Bazar ertəsi , Sentyabr 16 2019
Ana səhifə / Aktual / “Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

“Övladım əlimdən getdi, borcun içində də batıram”- sabiq müstəntiqin işi

Dələduzluqda ittiham edilən sabiq müstəntiq hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda suçlanan Bəhruz Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə verib. Onlar zərərçəkmiş olduqlarını deyirlər. Çünki yaxınlarının azadlığa çıxması üçün Bəhruz Quliyevə müəyyən məbləğlərdə pul veriblər. İstintaq orqanı isə bunu rüşvət kimi qiymətləndirdiyi üçün onları zərərçəkmiş yox, şahid kimi tanıyıb.

Sonuncu məhkəmə iclasında məlum olub ki, B.Quliyev Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi olub.

Məhkəmədə ifadə verən Məhbubə Məmmədova deyib ki, oğlu həbs edilib və onun işinin istintaqını müstəntiq Bəhruz Quliyev aparırdı.

Onun sözlərinə görə, oğlunun işinin daha yüngül maddəyə tövsif olunması və azadlığa buraxılması üçün B.Quliyevə pul verib.

O, bu məqsədlə bir neçə dəfəyə 5 min manat pul verdiyini, indi də faiz ödədiyini bildirib.

“Bilmirəm, səhv eləmişəm, yoxsa düz eləmişəm, amma eləmişəm. Mən anayam, nə çəkdiklərimi analar yaxşı anlayar. Ana öz balasından ötrü hər şeyə gedir. Bu da mənə söz verdi ki, oğlumun işini yüngülləşdirəcək, ağır maddələr verilməyəcək. Ona verdiyim pulu faizlə götürmüşdüm. Bu günə qədər də faiz ödəyirəm. Lap nə qədər cəza alsa da, ondan əl çəkən deyiləm. Övladım o tərəfdən əlimdən getdi, bu tərəfdən də borcun içində batıram”- deyə M.Məmmədova bildirib.

Dindirilən Dəyanət Əliyev isə qardaşının işindən ötrü B.Quliyevə pul verdiyini deyib.

“Qardaşımın vəziyyətinin yüngülləşib tez azadlığa buraxılması üçün müstəntiqə 7 min manat pul verdim. Amma dəyişən heç nə olmadı. Əvvəl 15 mindən başladı. Sonra düşə-düşə gəlib 7 min manatda dayandı. Biz də o pulu vermişik. Amma heç nə dəyişmədi”.

Telman Əliyev də dindirilənlərdən olub. O, oğlu haqqında cinayət işinə xitam verilməsindən ötrü B.Quliyevin ondan 5 min manat pul aldığını deyib.

Bu işdə fərqli epizod yalnız Elvin Novruzovla bağlıdır. Belə ki, E.Novruzov işə düzəlmək üçün sabiq müstəntiqə pul verib:

“Hərbi xidmətdən qayıdandan sonra işə düzəlmək istədim. Qohumlardan biri polis idarəsində müstəntiq işləyən tanışı vasitəsilə polis orqanlarına işə düzəldə biləcəyini dedi. Bəhruz Quliyev 6 min 500 manat pul istədi, biz də razılaşdıq”.

İttihamlara münasibət bildirən B.Quliyev bunları deyib:

“Elvin düz danışır, onun işə düzəlməsi üçün həmin məbləğ alınmışdı. Amma o pul mənə qalmayıb, başqa birinə verilib. İşi də həmin adam düzəldəcəkdi. Bilirsiniz, elə məsələlər var ki, onları demək üçün əlimdə sübutum yoxdur. Sübut olmadığına görə də deyə bilmirəm. Sübut olmadığına görə də ad çəkmək istəmirəm. Ona görə də şərh vermirəm”.

Məlum olub ki, dəymiş zərərin müəyyən hissəsi qaytarılıb.

Həmçinin oxuyun

İki deputat yenidən direktor oldu – AMEA-da seçki

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Humanitar Elmlər Bölməsinin (HEB) ümumi yığıncağı keçirilib.AEMA-dan Mia.az-a verilən məlumata …