Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Aktual / OYUNCAQ ABBAS ABBASOV REAL İLHAM ƏLİYEVƏ QARŞI

OYUNCAQ ABBAS ABBASOV REAL İLHAM ƏLİYEVƏ QARŞI

2013-cü il prezident seçkiləri müxalifətdən ötrü biabırçılıqla, gizli fəaliyyətdə olan qaranlıq qüvvələrin isə darmadağın olması ilə başa çatdı.

Bundan sonra elə görünə bilərdi ki, “qırmızı Azərbaycan direktoratı”nın lideri parlaması və uçuruma yuvarlanması tarixçəsi uzaqbaşı yalnız qəzet arxivlərində qalmağa məhkumdur. Elə görünə bilərdi ki, Kremldəkilərin bir hissəsi tərəfindən fəal surətdə dəstəklənən “rus siyasi partiyası”nın lideri Abbas Abbasov silahı yerə qoyub bir kənara çəkilməlidir…

Amma olmadı. Yadınıza gəlirsə, seçkilərə hələ yarım il qalmış, mart hadisələrinin ən qızğın vaxtında amerikalılar effektiv siyasi texnologiyalar vasitəsilə tamamilə heç nədən ictimai etirazları qızışdıranda Əliyev hakimiyyəti bir qədər mürəkkəb vəziyyətə düşmüşdü.

Vəziyyətin mürəkkəbliyi onda idi ki, Rusiyadakı müəyyən qüvvələr də İlham Əliyev hakimiyyətinin devriləcəyi təqdirdə bu situasiya üçün bir növ B planı hazırlamışdılar. Moskvada tələm-tələsik Moskva azərbaycanlılarının birliyini – “Milyarderlər ittifaqı”nı yaratdılar. Bakıdakı ruspərəst narazıları isə Ziyalılar Forumu adlı saxta dissident hərəkatının pərdəsi altında gizlətdilər. SSRİ KQB-sinin agnetura şəbəkəsinin bütün “ağsaqqalları”nı – Eldar Namazovdan Rüstəm İbrahimbəyova qədər hamısını – səfərbər etdilər. Kremlin nəzarətində olan bütün “yağlı” adamları və heç nəyə yaramayan Söyün Sadıqov kimi agentura tör-töküntülərini isə Abbas Abbasovun ətrafına yığdılar.

 

Lakin hamı gözəl başa düşürdü ki, ön plana çıxarılan Kreml əlaltılarının heç biri heç nəyə yaramır, oyun Abbas Abbasovun üstündə qurulub. Baş nazirin sabiq I müavini mahiyyət etibarilə “Azərbaycanın Yanukoviçi” rolunu (sabiq prezidentin 2004-cü ildəki rolunu) oynamalı idi. Yəni Əliyevin gedəcəyi, Qərbin isə meydançaya öz oyunçularını buraxacağı təqdirdə Moskva hərəkətə gəlməli və ölkəni Rusiyanın geosiyasi maraqları orbitində saxlamaq üçün öz ssenarisini həyata keçirməyə başlamalı idi.

Abbas Abbasov rusiyalı generalların ona diktə etdiyi oyun qaydalarını əlbəttə ki, qeyd-şərtsiz qəbul etdi. O, yalançı gizli siyasi hərəkatın liderinə çevrildi. Yəni Abbasov “Heydər Əliyev mənim atam, İlham Əliyev isə böyük qardaşımdır” sözlərini var səsi ilə bəyan etdi və etməkdə davam edir. Əslində isə faktiki olaraq böyük siyasi riyakarlıq oyununda aktyor rolunu faktiki olaraq öz üzərinə götürür. Bu teatral oyunun sonu, finalı isə təbii ki, prezidentin devrilməsi idi.

Lakin İlham Əliyev Qərbin qarşısını kəsdi, Putinlə bütün məsələləri həll edib son nöqtəni qoydu. Müxalifəti mütləq mənada oyundankənar vəziyyətə salmaq üçün çox əlverişli siyasi vəziyyət yaratdı. Siyasi səhnəni “beşinci kolon”dan və Qərbin agentura şəbəkəsindən təmizlədi. Bununla da hər hansı kataklizmlərsiz və rəngli inqilablarsız sabit gələcəyi təmin etdi. Buradakı siyasi mühit çox fərqlidir – burada nə Liviya ssenarisi cücərməz, nə də Suriya. Burada heç Ukrayna ssenarisinə də yer yoxdur.

Bəs Abbasov bu halda nə etməli idi? Abbasovun Federal Təhlükəsizlik Xidmətinin (FTX) laboratoriyalarında şəxsən onun üçün hazırlanmış bütün “oyuncaq” postlardan istefa verməkdən başqa çıxış yolu yox idi. Məqsəd isə bu yolla “qırmızı direktorat”ın liderindən azərbaycanlıların liderinə çevrilmək idi. Hələlik Rusiyadakı azərbaycanlıların liderinə… “Görək sonra necə olur” qənaəti ilə… Lakin sonra heç nə alınmadı. Direktoriya iflasa uğradı.

Bəs Abbasov nə edir? O, hətta sarsıdıcı məğlubiyyətdən və ifşa olunandan sonra da bəyan edir ki, Rusiya azərbaycanlılarının lideri olaraq qalır və “Rusiya ilə Azərbaycan arasında dostluğu gücləndirmək naminə işləməkdə” davam edir.

Lütfən bir dəqiqə, əvvəla, sual yaranır: ondan Rusiya-Azərbaycan dostluğu naminə fəaliyyət göstərməyi kim xahiş edib? Abbasovun cavabı budur: prezident xahiş edib. Bəs haçan edib? Nə olsun ki, prezident haçansa hansısa bir ifadəni işlədib?! Bu əsl bizanslı isə yunan demaqoqu inadkarlığı ilə həmin sözdən bu günə qədər də ikiəlli yapışıb.

Abbasovun bütün rəsmi çıxışları əsl bizanslı məkri nümunəsidir. Hələ onun sözünə fikir verin: “Qoy İlham Əliyev şəxsən özü mənə desin, mən də hər şeyi qoyub gedim”.

Əgər bu sözü Əliyevin dövlət aparatındakı etiket qaydalarını bilməyən, bundan əsla xəbərdar olmayan biri desəydi, onun səmimiyyətinə yenə də haradasa inanmaq olardı. Lakin bu sözü Əliyev hökumətində 14 ildən çox rəhbər vəzifədə işləmiş biri deyir! Əliyev hökumətindəki yazılmamış qanunları və anlayışları kim də bilməsə, Abbasov yaxşı bilməli idi! Abbasov doğrudanmı belə hesab edir ki, prezident dəstəyi götürəcək, ona zəng edəcək və birbaşa Lyubyankada onun üçün hazırlanmış “ehtiyat aerodrom”dan uçub getməyi xahiş edəcək?

Digər tərəfdən, Abbas Abbasov doğrudanmı hələ indiyə qədər də səmimi şəkildə belə hesab edir ki, o, baş nazirin I müavini postundan uzaq 2006-cı ildə istefaya vermək və ümumittifaq əhəmiyyətli təqaüdçüyə çevrilmək qərarına elə-belə, könüllü şəkildə gəlib?

Axı səthi analitik təhlil qabiliyyəti olan və Əliyev hakimiyyətinin siyasi fəlsəfəsi ilə azdan-çoxdan məlumatı olan adamlar da yaxşı bilir ki, yazıçı Viktor Suvorovun da dediyi ki, bu hakimiyyətin dəhlizlərinə girmək bir manatdır, oradan çıxmaq isə iki manat. Abbasov bu hakimiyyətdən könüllü şəkildə ayrılmağa, ondan könüllü şəkildə qopmağa dair heç olmasa bircə nümunə gətirə bilərmi? Yox, bu, yalnız xəyanət halında mümkündür.

A.Abbasov nəyə görəsə bizim hamımızı axmaq sayır. O, bir neçə gün öncə bizim saytımıza açıqlamasında görün hələ nə deyir: “Mənim əlim prezidentə çatmır, onunla görüşə, danışa bilmirəm. Məni onun yanına buraxmırlar”.

Abbasov bu məqamda adama bilirsinizmi kimi xatırladır? 37-ci ildə güllələnməyə aparılan, amma İosif Vissarionoviçin bundan xəbərinin olmadığına inanan adamları…

Abbasov doğrudanmı bu qədər sadəlövhdür? O, doğrudanmı belə hesab edir ki, Azərbaycanın Rusiyadakı səfirliyi onun təşkilatını parçalayır, Söyün Sadıqovun qarşısına xalı sərir, bütün ictimaiyyət onu bir ağızdan “ikinci Əliheydər Qarayev” (1920-ci ildə Azərbaycanı Rusiyanın tərkibinə qatmağa çağıran məşhur bolşevik) adlandırır, ölkənin ali rəhbərliyi isə bu haqda heç nə bilmir? Çox gülməlidir.

Amma Abbasov indulgensiyaya, özünü günahları qarışıq satın almağa bel bağlayır. Abbasov doğrudanmı hələ də başa düşmür ki, Heydər Əliyev kimi İlham Əliyev də xəyanəti, illah da şəxsi plandakı xəyanəti heç vaxt bağışlamır?! Əgər Abbasov ali kasta üzvləri üçün müəyyən edilən yazılmamış oyun qaydalarını pozmayıbsa, Azərbaycan hakimiyyəti onu niyə, hansı əsasla günahsız qurban kimi seçməlidir? Qaydaları pozdu, satdı, qaçdı və cəzalandı!

Lakin bu yaxınlarda yaşanan indulgensiya təcrübəsinin (məsələn, Fərhad Əliyevin timsalında) də göstərdiyi kimi, hakimiyyət Brutu yalnız o halda bağışlayır ki, o, açıq şəkildə çıxıb tövbə eləsin, ambisiyalarından əl çəksin. Ən xırda etiraz belə sərt hakimiyyətdə dəhşətli qəzəb doğurur və o, buna görə amansız cəza verir.

Tövbə etməkdən imtina edən və hələ də ağdərili Mandela simasında real Azərbaycana qayıtmağı xəyal edən Əli İnsanov buna parlaq misaldır. Hərçənd ki, daha parlaq nümunə elə Abbas Abbasovun özüdür. Onun geriyə, Azərbaycana yolu yeganə perspektiv vəd edir – həbsxana narası.

Və tutaq ki, Ayaz Mütəllibovdan fərqli olaraq Abbas Abbasovun reanimasiya və qayıtmaq şansı da artıq yoxdur. Mütəllibov bu hakimiyyətin düşməni idi, Abbasov isə Əliyevə xidmət edib. Mütəllibovu ümummilli konsensus naminə bağışladılar, Abbasov isə bu konsensusun subyekti ola bilməz. Axı o, hakimiyyət düşərgəsində olub.

Beləliklə, istefada olan, bütün Rusiya azərbaycanlılarının liderliyinə iddia edən 67 yaşlı məmurun ancaq bir yolu qalır – hakimiyyətlə qarşıdurma. Ancaq Abbasov buna da getməz. Niyə? Axı Bakıda bilirlər ki, Abbasovun arxasında kim dayanır və o, hər gün kimin kandarını yağır edir. Əliyev hakimiyyətinə qarşı istənilən çıxış şəxsi çağırış kimi qarşılanacaq.

Rəsul Quliyevdən və ya Hüseyn Abdullayevdən fərqli olaraq Abbasova heç kim hakimiyyətə qarşı döyüşməyə və ikinci müqavimət cəbhəsi açmağa imkan verməz. O, BND, hətta MKİ ilə əməkdaşlıq etmir. Bizansın girovudur. Orada isə bütün siyasət xalça altından yürüdülür.

Ona görə də Abbasov ona Bakıdan göndərilən hər cür zəqqumu sükutla udur, axı o, özünün əsas vətəni Moskvada oyun qaydalarını poza bilməz. Orada heç kim buna görə onun başını sığallamaz. Lakin belə olan halda Abbasov Moskvanın nəyinə lazımdır? Əgər Bakıda hansısa amerikalı general peyda olsa və Rusiya marşrutuna alternativ yeni boru kəmərinin marşrutu cızılsa, xüsusən də Türkmənistan qazının Azərbaycan üzərindən tranziti haqda qızğın müzakirələrin getdiyi indiki vaxtda, Abbasov hiss olunmadan ortaya çıxıb Rusiya-Azərbaycan dostluğu haqda hansısa bəyanatla çıxış edəcək. Uzaq Moskvada kimlərsə Azərbaycan hakimiyyətinə bu ağırçəkili oyuncağı göstərir – baxın, uşaqlar, uduzarsınız, odla oynayırsınız…

Rusiya isə artıq bir dəfə Gürcüstanda sübut edib ki, oyuncaq da prezident ola bilər, özü də təkcə iri korporasiyanın yox, bütöv ölkənin prezidenti.

Marqvelaşvili sizə Fransis Veberin ölməz komediyasındakı həmin oyuncağı xatırlatmır ki? İndi isə Abbas Abbasovun Rusiyadakı prezident seçkiləri kampaniyası zamanı Lujnikidəki çıxışına diqqətlə baxın, görün o necə də ürəkdən deklamasiya edir: “Yaşasın Putin!”

Bu da yaxşı oyuncaqdır. Hələlik Moskvadakı bəzi generalların əlində…

İndi siz anladınızmı ki, Bakıda Abbasovun ətrafında niyə bu qədər tozanaq var? Və o nədən hələ də ölkənin aparıcı KİV-lərinin ön səhifələrindədir?

Ancaq Abbasovun faciəsi bunda deyil ki, o, real vitse-premyerdən Moskva oyuncağına çevrilib! Faciə ondadır ki, o, tamamilə çıxılmaz vəziyyətdə qalıb. Bakıya yolu bağlıdır. Qərbə qaçmaq – Litvinenko nümunəsində olduğu kimi polonium sıyığı deməkdir. Moskvada isə ona bir tale cızıblar – oyuncaq taleyi…

Nə qədər patetik səslənsə də heç vaxt öz prezidentinizi satmayın! Və heç vaxt öz vətəninizi satmayın! Əks halda siz gözdən düşmüş Moskva və ya Berlin oyuncağına çevrilərsiniz…

Eynulla Fətullayev

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın