Ana səhifə / Aktual / “Paşinyanla Novruz Məmmədov görüşə bilər” iddiası

“Paşinyanla Novruz Məmmədov görüşə bilər” iddiası

Nikol Paşinyan onun konstruktiv mövqe sərgiləyəcəyinə olan ümidlərin üstündən xətt çəkdi…

Ötən bir ay ərzində Ermənistanın “qəhrəmanı”na çevrilən Nikol Paşinyan vertolyotla Dağlıq Qarabağa uçub, Xankəndində keçirilən bayram mərasiminə qatıldı. Onun davranışları və danışıqları göstərdi ki, heç də Sərkisyandan fərqli mövqe nümayiş etdirməyəcək. Paşinyan hesab edir ki, Dağlıq Qarabağ danışıqlarda ayrıca tərəf kimi çıxış etməlidir.

Bu arada belə iddialar da var ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflər arasında danışıqlar davam edərsə, Azərbaycan tərəfindən baş nazir Novruz Məmmədov qatıla bilər. Yarımçıq təhsilli Paşinyandan fərqli olaraq Novruz Məmmədov kifayət qədər təcrübəli, beynəlxalq siyasəti bilən şəxsdir.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirib ki, Paşinyan kifayət qədər təhlükəli adamdır: “Onun azərbaycanlılara qarşı nifrəti aydın şəkildə hiss olunur. Seçiləndən sonra Dağlıq Qarabağa gəlməsi və orada siyasətçiyə yaraşmayan tərzdə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr işlətməsi onun mənəviyyatca kasadlığını göstərir. Ermənilər onun sözü ilə küçələrə çıxdılar və cinayətkar bir rejimi devirdilər. Ancaq bunun özü də qonşularla münasibətdə və beynəlxalq siyasətə töhfə vermək baxımından elə də ciddi fiqura bənzəmir. Bir insan ki, dövlətin başına gəlir, onun heç olmasa təhsili olmalıdır. Paşinyan isə heç təhsilini də başa vura bilməyib. Üstəlik də Zori Balayan kimi türkə qarşı nifrət dolu ifadələr işlədir. İnanmıram ki, o, ermənilərə hansısa bir xoşbəxtlik gətirsin və ya demokratik islahatlar keçirib, Ermənistan cəmiyyətinin Qərbə inteqrasiya prosesini başa çatdırsın. Onun ölkədəki oliqarxiyanı, rüşvəti, inhisarçılığı aradan qaldıra biləcəyinə də inanmıram. Paşinyan proqramsız formada hakimiyyətə gəlmiş adamdır. Hökumətin heç proqramı hazırlanmayıb və adamın normal kadrları da yoxdur. Bu səbəbdən də düşünürəm ki, bu adamın bacarıqsızlığından dolayı ermənilərin məyusluğu uzağı iki aydan sonra başlayacaq. Çünki ölkənin xəzinəsi boşdur. Ölkədə istehsal sahələri demək olar ki, fəaliyyətsizdir. Bundan başqa, Ermənistanın coğrafi baxımdan da əlverişli mövqedə yerləşməməsi, dənizə çıxışının olmaması bu ölkəni iqtisadi və digər cəhətdən cəlbedici, perspektivli etmir. Paşinyan həddindən artıq davakar və mühafizəkarlıq səviyyəsində fikirlər səsləndirməkdə bir ustadır. Bu fikirlərlə də erməniləri bir növ bəsləyir. Qondarma rejimin danışıqlar prosesinə müstəqil subyekt kimi daxil edilməsi, Türkiyə ilə sərhədlərin açılması barədə  sərsəm iddiaları doğrudan da heyrət doğurur. Cırtdan dövlətin başçısı Türkiyəyə, Azərbaycana ”xox” gəlməyə başlayıb. Bu adam başa düşmür ki, qonşu ölkənin torpaqlarını işğal ediblər. Bununla bağlı BMT-nin 4 qətnaməsi var. Bütün qətnamələrdə də ermənilərin qoşunlarını işğal edilmiş ərazilərdən geriyə çağırılması irəli sürülür”.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Politoloq bildirib ki, Paşinyan Dağlıq Qarabağda olan zaman da sərsəm çıxışlar etdi: “Paşinyan deyir ki, dünya Dağlıq Qarabağı tanımır və tanıması üçün buranı Ermənistana birləşdirmək lazımdır. Zənnimcə, o, çox avantürist fikirlərlə yaşayır.  Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını həyata keçirməyə cəhd də edə bilər. Bunun başına ağıl qoyanı da yoxdur. Bütün bu hallar dərhal müharibəyə səbəb olacaq. Düşünürəm ki, biz də bir az astagəllik edirik. Hesab edirəm ki, Paşinyan Dağlıq Qarabağa gələcəyini əvvəlcədən bəyan edən zaman dərhal bildirilməli idi ki, Azərbaycan torpaqlarına gələrsə, biz onun hərəkət vasitəsini məhv edəcəyik. Heç olmasa bu cür bəyanatlar verib, onu qorxutmaq olardı”.

Qabil Hüseynli düşünmür ki, Dağlıq Qarabağ istiqamətində danışıqlar başlayan zaman Paşinyanla Novruz Məmmədov görüşəcək: “Danışıqlarda Novruz Məmmədovun iştirak edəcəyini düşünmürəm. Çünki bizim siyasi sistemlə Ermənistanın siyasi sistemi fərqlidir. Azərbaycanda prezident üsul – idarəsidir və birinci şəxs prezidentdir. Ona görə də danışıqları hər zaman prezident özü aparıb. Bundan sonra da belə olacaq. Sadəcə olaraq, Serj Sərkisyan Ermənistan konstitusiyasını öz xeyrinə dəyişdi. Ona görə də hazırda baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətləri ilə müqayisədə ölçüyə gəlməz dərəcədə çoxdur. Danışıqlar prosesinin baş tutacağına o qədər də inanmıram. Bəlkə də ola bilər ki, küçələrdən gələn inqilabi pafos bir müddət sonra sönəcək. Ancaq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edilərsə, danışıqların nə mənası qalır? Bu, bölgədə yenidən qanların axmasına səbəb ola bilər və bəlkə də olacaq. Azərbaycanın isə bundan çəkinəcək yeri yoxdur. Azərbaycan Paşinyan kimilərinə əncam çəkməyə başlamalı, onun sərsəm açıqlamalarının cavabını verməlidir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …