. 6-7 yaşımdan teatra getmişəm. Əliabbas babamın oynadığı tamaşalara baxırdıq. Ailəvi şəkildə onun tamaşalarını izləmək üçün teatra yollanırdıq. Özü də bizi aparırdı. Fəxr duyduğum günlər, hisslərdir. Babam həm bəddi rəhbər, həm direktor idi. Uşaq vaxtı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına çox gedirdim. Arzum aktrisa olmaq idi. Amma Əliabbas Qədirov buna qarşı idi. Çünki kişi xarakterli biri idi və heç istəməzdi ki, qız nəvəsi aktrisa olsun. Həmişə deyirdi ki, aktrisa olmaq istəyirsənsə, məndən də yaxşı olmalısan, peşəkarlıq lazımdır. Çünki hamı görəndə deməlidir ki, bu, Əliabbas Qədirovun nəvəsidir. Peşəkar olmayacaqsansa, dalınca düşmə. Xatırlayıram ki, bir dəfə teatrda tamaşaya baxanda yanımda Bəxtiyar Vahabzadə oturmuşdu. Bu anı heç zaman unutmayacam. Bəxtiyar Vahabzadəni çox sevirəm. Biz teatra çox gedirdik və ön sırada əyləşirdik. Özü oynamırdı və direktor lojasında durub baxırdı tamaşalara. Həmişə mənə əl yelləyərdi. Onun ölümündən sonra çox illər teatra getmədim. Çünki mənim üçün həqiqətən ağır idi. Onun yoxluğunu qəbul edə bilmirdim. Bir neçə il sonra taşamaya getdim və səhnəyə baxa-baxa arada başımı qaldırıb yuxarı nəzər salırdım ki, görəsən babam ordan baxacaq?.. O gündən sonra Akademik Milli Dram Teatrına bir də getmədim. Həm də bir az tez dünyadan köçdü. Bu da xüsusi bir amil idi. Nənəm vəfat etdikdən sonra yaşamaq istəmədi. Xəstə idi, amma yaşaya bilərdi, müalicəsi var idi, dərmanlarını vaxtında atsaydı, bəlkə hələ də həyatda idi. Biz cibinə qoyurduq ki, dərmanlarını istifadə etsin, amma o zibil kimi tullayırdı. Deyirdi ki, mən yaşamaq istəmirəm. 2005-ci ilin sentyabrında nənəm rəhmətə getdi, 2006-cı ilin martında babam. Cəmi 6 ay yaşadı onsuz…

– T.X: Çinarə həmişə videolarını göstərirdi və Əliabbas Qədirov bütün görüntülərdə həyat yoldaşından danışardı. 

– Ç.X: Hər zaman deyirdi ki, mən bütün uğurlarımı ona borcluyam. “Hər şeyi onun üçün eləmişəm” deyirdi. Belə önəmli insanı itirmək onun üçün faciə idi. 

– Oqtay Kazımi haqqında hansı xatirələr canlanır gözünüzdə?

– Ç.X: Azərbaycan musiqisinə böyük töhvələr vermiş adamdır. İlk rok operanın müəllifidir, bütün musiqilərində rok rəngləri var. Deyərdim ki, babam sırf rok üzərində çalışmayıb. Onun digər estrada musiqiləri də var ki, rokdan uzaqdır. Xalq mahnıları da var. Hər növdə töhfə verməyə çalışıb. Yenilikçi biri idi. Yazdığı bəstələri pul qazanmaq üçün etmirdi. Baxmayaraq ki, neçə ildir aramızdan gedib, müğənnilər onun musiqilərindən indi də istifadə edirlər. Yeni müğənnilər də oxuyurlar. Sərt adam idi özü. Bir mənə qarşı çox mülayim idi və çox sevirdi. Düşünürdüm ki, o yanımda olanda mənə heç kim, heç nə deyə bilməz. Mən də ona bağlı insan idim. Onun dünyasını dəyişməsi mənim üçün faciə idi. Mənim adımı o qoyub. Çünki  Oqtay babamın birinci nəvəsi idim. Əvvəlcə atam Çinarə adına razı olmayıb. Deyib ki, qızıma “Çinar” deyəcəklər. Qəbul etmək istəməyib atam. Əliabbas babam da atama deyib ki, bu boyda kişi qızına ad qoymaq istəyir, imkan vermirsən. Atam danışır ki, qapının ağzında olub və ayaqqablarının ipini bağlayırmış ki, gedim mənim üçün başqa ad yazdırsın. Elə bu zaman Oqtay babam mənim adım üçün bəstələdiyi “Çinarə” mahnısını ifa etməyə başlayıb və atam qapını bağlayıb gedib və adımı Çinarə yazdırıb. 

– Evinizə hansı məşhurlar gəlirdi?

– T.X: Elə indi də gəlirlər. 

Ç.X: Flora Kərimova, İlhamə Quliyevə çox gələrdi bizə. Yalçın Rzazadə ilə Oqtay Kazımi yaxın dost olublar. Babam həm Aybəniz Haşımovanın müəllimi olub, həm də onun üçün mahnılar bəstələyib. Onu qızı kimi böyüdüb. Babam üçün onun yeri başqa idi. Bəzi mahnıları var ki, sırf Aybəniz Haşımova oxusun deyə bəstələnib, sırf onun səsinə hesablanıb. Cabir Novruz onun dostu idi, həm də xalamın qayınatasıdır. Ailəvi yaxınlığımız var. 

– Əliabbas Qədirovun dostları kimdir?

– Ç.X: O, bir az başqa cür adam idi. Sevməzdi ki, evə çox adam gəlsin. Həmişə deyirdi ki, ailə elə şeydir, ora hər adamı qəbul etmək mümkün deyil. Belə şeyə diqqət verərdi. Sevməzdi ki, evə çox adam gəlib-getsin. Deyirdi ki, insanların əxlaqına, ailəsinə fikir vermək lazımdır. Ailəsi yaxşıdırsa, onunla dost olmaq olar. Oqtay Kazımi isə bəstəkar idi deyə müğənnilər evinə gəlirdi. Onun da bir xasiyyəti var idi ki, ən məşhur müğənniyə belə icazə vermirdi ki, bəstələrində kənar boğazlardan istifadə eləsin. Deyirdi ki, kənar boğaz edəcəksənsə, get başqa mahnı tap. Ona görə də bu mahnı bütün gənclərə qədər gəlib çıxıb. Baxmayaraq ki, 30 illik tarixçəsi var. Hətta iddia olunur ki, Alla Puqaçovanın “Million alıx roz” mahnısı “Ey həyat, sən nə qəribəsən” mahnısı əsasında yazılıb. 

– Qayıdaq futbola. “Qəbələ”dən “Sabah”a gəlişiniz bir az gözlənilməz oldu…

– T.X: Başlayaq “Qəbələ”yə gedişimdən. Bölgə komandasında oynamaq o qədər də asan deyil. Ora gedərkən əvvəlcə çətinlik çəkirdim. Ovaxtkı baş məşqçi Roman Qriqorçukla anlaşmaqda problemlər yaşadıq. Onun başqa tələbləri var idi, mənim başqa tələblərim. Amma sonradan yaxşı anlaşdıq. Oynamağa başladım. O getdikdən sonra isə Sənan Qurbanov baş məşqçi oldu. İndiyə qədər işlədiyim məşqçilər içərisində mənə ən çox güvənən Sənan Qurbanov idi. Onun rəhbərliyi altında çox rahat oynayırdım. Meydanda mənə inanılmaz rahatlıq vermişdi. Bir futbolçu üçün bundan güclü motivasiya yoxdur. Deyirdi ki, “sən istəsən, rəqibləri tək udarsan”. Ona görə də həmişə meydanda canımı qoymuşam. “Sabah”a gəlməzdən öncə baş məşqçi Elşad Əhmədovla görüşümüz olmuşdu. Maraqlı insan kimi gəldi mənə. Onların gələcək planları da məni cəlb etdi. Niyə “Qəbələ”dən ayrıldım? Ailəmə görə. Bölgə komandası idi və 3 gün gedirdik orda qalırdıq, ayrı yaşayırdım. Yoldaşım da ana olmağa hazırlaşırdı. Çətin aylar keçirirdi, hər şeyə  bir az qıcıqlanırdı. Bu səbəbdən Bakıya, ailəmin yanına gəlməli oldum. Çox fikirləşdim ki, övladım olacaq, ondan da ayrı qalacam. Çətin olacaq mənim üçün. Düzdür, orada oynayan digər oyunçuların da ailələri var. Amma mən elə insanam ki, istəmədiyim şeyi heç bir halda etməyəcəm. Ailəyə çox bağlıyam. “Çukur” serialında deyildiyi kimi “ailə hər şeydir”. Mən həmişə demişəm ki, futbol mənim üçün ikinci plandadır. Öncə ailədir. Düzdür, futbolsuz da qala bilmərəm, amma ailədən önəmli deyil. Məsələn, indi evə gəlirəm və kimsə məni gözləyir. Saat neçə olur-olsun yemək üçün məni gözləyir. İçəri girəndə qızımın səsini eşidirəm və bu da möhtəşəm hissdir. Elə bil dünyanı mənə verirlər. 

– Təmkin, xaricdə oynasa, razı olarsınız?

– Ç.X: O, hər zaman mənə dəstək olub. Evləndik deyə “işdən çıx!” deyən kişi deyil. Mən də onu hər qərarında dəstəkləyirəm. Xaricə gedib oynamaq istəsə, getsin. Belə arzusu da var. Bilirəm ki, mənsiz getməyəcək. O gedib xaricdə tək yaşamaz. 

– T.X: Mütləq ailəmi də özümlə apararam.

– Milli komandanın son oyunu böyük müzakirə mövzusu oldu. Komandamız Litvaya qalib gələ bilmədi..

– T.X: Hamı düşünür ki, biz Maltaya, Farer Adalarına 5 qol vurmalıyıq. Hamı belə düşünür. Maltanın əhalisi bizdən qat-qat aşağıdır və çempionatında 12 komanda var. Farer adalarının da əhalisi çox azdır, amma çempionatında komanda sayı bizdən çox. Necə ola bilər ki, biz onlara çox qol vuraq? 

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …