Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Orfoqrafiya qaydaları “qaydasız döyüşə” çevrilir

Orfoqrafiya qaydaları “qaydasız döyüşə” çevrilir

Təklif olunan yeniliklər tənqidlə qarşılanır, amma qrammatik qaydaların təkmilləşdirilməli olduğu da vurğulanır

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsi ətrafında müzakirələr davam edir.

Xatırladaq ki, layihədə bəzi sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır (əsgər-əskər, əsginaz-əskinaz, İsgəndər-İskəndər, işgəncə-işkəncə və s). Bundan başqa, “alqı-satqı” sözünün “alğı-satqı” yazılması təklif olunur.

Layihədə təklif olunur ki, tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılsın. Məsələn, Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.

Layihəyə görə, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq “y” bitişdirıcisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Layihədə göstərilir ki, vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin-Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət  və s. sözlərin bu cür sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır.

69 maddədən ibarət olan orfoqrafiya qaydaları AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixli iclasında müzakirə olunaraq çapa tövsiyə edilib.

Aqil Abbas ile ilgili görsel sonucu

Onu da qeyd edək ki, bir sıra tanınmış şəxslər yeni qaydaları kəskin  tənqid ediblər. Milli Məclisin üzvü Aqil Abbas bildirib ki, AMEA alimləri elə bil dilimizin qəsdinə durublar: “İndi də yeni bir orfoqrafiya lüğəti tərtib edirlər, məsələn, ”qəşəng” sözü “qəşənk” yazılmalıdır. Niyə, qaqa, “k”la yazanda hamımız “qəşənk” olacağıq? Nə bilim iki samitin biri düşməlidi, “ədəbiyyat” yox, “ədəbiyat” yazılmalıdı, “riyaziyyat” yox, “riyaziyat” yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?!

Hörmətli alimlər, imkan tapanda Vaqifi, Süleyman Rəhimovu, Səməd Vurğunu təzədən bir oxuyun. O qədər unutduğumuz söz tapacaqsınız ki, özü də təmiz Azərbaycan dilində! Yox, əgər buna imkanınız yoxdusa, onda heç olmasa xarici işlər nazirimiz Elmar Məmmədyarovu məsləhətçi kimi akademiyaya dəvət edin”.

İsa Həbibbəyli ile ilgili görsel sonucu

AMEA-nın vitse-prezidenti, Orfoqrafiya Komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli isə bildirib ki, layihə müzakirələr üçün açıqlanıb: “Orfoqrafiya qaydalarının layihəsi ilə bağlı mətbuatda çox geniş müzakirələr aparılır. Ümumi müzakirələrdə maraqlı təkliflər, mütəxəssis rəyləri səslənir. Lakin irəli sürülən bir çox tənqidi fikir, təklif qeyri-elmidir, professional deyil. Bəziləri subyektiv mövqedən çıxış edirlər, bu da təbiidir. Hətta sadə bir adamın, dilçilik elmindən anlayışı olmayan şəxsin maraqlı bir fikri olsa, nəzərə alacağıq. Biz bunlara dözümlə, səbirlə yanaşırıq. Bütün təkliflər nəzərə alınaraq Orfoqrafiya Komissiyasında müzakirə ediləcək və  təkmil orfoqrafiya qaydaları ortaya qoyulacaq”.

İ. Həbibbəyli qeyd edib ki, yanvarın sonuna kimi müzakirələr davam etdiriləcək və fevralın əvvəllərində təkmilləşmiş variant hazırlandıqdan sonra təsdiqlənməsi üçün Nazirlər Kabinetinə göndəriləcək.(APA)

Elçin Mirzəbəyli ile ilgili görsel sonucu

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə qeyd edir ki, dil akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır: “Azərbaycan türkcəsinin ünvanı Azərbaycan xalqıdır! 70 il ərzində Azərbaycan dili öz tarixi qaynaqlarından mümkün qədər uzaqlaşdırılıb, akademikləşdirilib, mürəkkəbləşdirilib. Təəssüf ki, hələ də qarşısına xalqları tədricən assimilyasiyaya uğratmaqla ”sovet adamı” yaratmağı məqsəd qoyan şər imperiyasının cızdığı sərhədləri aşa bilmirik. İmperiyanın texnoloqları assimilyasiya siyasətlərini birbaşa həyata keçirmirdilər. Bunun üçün müvafiq institutlar var idi… Bu institutlar milli identikliyi qoruyan bütün əsas amilləri tədricən sıradan çıxarır, yararsız hala gətirirdilər”.

Baş redaktor deyir ki, artıq dövlət müstəqilliyimizin 27-ci ilinə qədəm qoymuşuq: “Dövlət, siyasi hakimiyyət Azərbaycan dilinin yad təsirlərdən qorunması və saflaşması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Müvafiq institutlar, mərkəzlər fəaliyyət göstərir, amma necə… Zənnimcə, Azərbaycan dili ilə bağlı islahatlara həmin institutların, mərkəzlərin yerləşdirdiyi binaların nəfəsliklərindən başlamaq və ilk növbədə havanı dəyişmək lazımdır… Sözün bütün mənalarında”.

AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu ile ilgili görsel sonucu

AMEA Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy isə “Yeni Müsavat”a deyib ki, əsas iradların olduğu “alqı-satqı” sözü 1975-ci ildə hazırlanan orfoqrafiya lüğətində də “ğ” ilə yazılıb: “Bu, elmi prinsiplərlə yazılışdır. Bu nədir? Söz kökü cingiltili samitlə bitəndə ona qoşulan şəkilçi olur ”ğ”, karla bitəndə olur “q”. Məsələn, karla bitəndə olur “basqı”, “satqı”, “asqı”, cingiltili ilə bitəndə olur “alğı”, “çalğı”. Eyni qayda tətbiq olunur -qıki, qıkü şəkilçilərinə. Məsələn, seçki, itki, bitki “k” ilə olur, sevgi, silgi, sərgi “g” ilə olur. Bu prinsipləri biz hazırlamamışıq. Bizdən əvvəl hazırlanıb, tətbiq olunub”.

Direktorun sözlərinə görə, layihədə bir çox təkliflər ortaq türkcənin formalaşdırılması zərurətindən irəli gəlib: “Türklər iki ”y” ilə yazdığımız sözləri bir “y” ilə yazırlar. Məsələn, “ədəbiyat” və sair. Biz də həmin sözlərin bir “y” ilə yazılmasını təklif etmişik.

Qeyd edək ki, müstəqillik dövrümüzdə orfoqrafiya qaydaları 2004 və 2013-cü illərdə də yenidən işlənib. Dil qaydalarına belə tez-tez dəyişikliklərin olunması nə qədər məqsədəuyğundur? M.Nağısoy deyir ki, tez-tez dəyişikliklərin olunması, əlbəttə, zərərlidir: “Lakin yol verilən səhvlərin düzəldilməsi də zəruridir. Bir də ki, prinsip məsələsi var. Bütün dünyada yazılış qaydaları fonetik prinsiplərə əsaslanır. Fonetik prinsip sözün deyildiyi kimi yazılmasıdır. Biz də o prinsiplərdən çıxış edərək təkliflərimizi hazırlamışıq. Qəbul olunar yaxşı, olunmaz demək ki, biz düzgün yolda olmamışıq”.

Yazıçı-publisist Mehriban Vəzir ile ilgili görsel sonucu

Yazıçı-publisist Mehriban Vəzir hesab edir ki, Azərbaycan dilinin qrammatik qaydalarında ciddi dəyişikliklər olunmalıdır: “Xüsusilə orfoqrafiya qaydalarında dəyişikliklərə ehtiyac var. Lakin biz görürük ki, orfoqrafiya qaydalarında dəyişikliklər çox tez-tez aparılır. Bu, ona görə belə olur ki, qərarlar geniş ictimai müzakirələr aparılmadan, dil qurumlarının, ədəbi yaradıcı birliklərin müzakirəsindən keçirmədən qəbul olunur. Nəticədə də belə tez-tez dəyişikliklər olunur”.

Orfoqrafiya qaydalarına irəli sürülən bir sıra təklifləri M.Vəzir məqbul sayır: “Tək olan kitablar böyük hərflə yazılmalıdır. Bundan əlavə, ”Əsgər” sözü biz məktəbli olanda da “əskər” yazılırdı. “İsgəndər” sözü də həmçinin. Qrammatikada qayda vardı ki, “g” kimi tələffüz edib “k” yazılmalıdır. Son illərdə bir qaydasızlıq mühiti formalaşıb. Kim necə istəyir yazır. Bu baxımdan, belə dəyişiklikləri məqbul sayıram. Lakin məsələn, “alqı-satqı” sözünün “alğı-satqı” kimi yazılmasının mənasını görmürəm”.

Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsi ilə Dilçilik İnstitutu arasında “fitva” sözünə görə yaranan qalmaqalı xatırladan publisist xanım idarənin mövqeyinin yanlış olduğu qənaətindədir: “İdarənin sözçüsü o zaman açıqlama vermişdi ki, biz onu ”fətva” kimi yazacağıq, Dilçilik İnstitutunun sözü bizim üçün məqbul deyil. Bu, özbaşınalıq idi. Dillə, sözlə bağlı nə bir idarə, nə bir institut təkbaşına qərar verməməlidir. Qərar geniş və açıq müzakirələrdən, hamının rəyi nəzərə alınmaqla verilməlidir. Əksini etsələr, institut təsdiqləyib Nazirlər Kabinetinə göndərsə, – ordakıların da Azərbaycan dilini necə bildikləri hamıya məlumdur, 3-5 ildən sonra yenidən nələrisə dəyişməyə ehtiyac yaranacaq”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …