Paytaxtda dayancaqlar sərnişinlərlə dolub-daşır – Enerji fəlakətinin nəticəsi

İki gündür ölkədə baş qaldıran enerji kəsintisi problemi özünü şəhər infrastrukturunun bir çox sahələrində göstərir.

Bunlardan biri də nəqliyyat sahəsidir. Elektrik enerjisinin verilişində yaranan kəsintilər üzündən metronun iş ahəngi pozulub. Metropoliten sərnişin qəbul edə bilmir.

Ona görə də metrodan istifadə edən yüz minlərlə insan yerüstü nəqliyyat vasitələrinə üz tutmağa məcbur olublar. Bu isə dayanacaqlarda görünməmiş sıxlıq yaradıb.

Bakı Nəqliyyat Agentliyi problemin həlli üçün avtobusların intervalını azaldıb və sərnişinlərin pulsuz daşınmasını təmin edib. Ancaq bu da hələlik effektiv deyil. Yenə də hər dayanacaqda, yüzlərlə (elə dayanacaqlar var ki, minlərlə) sərnişin nəqliyyat vasitəsi gözləyir.

Bir çoxları məcburən taksilərə üz tuturlar. Onlarında içində problemdən sui-istifadə edən, gediş haqqını ikiqata qaldıran kəmfürsətlər tapılır.

BNA elan edib ki, sərnişinlərdən pul alan avtobus sürücüləri cəzalandırılacaq.

Əməkdaşımızın şəhər dayanacaqlarındakı vəziyyəti əks etdirən fotolarını təqdim edirik.

Musavat.com

 

Zdrave universal kremi zdrave forte