Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Pandemiya ilə bağlı vəziyyət pisləşir: görünməmiş qiymət artımları…

Pandemiya ilə bağlı vəziyyət pisləşir: görünməmiş qiymət artımları…

Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə pisləşir. Yoluxma və ölüm sayındakı artım karantin qaydalarının yenidən sərtləşdiriləcəyini istisna etmir. Bu barədə sosial şəbəkələrdə istifadəçilər geniş müzakirələr aparır. İnsanlar düşünürlər ki, karantin müddətinin uzadılması ciddi qiymət artımının baş verəcəyindən və siyasi kampaniyaların keçiriləcəyindən xəbər verir.

Bəs bu fikirlər reallığı əks etdirirmi? Pandemiya ərəfəsində nələr gözlənilir?
“Aksiya, mitinq təşkil etməklə, kütləvi toplaşmalarla virusu ətrafa daha da yaymaq olmaz”

Məsələ ilə bağlı danışan Ağ Partiyanın rəhbəri Tural Abbaslı bildirib ki, pandemiya dövründən siyasi məqsədlər üçün istifadə etmək düzgün deyil:

“Biz hər məsələni siyasi fürsətə çevirməyin tərəfdarı deyilik. COVID-19 insanlığı təhdid edən bir virusdur. Bundan istifadə etmək düzgün deyil. Aksiya, mitinq təşkil etməklə, kütləvi toplaşmalarla virusu ətrafa daha da yaymaq olmaz. Amma bu o demək deyil ki, baş verənləri tənqid etməməli, yanlışları, boşluqları deməməliyik. Əlbəttə, hamısını deməliyik ki, aidiyyəti qurumlar problemin üzərinə düşsün, həllinə çalışsınlar”.

“Ramin Bayramlı peyvəndin əleyhdarlarına tam məğlub vəziyyətdədir”

Partiya sədri pandemiyanın 2 ilə yaxın müddətdə uzanmasının səbəbini aidiyyəti qurumların məsuliyyətsizliyi ilə əlaqələndirib:

“TƏBİB üzərinə qoyulan məsuliyyəti ya tam başa düşmür, ya da bu işin öhdəsindən gələ bilmir. Hazırki dönəmdə bütün dünyada əsas fəaliyyət istiqamətlərindən biri insanların vaksinasiya edilməsidir. Vaksinasiyanın faydalarını və təhlükəsizliyini təbliğ etmək lazımdır ki, insanlar könüllü şəkildə vaksin vurdursunlar. Belə olan halda insanlar epidemiyadan heç olmasa birtəhər xilas ola bilərlər. Təbii ki, bunun əks tərəfi də var. Bəzi qruplar var ki, onlar vaksinasiyanın ziyanlı tərəflərini təbliğ edirlər. TƏBİB sədri Ramin Bayramlı sağ olsun, ümumiyyətlə, vaksinasiya ilə bağlı mübarizə aparmadı və hazırda peyvəndin əleyhdarlarına tam məğlub vəziyyətdədir, artıq o uduzub.

Bəlkə də dünyada yeganə ölkə bizik ki, vaksin vurdurmamağa görə pul veririk. Hətta insanlar bunun üçün həmin vaksinin bazar dəyərindən daha çox pul ödəyirlər. Misal üçün, “Pfizer”in satış qiyməti 25-30 avro olduğu halda bizim insanlar gedib, 150-200 manat verir ki, mənə vaksin vurma. İqtidar partiyasının da bu məsələyə yanaşması çox primitiv, səthidir. Ən bariz nümuməsi deputat Məlahət İbrahimqızı deyir ki, insanlar cahildirlər, şayiələrə inanırlar, ona görə də vaksin vurdurmurlar. Belə təfəkkür və bu cür yanaşma ilə, təbliğatla koronavirusla mübarizə aparmaq olmaz. Nə qədər üzücü olsa da peyvəndlənmənin, növbənin təşkili çox bərdad vəziyyətdədir”.

“Növbəti dalğada görünməmiş qiymət artımlarının ortaya çıxacağı qaçınılmazdır”

Gözlənilən qiymət artımı barədə danışan iqtisadçı-ekspert Rəşad Həsənov hesab edir ki, karantin qaydaları yenidən sərtləşdirilərsə, qiymət artımı qaçılmazdır:

“2020-ci il üçün pandemiyanın iqtisadiyyata təsirləri onu göstərdi ki, pandemiya istehsalat prosesində fasilələrin yaranmasına gətirib çıxarıb. Bu, özü-özülüyündə qiymət artımını şərtləndirən faktorlardan biri kimi çıxış etdi. Bunun nəticəsidir ki, alıcılığın aşağı düşdüyü bir zamanda dünya bazarlarında xüsusi olaraq, gündəlik tələbat malları, qida məhsullarının istehsalçı qiymətlərində görünməmiş artımlar baş verdi. Bu kimi təsirlər təbii ki, növbəti dalğa olduğu təqdirdə ortaya çıxacağı qaçınılmazdır. Azərbaycan aspektindən məsələyə baxdıqda bazarın başqa xüsusiyyəti də prosesə öz təsirini göstərir. Məsələn, pandemiyanın qiymətlərə təsirini rəqabətli bazarlarda fərqli şəkildə müşahidə edirik. Amma bəzən qeyri-rəqabətli bazarlarda daha sərt şəkildə özünü təzahür etdirə bilir. Çünki burada bazar iştirakçılarının sayı aşağı, eyni zamanda inhisarçı qiymətlərə koorperativ birləşmələr meyilliyi yüksəkdir. Ona görə də bu qiymətləri daha da artıran faktor kimi çıxış edə bilir.

Bəzi hallarda xüsusi ilə də sosial gərginlik müşahidə edilən dövrlərdə Azərbaycanda və onun kimi digər ölkələrdə çox rahat şəkildə hökumət admistrativ təzyiq alətlərindən istifadə etməklə qiymət artımını müəyyən dövr üçün gecikdirir. Bizdə bazar iştirakçılarının sayı çox deyil. İştirakçıların böyük əksəriyyəti hansısa formada qərar qəbuletmədə iştirakçılara bağlı şirkətlərdir. Çox rahat şəkildə bu şirkətlər müəyyən dövr üçün qiymətlərin artırılmaması ilə bağlı təzyiqlər, təsirlər göstərilə bilirlər”.

“Qiymətlər növbəti aylarda xüsusilə artacaq”

Ekspertin sözlərinə görə, qiymət artımına təsir edən başqa faktorlar da var:

“Xüsusilə ərzaq məhsulları ilə bağlı mövsümilik faktoru da buna təsir göstərəcək. Qiymətlər davamlı olaraq növbəti aylarda kənd təsərrüfatı məhsullarında xüsusilə artacaq. Bununla yanaşı, hərəkət məhdudlaşdırılsa, karantin qərarları qəbul edilsə bu da əlavə qiymət artımını formalaşdıracaq. Üstəgəl, dünya bazarlarında baş verənlərin Azərbaycana idxalı yəni, inflyasiya riski də yüksəkdir. Çünki daxili bazar olaraq, idxaldan asılı ölkələrdən biriyik. Buna görə də dünya bazarlarında müşahidə edilənlərin də, yəni oradakı qiymət dəyişmələrinin Azərbaycan bazarına mərhələli transferini görə bilərik”.

“Pandemiya dünyada qiymət artımı ilə müşahidə olunur”

Real partiyasının sədr müavini, iqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edib ki, hazırda Azərbaycanda qiymət artımı, inflyasiya ciddi sürətlə gedir:

“Hətta rəsmi rəqəmlərdə də inflyasiyanın artdığının şahidi oluruq. Bunun pandemiya ilə bağlı əlaqəsi var. Amma məsələ tək bununla bağlı deyil. Pandemiya dünyada ərzaq indeksinin artmasına, logistikanın bahalaşmasına səbəb olur ki, bu da qiymət artımı ilə müşahidə olunur. Amma Azərbaycan reallığında qiymət artımına təsir göstərən digər amillər də var. Rəqabətsiz mühitin olması, oyunçu sayının azlığı, daxili bazarda yanacağın, o cümlədən dizelin qiymətinin kəskin artması və s. qiymət artımına təsir göstərən əsas amillərdir.

Payız aylarında, üzü qışa getdikcə, bəli, Azərbaycanda ənənəvi olaraq qiymət artımı müşahidə olunur. Bu, əsasən, ərzaq məhsullarında özünü göstərir. Çünki həm tələbat artır, həm də yerli məhsulların bazardan çıxması ilə əlaqədar xarici məhsullar üstünlük təşkil etməyə başlayır. Əsasən də kənd təsərrüfatı sahəsində özünü göstərir”.

BakuPost

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …