Şənbə , Mart 6 2021
Ana səhifə / Aktual / “Özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar”

“Özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar”

Mayor Telman Məmmədov İkinci Qarabağ müharibəsi qazisidir. 44 gün Vətənimizin bütövlüyü uğrunda şərəflə vuruşub. 27 il əvvəl – 15 yaşında doğulduğu Cəbrayıl rayonu işğal olunarkən çıxdığı torpaqlara qalib ordunun zabiti kimi qayıdıb. Onu qələbəyə ruhlandıran bir də, torpaqlarımızın azadlığı uğrunda əks-hücum əmri verilən gün dünyaya göz açan övladıdır. Düşmənə atdığı hər güllə yeni doğulan qızının timsalında bütün uşaqlarımız xoşbəxt, qayğısız böyüsün deyə, bundan sonra heç bir körpəmiz atasız qalmasın deyə atılıb. 

Qafqazinfo.az hərbçimizlə həmsöhbət olub, onun döyüş xatirələrini dinləyib. 

Telman Faiq oğlu Məmmədov 1979-cu ildə Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. Doğma torpaqlarının işğalından sonra ailəsiylə birlikdə məcburi köçkün kimi Bakıya yerləşib. Azərbaycan Dövlət Neft Akademiyasını bitirən Telman Məmmədov 2000-ci ildə zabit kimi hərbi xidmətə yollanıb və o vaxtdan da Beyləqan rayonunda “N” saylı hərbi hissədə xidmət edir. Hazırda hərbi hissə komandirinin müavinidir:

“Lələtəpə tərəfdən döyüşə başladıq, Horadiz, Cəbrayıl, Hadrut (Ağoğlan) istiqamətində döyüşlərdə iştirak etdik. Müharibə başlayan andan bilirdik ki, zəfər bizimdir. Baxmayaraq ki, ermənilərin səddi keçilməz idi, biz onların səddini yarıb keçə bildik. Kənd Horadiz, Cəbrayıl  rayonunun kəndləri və Hadrut qəsəbəsini, həmçinin Hadrutdan sonrakı Tuğ, Çanaqçı, Sığnaq kəndlərini düşməndən azad elədik. Təbii ki, o döyüşlər çox ağır döyüşlər idi. Düşmən ən çox minaatan və toplardan, həmçinin snayperdən istifadə edirdi. Onlar bizimlə üzbəüz döyüşlərdən çəkinirdilər. 27 ildən artıqdır ki, səngər və istehkamlar qurublar, yeraltı tunellərini gücləndiriblər. Düşmən hazırlıqlı olsa da, qüvvəsi bizdən qat-qat az idi. Onları günbəgün geriyə oturtmuşuq. Dağlarda, kəndlərdə öz bayrağımızı sancmışıq, qələbəyə nail olmuşuq. Onlara ordumuzun gücünü göstərmişik”. 

Qazimiz doğulduğu Əmirvarlı kəndindən çıxdığı günü xatırlayır. Deyir ki, o zaman ermənilər kəndi mühasirəyə almışdılar. Qoca, yaşlı demədən hər kəsi qırırdılar. Kənd Araz çayı zolağında yerləşdiyindən, çayı keçib getmək istəyənlər olub. Lakin düşmən ona da imkan verməyib, çaya girəni güllələyib. Ailəsi çətinliklə Xudafərin körpüsünü keçib İran vasitəsilə Bakıya gəlib:

“Bizim öz torpaqlarımıza döyüşə-döyüşə ayaq basmağımız əvəzolunmaz hissdir. Çalışırdıq ki, bütün azad etdiyimiz ərazilərə bayraq sancaq. Dizini qoyub o torpaqları öpən əsgərlərimiz var idi. Qürur hissi keçirirdik ki, biz bu günü gördük. O torpaqlarımızı azad etdik və bu qisas uşaqlarımıza qalmayacaq. Gələcəkdə nəvələrimizə alnıaçıq şəkildə necə döyüşdüyümüzü danışacağıq. General-mayor Mais Barxudarovun təşkilatçılığı, uzaqgörənliyi, peşəkar sərkərdəliyi sübut etdi ki, biz torpaqlarımızı məhz bu cür almalı idik: etap-etap, döyüşərək… Mən həm də Milli Qəhrəmanımız Şükür Həmidov haqqında danışmaq istəyirəm. Çox cəsur, igid oğul idi. Allah ona rəhmət eləsin. Axır günə qədər, bütün döyüşlərdə yanımızda  oldu. Əsl zabitin necə iradəli, necə cəsur olduğunu, necə döyüşməli olduğunu bizə göstərdi. Hər kəs onu görəndə daha da ürəklənirdi. Fikirləşirdik ki, Milli Qəhrəman Şükür Həmidov yanımızdadırsa, bizə ölüm yoxdur!”

Müsahibim deyir ki, düşmən gecə-gündüz təxribat xarakterli həmlələrdən istifadə edib. Qoyub qaçdıqları kəndlərdə evlərin içərisinə qədər hər yeri minalayıblar: “Olurdu ki, atışanda düşməni öldürürdük. Daha doğrusu, onlar özlərini ölülüyə vururdular, yaxına gələndə üstümüzə qumbara atırdılar. Biz bir kəndə girəndə onlar o biri kəndləri qoyub qaçırdılar. Hərbi dildə desək, evlərdə bizim üçün “sürpriz”lər olurdu. Hətta evdə çörəyin altına belə qumbara qoyurdular. Hadrut ərazisində Domu kəndində həyət darvazalarına qumbara  bağlamışdılar. Amma şükürlər olsun ki, elə çox itkimiz olmadı”. 

Vətən müharibəsi qazisi yaralandığı günü belə xatırlayır: “Oktyabrın 5-dən 6-na keçən gecə Daşaltı istiqamətində – Topxana meşəsindən keçərək gedirdik. Meşə o qədər sıxdır ki, maşının mühərriki havasızlıqdan çəkmirdi. Qırmızı Bazar deyilən ərazinin yaxınlığına çatanda ermənilər bizi top atəşinə tutdular. Topun mərmisi mənim olduğum maşının yaxınlığına düşdü, qəlpəsi sinəmə dəydi. Əynimdə “bronijilet” var idi, küləyi məni maşının pəncərəsindən bayıra atdı. Şəxsi heyətdən yaralananlar oldu. Mən də qulaq pərdəmdən zədə aldım. Amma bu, bizim tapşırığı yerinə yetirməyimizə mane olmadı, yaralıları geri göndərib irəli getdik”.

Telman Məmmədov deyir ki, doğulduğu kəndinə müharibə bitəndən sonra gedə bilib. Həmsöhbətimiz bildirir ki, kəndlər o qədər tanınmaz hala salınıb ki, adları olan lövhələr olmasa, bəzi ərazilərdə nə vaxtsa kənd olduğu belə anlamaq mümkün olmazdı. 

Silahlı qüvvələrimizin mayoru ilə qələbədən də danışdıq. Qələbə xalq olaraq hamımız üçün sevinc, qürur, xoşbəxtlik deməkdir. Ömrünün çox hissəsini orduya həsr edən peşəkar hərbçi üçünsə, bundan artığıdır:

“Biz hansısa ərazini geri qaytaranda sevincdən ağlayırdıq. Doğma torpağımıza ilk ayaq basan biz olduğumuza görə qürur hissi keçirirdik. Elə ordumuzun qələbəsinin nəticəsidir ki, gənclərimiz hərbi xidmətə axışırlar. Müddətdən artıq hərbi qulluqçu olmaq istəyənlər əvvəl də çox idi, indi birə beş artıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, əgər sülh istəyirsənsə, güclü ordun olmalıdır. Müharibə göstərdi ki, təkcə fiziki hazırlıq kifayət deyil, həm də hərbçidə sağlam düşüncə, sağlam ruh olmalıdır. Sağlam düşüncə olmasaydı, bəlkə də, şəxsi heyət gecikərdi, itkimiz daha çox olardı”. 

Müharibənin ağır döyüşlərilə bərabər həm də zarafatları olur. Həmsöhbətimiz o günləri acılı-şirinli xatirələrlə yad edir. Bizə qida təminatı gələnə qədər özlərinin necə yemək bişirmələrindən, o yeməyin dadından, ocaq ətrafında dedikləri şeirlərdən, oxuduqları mahnılardan və bütün bunların doğmalaşdırdığı insanlardan ağız dolusu danışır. Qələbə sevinci çətin anları unutdursa da, şəhidlərimizin haqqı ödənilməz: “Sözsüz ki, müharibə itkisiz olmur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı hesabına bu torpaqları aldıq. İş yoldaşlarımızdan da şəhid olanlar var. Bu gün də onları yad edirik, ailələrinə baş çəkirik, problemləriylə maraqlanırıq. Biz sevinirik ki, şəhidlərimizin qisası alındı, onların qanı yerdə qalmadı”. 

İndi zabitimizin bir arzusu var, yeni doğulan övladı da daxil olmaqla bütün ailəsiylə birgə o torpaqlarda yaşamaq. O torpaqların havasını udmaq, suyundan içmək. Bir də doğulduğu Cəbrayıl rayonundan işə gedib-gəlmək…

Həmçinin oxuyun

Mübariz Mənsimova 5 il şərti cəza kəsildi

Azərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib.Məhkəmə …