Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / PANDEMİYANIN ƏN BÖYÜK QURBANI – Niyə məhz İtaliya?

PANDEMİYANIN ƏN BÖYÜK QURBANI – Niyə məhz İtaliya?

Koronavirus epidemiyası ilə bağlı Çindən ilk xəbərlər gələndə, bu pandemiyanın onun mənbəyindən çox-çox uzaqlarda olan Avropanı belə tezliklə bürüyəcəyi heç kimin ağlına gəlməzdi. Hələ İtaliya kimi müasir səhiyyə sisteminə malik bir ölkəni sözün əsl mənasında diz çökdürəcəyi isə heç ağla gəlməzdi…

Ən güclü səhiyyəyə malik ikinci ölkə…

Bəli, çoxları bilməsə də, qeyd etməliyik ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyadan əvvəlki hesabatlarına görə, İtaliya dünyada ən güclü və müasir səhiyyə sisteminə malik ölkələrin ilk onluğuna daxil olub. Bəzi səhiyyə göstəricilərinə görə isə dünyada ikinci ölkə sayılıb. Bəs belə olan halda, bu qədim və Avropa mədəniyyətinin beşiklərindən biri sayılan ölkə nədən pandemiyanın qarşısında aciz qalıb və KİV-lərdə hər gün dərc edilən dəhşətli rəqəmlərin arxasında əslində nələr durur?

Son məlumatlara görə, İtaliyada koronavirus epidemiyasına yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 13 min nəfəri keçib. İnfeksiyanın əsas mənbəyi şimaldakı Lombardiya əyalətidir. Məhz burada pasiyentlərin çoxuna süni nəfəs aparatları çatmadığından həkimlər özləri xəstələrin hansının yaşayıb, hansının yaşamayacağına qərar vermək məcburiyyətində qalmışdılar. Xəstəliyin bu əyalətdə yayılması onunla izah edilir ki, sözügedən bölgədəki fabriklərdə çoxlu sayda çinli işçi çalışıb. Artıq virusun tüğyan etdiyi Çində keçirilən yeni il bayramlarından sonra İtaliyaya qayıdan çinlilər koronavirusun əsas yayıcıları hesab edilir.

Bununla yanaşı, elə həmin yanvar ayının sonlarında Milanda bayramsonrası endirimlər elan olunduğundan, ölkəyə böyük sayda çinli turist axını müşahidə olunub. Bu da infeksiyanın ilkin yayılmasının əsas səbəblərindən sayılır. Həmçinin, futbol matçlarının dayandırılmaması, eləcə də hökumətin Milan və digər şəhərləri epidemiyanın episentri elan etdikdən sonra əhalinin bu şəhərlərdən digər əyalətlərə axınına maneə yaratmaması vəziyyətin dözülməz dərəcədə ağırlaşmasına səbəb olub.

Ancaq mütəxəssislər virusun geniş yayılmasının əsas səbəbi kimi hökumətin baş verənlərə biganə münasibəti, vaxtında önləyici tədbirlər görməməsi və bununla yanaşı italyanların özlərinin həyat tərzi, vərdişləri, adət-ənələrini göstərirlər. Qeyd olunur ki, ilk vaxtlarda orta və ali təhsil müəssisələri bağlansa da, bar və restoranlar gecə-gündüz işləyib. İnsanlar qətiyyən belə kütləvi toplaşma məkanlarından uzaq durmaq istəməyiblər. Görüşərkən qucaqlaşmaq və öpüşmək kimi adətləri tərgitmək üçünsə, polis sözün əsl mənasında “işə qarışmağa” məcbur olub.

Virusun yoluxma sürətinin belə katostrafik həddə çatması həm də onunla izah olunur ki, onun bu ölkədə yayılması mərhələli şəkildə deyil, birdən-birə kütləvi formada olub. Bunun nəticəsidir ki, nəyin baş verdiyini anlamaqda belə çətinlik çəkən səhiyyə personalının 10 faizi(!) koronavirusa yoluxub. Bu, olduqca böyük və ürküdücü rəqəmdir.

Ölənlərin 90 faizinin yaşı 70-dən yuxarıdır

İtaliya dünyada ən uzunömürlü əhaliyə malik ölkələrdən biridir. Burada ortalama yaş həddi 83-dür. Ölənlərin sayının belə çox olması da bununla əlaqələndirilir. Statistikaya görə, virusdan ölənlərin 90 faizindən çoxunun yaşı 70-in üzərindədir. Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, ölən yaşlıların böyük qisminin məhz koronavirusdan, yoxsa onsuz da xeyli müddətdir əziyyət çəkdikləri xroniki xəstəliklərdən dünyasını dəyişdiyini belə müəyyən etmək çətindir.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, İtaliya yaşlı insanlara hörmət və həssaslıq, eləcə də qohumluq əlaqələrinin sıxlığı sarıdan əksər Avropa ölkələrindən xeyli seçilir və bəzi cəhətlərinə görə daha çox müsəlman şərq ölkələrinə bənzəyir. İnsanların uzunömürlü olmasında bu amilin də rolu böyükdür. Belə ki, bunun nəticəsi olaraq, doğrudan da müasir, inkişaf etmiş səhiyyə sistemi yaşlı insanları bütün ciddi xroniki və həyat üçün daim təhlükə yaradan xəstəliklərinə rəğmən xeyli uzun müddət yaşada bilir (daha doğrusu, yaşada bilirdi-C.M). Ona görə də, virus İtaliyanı böyük risk qrupuna malik çoxsaylı əhali qrupu olan ölkə kimi yaxalamış oldu. Həkimlərsə, virusun yayılmasının qarşısını almaq, yeni yoluxanları müəyyən edərək sağaltmaq çabaları ilə bərabər, yaşlı insanları xilas etmək savaşı aparmalı oldular. Çünki İtaliya mentaliteti yaşlıları ikinci plana keçirmək kimi xüsusiyyətdən kifayət qədər uzaqdır. 

Bu yerdə Rusiyanın “Novaya Qazeta” dərgisində fikirlərinə yer verilən həkim Yaroslav Aşixminin Rusiya və İtaliya səhiyyəsinin yaşlı insanlara münasibətinə dair söylədikləri diqqət cəlb edir. Həkim iki ölkə səhiyyəsindəki bu fərqi izah edərkən deyib ki, bu, iki qab-qacaq mağazasını xatırladır. Birində adi saxsı qablar, fincanlar, az sayda da çini qablar, digərində isə olduqca incə və bahalı büllur qablar satılır. Əlbəttə ki, zəlzələ nəticəsində ikinci mağazada daha çox qab qırılacaq və ona daha böyük ziyan dəyəcək. Koronavirus epidemiyası nəticəsində baş verən “zəlzələnin” də buna bənzədiyini deyən həkim, Rusiyada yaşlıların “nazı ilə” İtaliyadakı kimi oynamadıqlarını və əhalinin say tərkibində səhiyyənin zorla ayaq üstə saxladığı qocaların sayının az olduğunu bildirib. Rusiyada belələrinin yalnız yüksək maddi imkana malik şəxslər, elm, mədəniyyət xadimləri, həkimlər kimi dar kontingentdən ibarət olduğunu söyləyib. Buna görə də koronavirus Rusiya və ona bənzər ölkələr üçün İtaliya qədər təhlükə yaratmır…

Ümidverici xəbərlər var

Mütəxəssislər qeyd edirlər ki, yaxın günlərdə İtaliyada koronavirus pandemiyası öz pik nöqtəsini aşaraq, zəifləməyə başlayacaq. Belə ki, alimlərin fikrincə, epidemiya nə qədər yüksək sürətlə yayılırsa, o qədər sürətlə də geri çəkilməyə başlayır. Bu da onunla əlaqədardır ki, xəstəlikdən “immunitet qatı” formalaşır. Mütəxəssislər düşünürlər ki, tezliklə İtaliyanın səhiyyə sistemi stabil rejimə keçə biləcək. Pandemiyadan ölənlərin sayında isə çox kəskin azalma müşahidə olunacaq.

Lakin bütün bunlarla yanaşı, “İtaliya təcrübəsi” bütün dünya ölkələri üçün nümunə və istinad yeri olmaqdadır. Hər kəs bu təcrübənin yaşanmamasının savaşını aparmaqdadır. Ümid edək ki, Azərbaycan da daxil olmaqla, heç bir dünya ölkəsi bu təcrübənin öz üzərində təkrarlanmasına imkan verməyəcək…


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …