Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Aktual / PLASTİK CƏRRAH HAYATİ AKBAŞIN NÖVBƏTİ “QURBANI” –  “Bir neçə ay keçdikdən sonra, süd vəzilərimə su və irin yığılmağa başladı”

PLASTİK CƏRRAH HAYATİ AKBAŞIN NÖVBƏTİ “QURBANI” –  “Bir neçə ay keçdikdən sonra, süd vəzilərimə su və irin yığılmağa başladı”

Bir neçə gün əvvəl, Bakı şəhəri  Abşeron rayonu, Gənclər şəhərciyi, blok 1, mənzil 41 -də yaşayan  Hüseynova Dilşad Hüseyin qızının  Azərbaycanda bir çox estetik əməliyyatlara imza atan türkiyəli həkim Hayati Akbaşın onun başına açdığı müsibətlər barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi haqda məlumat vermişdik. Dilşad xanım Məhkəməyə ünvanladığı ərizənin bir nüsxəsini də  ictimailəşdirmək üçün saytımıza göndərmişdi. Qeyd edək ki, həmin məktubun yayılmasından sonra, redaksiyamıza türkiyəli həkim Hayati Akbaşın əməllərindən zərərçəkən çoxlu sayda vətəndaş zəng edib. Onların hamısının rastlaşdığı fırıldağın ssenarisi eynidir. Hayati Akbaş tərəfindən bir dəfə əməliyyat olunan həmin xanımlar sonradan Hayati Akbaşın dalınca sürünməyə məcbur olublar. Əksəriyyəti isə,  Hayati Akbaşın toruna düşərək, bir neçə dəfə yenidən uğursuz əməliyyat keçirmək kimi “şansı” yaşayıb.

Hayati Akbaşın növbəti “qurban”ı olan Bakı Şəhəri, Yeni Yasamal, Şimal binası, mənzil 188-də  yaşayan Nəcəfova Həcər Adil qızının başına gələnlər isə əsl müsibəti xatırladır. Bu xanım da, türk həkimin əməllərindən Binəqədi Rayon Məhkəməsinə müraciət edib.  Şikayətçi tərəfindən İddia Ərizəsinin bir nüsxəsi də Azinforum.az saytına göndərilib. Həmin  şikayəti olduğu kimi təqdim edirik:

z

 

“Mən, 2014-cü ilin ilin mart ayının 4-də İstanbul FBM Klinikasında həmin klinikaya Türkiyədən dəvət olunmuş Hayati Akbaş tərəfindən süd vəzi və bel nayihəmdən yağ alma əməliyyatı olunmuşam. Həmin vaxt, bu əməliyyatlar üçün mən Hayati Akbaşın tələbi ilə əməliyyat xərci olaraq ona 6000 (altı min) ABŞ dolları nəğd pul  ödədim. Lakin əməliyyatlar uğursuz oldu. 

Bu barədə şikayətlərimi klinikaya bildirdim və Hayati Akbaş mənə zəng vurub şəkillərimi istədi. Mən şəkillərimi göndərdikdə, o mənə təkrar əməliyyatın vacib olduğunu bildirdi. Eyni zamanda, mənə bildirdi ki, daha Azərbaycana gəlməyəcək və mən təkrar əməliyyat olunmaq üçün Türkiyənin Samsun şəhərində yerləşən FBM estetik klinikasına getməliyəm. O mənə bildirdi ki, əgər Samsuna getsəm, təkrar əməliyyatı pulsuz edəcək və heç bir ödəniş almayacaq.

Mən ailəmlə məsləhətləşib 2014-cü ilin mart ayının 14-də anam və dayımla birlikdə Türkiyənin Samsun şəhərinə getdik. FBM klinikasında Hayati Akbaşla görüşdük. Hayati Akbaş mənə bildirdi ki, mənim burada vergi xərclərim var və ona görədə mənə əlavə olaraq 2000 (iki min) ABŞ dolları ödəməlisən. Mən pulumuzun olmadığını bildirdim. Lakin, o mənə dedi ki, əgər ödəniş etməsə əməliyyat edə bilməyəcək. Bundan sonra biz çarəsiz qaldıq və aldandığımızı hiss etdik. Azərbaycana zəng vurub 2000 (iki min) dollar göndərmələrini istədik. Yaxın qohumlarımız Bakıdan bank vastəsi ilə Hayati Akbaşın hesabına 2000 (iki min) ABŞ dolları köçürtdülər və bundan sonra, birinci əməliyyatın fəsadlarını aradan qaldırmaq üçün, o məni ikinci dəfə əməliyyat etdi. Əməliyyatdan sonra, mən palatada olarkən, Hayati Akbaşdan mənim süd vəzilərimə qoyulan slikon protezlərin keyfiyyət pasportunu tələb etdim. Lakin bu zaman Hayati Akbaş mənə bildirdi ki, mən sənin süd vəzilərindən çıxarılmış slikon protezləri silib onları yenidən süd vəzilərinə yerləşdirmişəm. Ona görə də, pasport verə bilməz.

Mən çox əsəbləşdim və bildirdim ki, axı işlənmiş protezlər yenidən bədən daxilinə yeridilə bilməz, buna səhiyyə imkan vermir. Bu zaman Hayati Akbaş mənim üstümə bağırdı və bildirdi ki, bura Azərbaycan deyil, burda bizim sözümüz keçir. Sənin protezlərini dəyişmək üçün mən pul xərcləyə bilmərəm.

Biz 10 gündən sonra Azərbaycana qayıtdıq. Bir neçə ay keçdikdən sonra, süd vəzilərimə su və irin yığılmağa başladı. Təxminən 1 ildir ki, mən yarana biləcək daha qorxulu xəstəliklərə düçar olmamaq üçün, mütəmadi olaraq həkimlərə müraciət edirəm və müxtəlif dozalı dərmanlar içirəm. Eyni zamanda, artıq depresiyaya düşmüşəm və özümə qapılmağa başlamışam. Hayati Akbaş mənim tələblərimə baxmayaraq nə pulumu qaytarmır, nə də gəlib fəsadları aradan qaldırmır. Məni müxtəlif bəhanələrlə Türkiyəyə çağırır. Lakin mən ora bir dəfə gedib maddi və mənəvi, eyni zamanda tibbi terrora məruz qaldığım üçün, daha getmək istəmirəm. Bundan əlavə, Türkiyəyə getmək üçün əlavə olaraq 2-3 min manat pul xərcləməliyəm. Heç bir yerdə işləmədiyim üçün, buna faktiki olaraq maddi imkanım da yoxdur.

Hörmətli Məhkəmə!

Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, mənə dəymiş 8.000 (səkkiz min) ABŞ dolları əməliyyata ödədiyim, 5.000 (beş min) ABŞ dolları yol pulu və digər xərclərimin və 50.000 (əlli min) manat mənəvi ziyanın Hayati Akbaşdan alınaraq mənə verilməsi barədə qətnamə qəbul etməyinizi xahiş edirəm”.

emel

Azinforum.az olaraq saytımıza təqdim edilən bu şikayətlərdə adı geçən tanınmış cərrahla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun hazırda Türkiyədə olduğu və artıq Azərbaycandan edilən zənglərə cavab vermədiyi bildirilir. Biz internet üzərindən verdiyimiz sorğularda Hayati Akbaş adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçən  bir çox profilə rast gəldik. Lakin həmin səhifələrə göndərdiyimiz sorğulara da cavab verən tapılmadı.

Apardığımız araşdırma nəticəsində həmçinin müəyyən etmişik ki, Hayati Akbaşla bağlı Binəqədi Rayon Məhkəməsinə edilən şikayətlərin ardı-arası kəsilmir. Məhkəmədən bizə bildirdilər ki, bu istiqmətdə onlara daxil olan şikayətlərin çoxluğu səbəbindən ola bilər ki, iddialara qruplaşdırılaraq baxılsın. 

Azinforum.az olaraq biz bu işin hüquqi perspektivi ilə də maraqlanmışıq. Tanınmış hüquqşunas Mehman Muradlı Azinforum.az-a açıqlamasında bildirdi ki, bu işlə bağlı cavabdeh tərəf müəyyənləşməlidir:

” Barəsində şikayət olunan həkim xarici ölkə vətəndaşıdır və yəqin ki, onun Məhkəmədəki iştirakını təmin etmək çətin olacaq. Həmin halda cavabdeh qismində onun buradakı nümayəndəsi və ya əməliyyatın edildiyi klinika prosesə cəlb ediləcək. Məhkəmə şikayətçilərin ərizəsini təmin edəcəyi halda həmin qərar icraya yönəldiləcək. Sonda isə məhkəmə qərarının icra olunması ilə bağlı  Türkiyə hökumətinin əlaqədar qurumları qarşısında vəsatət qaldırıla bilər. Hesab edirəm ki, bu məsələdə cinayət tərkibi daha çox nəzərə çarpır. Edilən şikayətlərin doğruluğunu qəbul etsək burada söhbət: həkim səhlənkarlığı və  dələduzluqdan gedir. Özü də bu dələduzluq beynəlxalq səviyyəlidir. Belə halları görən Məhkəmə xüsusi qərarla materialları  cinayət işinin başlanması üçün prokurorluğa göndərə bilər”. 

el

Azinforum.az olaraq bildiririk ki, bu ölkədə əcnəbi həkimin savadsızlığından əziyyət çəkən minlərlə onlarla xəstədən yalnız bir necəsidir. Baxmayaraq ki, Səhiyyə Nazirliyində də əcnəbi həkimlərin ölkəmizdə fəaliyyəti ilə bağlı problemlərdən xəbərdardırlar. Buna görə də nazirlik çıxış yolunu əcnəbi həkimlərə lisenziya verilmə qaydalarının sərtləşdirməkdə görür.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, ölkəmizə gələn mütəxəssislər Azərbaycanda fəaliyyət göstərmək üçün birinci növbədə Səhiyyə Nazirliyindən şəhadətnaməni almalıdırlar:

“Sonra isə Miqrasiya xidmətindən əmək miqrasiyası almalıdırlar. Bunu söz yox ki, qanunları pozan adamlar da olur. Onlar da nizama-intizama cəlb olunurlar”.

 

Hesab edirik ki, vətəndaşlarımızın başına belə oyunların açılmasında yerli televiziyaların da rolu az deyil. Şikayətçilərin hər biri bizimlə söhbətlərində qeyd edir ki, onlar Hayati Akbaşı teleekranlarda gördükdən sonra ona inanıblar. Əksər media ekspertləri hesab edir ki, belə halların yaranmasında özəl klinikaların da təqsiri az deyil. Onlar xərclərinin az çıxması səbəbindən ölkəyə daha az təcrübəsi olan həkimləri gətirirlər ki, bunun da fəsadları göz qabağındadır.

Mövzuya qayıdacayıq…

Çinarə SEYİDOVA

Azinforum.az

 

 

Həmçinin oxuyun

PUA-ları Qarabağda dayandırmaq mümkün olmadı – Fransız nəşri

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. …

Bir cavab yazın