Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Ötən həftəsonu yaşanmış çörək qıtlığı barədə böyük marketlərlədən AÇIQLAMA

Ötən həftəsonu yaşanmış çörək qıtlığı barədə böyük marketlərlədən AÇIQLAMA

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirusa qarşı mübarizə çərçivəsində ölkədə 54 saatlıq tam məhdudlaşdırılma tətbiq olundu.
Bu zaman bütün ticarət obyektlərinin, marketlərin və apteklərin bağlı olacağı barədə qərarın verilməsi ilə vətəndaşlar iki günlük tələbatlarını qarşılamaq üçün bu yerlərə axın etdilər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə bir çox marketlərdə çörək qıtlığının yaranması müşahidə olundu.
Bəs görəsən qərardan bir gün əvvəl xəbərdar olan marketlər çörək qıtlığının yaranmaması üçün xüsusi tədbirlər görmüşdümü?
Hər nə qədər bu barədə rəsmi qurumlar tərəfindən verilmiş qərar olmasa da, virusla mübarizə çərçivəsində belə məhdudlaşdırılmaların növbəti həftələrdə də tətbiq olunacağı ehtimal edilir.
Marketlər növbəti belə məhdudlaşdırılmalara hazırlıqlıdırlarmı?
Bununla bağlı ölkədə fəaliyyət göstərən məşhur market şəbəkələri ilə əlaqə saxladıq.
“Araz” Supermarketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Billurə Əmirova bu barədə Yeniavaz.com-a açıqlama verib və bildirib ki, hər nə qədər qabaqlayıcı tədbirlər görsələr də, axşam saatlarında çörək çatışmazlığı yaşandı:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu sərt karantinlə bağlı qərarından sonra “Araz” supermarketlər şəbəkəsi gücləndirilmiş iş rejiminə keçdi. Çörəyə olacaq tələbatı nəzərə alaraq, günlük sifarişlərdən dəfələrlə artıq sayda sifariş verildi. Biz müştərilərin təminatını qarşılamağa çalışsaq da, cümə günü, axşam saatlarında bəzi marketlərdə çörək çatışmazlığı yaşandı”.
B. Əmirova bildirib ki, artıq “Araz” Supermarketlər şəbəkəsi növbəti belə məhdudlaşdırmaya hazırlıq görür:
“Ötən həftəki vəziyyəti nəzərə alaraq və ötən həftəki təcrübəyə əsaslanaraq artıq bu gündən həftə sonu üçün hazırlıqlara başlanılıb. Çörək, un, ət, toyuq, yumurta, meyvə-tərəvəz, kolbasa və süd məhsulları ötən həftəsonu baş vermiş satış gücündən bir neçə dəfə artıq həcmdə sifariş olunacaq”.
“Al” Marketlər şəbəkəsindən saytımıza bildirildi ki, bu məsələdə onlar tədarükçüdən asılıdırlar:
“Çörəyi ölkədə bəlli sayda olan tədarükçülər təmin edirlər. Təəssüf ki, biz də onlardan asılıyıq. Yəni bizdəki çörəyin miqdarı onların istehsal gücünə bağlıdır. Onlar əgər istehsalat gücünü artırsalar, biz də məhdudlaşdırma tətbiq olunan gün, günün sonuna qədər çalışırıq ki, əhalini təmin edək. Amma tədarükçü təmin edə bilmədikdən sonra bizim edəbiləcəyimiz bir şey qalmır. Bizdə çörək gün ərzidə mağazanın yerləşdiyi ərazidən asılı olaraq iki və ya üç dəfə gəlir. Rəflərimizin də də çörək tutumu müəyyən qədərdir. Ondan artığını alıb rəfdə saxlamaq kimi imkanımız yoxdur”.
Həmçinin marketlər şəbəkəsindən bildirildi ki, çörək tədarükçülərinin qarşısına müəyyən tələblər qoyulacaq:
“Bu birinci dəfə idi. Təbii ki, müəyyən tələblər qoyulacaq. Amma, açıq danışaq, əgər bir zavodun gündəlik istehsal gücü müəyyən həddədirsə, ondan artığını təmin edib-edə bilməyəcəkləri də sual altındadır”.
“Oba” Marketlər şəbəkəsindən saytımıza bildirildi ki, ötən tam məhdudlaşdırılmadan öncə şirkət alıcılarını çörəklə təmin etmək üçün əməkdaşlıq etmədiyi müəssisələrə üz tutub:
“Oba marketlər şəbəkəsi gücləndirilmiş iş rejiminə keçdi, növbəti iş günü əhalinin çörəklə təmin olunması üçün bütün vasitələrdən istifadə etdi. Hətta biz öz sifarişlərimizi bir neçə dəfə artırdıq. Heç əməkdaşlıq etmədiyimiz çörək istehsalı müəssisələrinə də müraciət etdik və oradan da çörəyin marketlərimizə matdırılmasına nail olduq. Sadəcə satış biz gözlədiyimizdən çox oldu.
Biz işimizi ehtiyatlı görürük. Qarşıdakı günlərdə də əgər belə bir qərar verilərsə və bu əvvəlcədən bəlli olarsa, biz həmin vaxt çərçivəsində bacardığımız qədər mağazalarımızı və müştərilərimizi çörəklə təmin edəcəyik”.
“Neptun” Supermarketlər şəbəkəsindən saytımıza bildirdilər ki, onların mağazalarında özlərinə məxsus fırın olduğu üçün belə çətinlik yaşamayıblar:
“Həmin gün əvvəlki günlərdən fərqli olaraq iki-üç dəfə artıq çörək götürülmüşdü. Bizim mağazalarımızda çörəklə bağlı ciddi bir problem yaşanmadı. Bizim öz mağazalarımızda fırınımız olduğuna görə onlardan da istifadə olundu. Özümüz də artım etdik, bilirdik ki, belə şeylər ola bilər.
Uzun müddətli qalabiləcək çörək məmulatlarından, lavaşlardan artıq istehsal edəcəyik. Bunu nəzərə alırıq. Bu gündən etibarən tam bu işlə məşğul olan zavodlarla danışıqlar gedir, əgər belə bir şey olarsa iki gün əvvəldən artıqlaması ilə bu məmulatlar götürüləcək”.

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …