Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Ordumuzun möhtəşəm hərbi paradı – hədəf bəlli…

Ordumuzun möhtəşəm hərbi paradı – hədəf bəlli…

Ali Baş Komandandan düşmənə aprel döyüşləri və Naxçıvan əməliyyatı xəbərdarlığı; Bakıdakı parada Türkiyə hərbçilərinin də qatılması İrəvanı şoka salıb…

İyunun 26-da, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında möhtəşəm hərbi parad keçirilib. Ali Baş Komandan İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi paradı izləyib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib. Ölkə başçısı paradda iştirak edən şəxsi heyəti salamlayıb. Daha sonra nitq söyləyib. Bunun ardınca şəxsi heyətin keçidi olub. Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti tribuna önündən keçdi. Daha sonra hərbi texnika və uçuş vasitələri nümayiş etdirildi. Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olundu. Paradda habelə Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Ali Baş Komandan İlham Əliyev çıxışında ordumuzun uğurlarından bəhs etməklə yanaşı, işğalçı Ermənistana və onu himayə edənlərə xəbərdarlıq edib. Prezident bildirib ki, Azərbaycan ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir və bunu yaxın tarix göstərir. Ali Baş Komandan deyib: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan ordusu nəzarət edir”.

İlham Əliyev bildirib ki, ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir: “Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı – Azərbaycan ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.

hərbi parad 2018 prezident ile ilgili görsel sonucu

Prezident ardınca deyib ki, ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik. 2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.

Maraqlısı budur ki, Ermənistan hələlik ordumuzun möhtəşəm paradına reaksiya vermir. Düzdür, bəzi dairələrdə demaqogiyanın şahidi oluruq. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Arpin Ovannisyan ABŞ helikopterlərinin Azərbaycan ordusuna necə verildiyi barədə sorğu ilə Konqresə sorğu yollayıb. Erməni deputat Bakıdakı hərbi paradda “Bell-412″ helikopterlərinin nümayiş olunacağı xəbərindən sonra həyəcanlanıb.

hərbi parad 2018 prezident ile ilgili görsel sonucu

Azərbaycanın yeni hərbi avadanlıqlar alması düşmən tərəfi ciddi şəkildə narahat edir. “Rusiyanın hərbi-texniki əməkdaşlığına dair açıqlamalarından aydın olur ki, Ermənistan tezliklə ”Su-30″ SM döyüş təyyarələri, Azərbaycan “Su-35″ və Türkiyə ”Su-57″ təyyarələri alacaq”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Hrant Melik-Şahnazaryan bildirib.

Şahnazaryan “Su-30″ SM, ”Su-35″ qırıcılarının olduqca güclü və təsirli olduğunu, istənilən döyüş əməliyyatında vəziyyətin dəyişə biləcəyinə qadir olduğunu qeyd edib. “Təbii ki, tərəflər qırıcıları hərbi parada görə əldə etmirlər. Əlbəttə ki, müharibəyə hazırlaşırlar. Bununla yanaşı, münaqişə tərəfləri hərbi imkanlarını gücləndirməkdə davam edir, gələcəkdə bəzi problemləri həll etmək üçün müasir silah əldə etmək məqsədilə əllərindən gələni etməyə çalışırlar”, – deyə Şahnazaryan qeyd edib.

hərbi parad 2018 prezident ile ilgili görsel sonucu

İrəvan isə Azərbaycan ordusunun Naxçıvan əməliyyatını təkzib etmək üçün uğursuz cəhdlər göstərir. “Naxçıvan istiqamətində ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının ”Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”. Bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. “Azərbaycan əsgərinin vurduğu tərs şillədən özünə gələ bilməyən və məğlubiyyəti həzm etmək iqtidarında olmayan Ermənistanın hərbi-siyasi rəhbərliyi xalqının qorxusundan dolayı yollar və müxtəlif uydurmalar hesabına özünə bəraət qazanmağa çalışır. Azərbaycan tərəfinin azad edilmiş ərazilərdən nümayiş etdirdiyi video-foto çəkilişlərə heç bir tutarlı faktla cavab verə bilməyən Ermənistanın məkanı bəlli olmayan, hansısa dağlıq ərazilərə ”press-tur”lar təşkil etməkdən başqa bir çıxış yolu qalmır. Azərbaycan əsgərinin Naxçıvanda azad etdiyi ərazilərə mülki əhalinin qayıtması, bu yerlərdə həyatın yenidən bərpa edilməsi artıq müzakirə olunmayan danılmaz faktdır”, – deyə Müdafiə Nazirliyindən bildiriblər.

Hərbi psixoloq Azad İsazadə ile ilgili görsel sonucu

Hərbi psixoloq Azad İsazadə modern.az saytına deyib ki, Ermənistan Bakıdakı hərbi parada görə şokdadır: “Öncə qeyd etmək lazımdır ki, təkcə düşmən tərəfi üçün yox, eləcə də öz xalqımız üçün dünənki hərbi parad bir az qeyri-adi oldu. Biz ən yaxşı silah və hərbi texnikanı göstərdik, amma arxa planda bəlkə də 10 qat daha yaxşı silahlar var. Digər tərəfdən, Azərbaycan tərəfi hər bir texnikanı müəyyən zamanlarda nümayiş etdirmişdi. İstər təlim vaxtı, istər Belarusdan ”Polonez”lər gətiriləndə, istər müdafiə nazirimiz hansısa hərbi hissəsinin açılışında iştirak edəndə… Hər bir texnika, silah-sursata görə ermənilər bir az reaksiya verib, hay-küy yaradıblar. Buna baxmayaraq, biz yenə də bütün bu texnikaları birləşdirib dünənki paradda  nümayiş etdirdik”.

Hərbi ekspert qeyd edib ki, yaxın vaxtlarda ermənilərin reaksiyası müşahidə edilə bilər: “Yaxşı bir söz var: pişiyin əli ətə çatmayanda deyir iylənib. Adətən düşmən tərəfdən bu cür reaksiyaların şahidi olmuşuq. Lakin bu dəfə heç nə görmədik. Aydındır ki, ermənilər öz içlərində yanır. Yəqin ki, bir azdan mətbuatda da olmasa, hansısa reaksiyalarını görəcəyik. Beynəlxalq təşkilatlara, ABŞ Konqresinə məktublar gedəcək, şikayətlər ediləcək. Onların susmağı bizə təsir etmir. Ümumiyyətlə, hərbi paradların məqsədi elə hərbi psixoloji təsirdir. Bu yolla əks tərəfə nəyə qadir olduğumuzu nümayiş etdiririk. Bəzən hərbi psixoloji təsirin nəticəsi elə susmaq reaksiyası olur”.

Üzeyir Cəfərov ile ilgili görsel sonucu

“İyunun 26-da Azərbaycanın baş meydanı olan Azadlıq meydanında keçirilən hərbi parad bundan əvvəl keçirilmiş 4 paraddan hər mənada fərqli və daha möhtəşəm idi”. Bu fikirlər isə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərova məxsusdur. “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan siyasi-hərbi rəhbərliyi bütün dünyaya açıq və sərt şəkildə qətiyyətli mövqeyini bir daha çatdırdı: “Diqqətimi cəlb edən maraqlı məqamlardan biri də gün ərzində Moskvadan, Ukraynadan, İrandan və digər ölkələrdən həm sosial media üzərindən, həm də telefon vasitəsilə hərbi paradımızla bağlı çoxsaylı suallar və nüanslar idi. İnanıram ki, bu 100 illiyə həsr olunmuş hərbi parad mütləq Qarabağla bağlı danışıqlara güclü təsir edəcək. Ən azından düşmən də, bu vaxta kimi ona gizli və açıq havadarlıq edən Rusiya və Amerika da gördü ki, bu qədər gücün və qüvvənin qarşısında Ermənistan adlı dövlət əgər doğru və düzgün yola qayıdıb Qarabağdakı sərsəm ideyalarından əl çəkməyəcəksə, Azərbaycanı durdurmaq mümkün olmayacaq. 2016-cı ilin aprel hadisələri zamanı biz şahidi olduq ki, 20 ildən çoxdur boşboğazlıqla məşğul olan ATƏT-in bivec Minsk Qrupunun Qarabağla bağlı dünyaya çatdırmaq istədiyi fikirlərini məhz Azərbaycan əsgəri öz gücü və qətiyyəti hesabına səs salaraq nail oldu. Bu dəfə də hesab edirəm ki, paradda nümayiş olunan ən müasir silah və sursat yəqin ki, Putin-Tramp və Makron triosunu bir qədər düşünməyə və addımlar atmağa məcbur edəcək”.

Ü.Cəfərov Türkiyənin hərbi paradda iştirak etməklə işğalçıya xəbərdarlıqlar etməsinə xüsusi diqqət çəkdi: “Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələrinin həm piyada, həm də Hərbi Hava Qüvvələrinin şahinlərinin möhtəşəm uçuşları və addımları bir çox bədxahlara bir növ mesaj idi. Yəni Azərbaycan bundan əvvəl də öz qan və din qardaşları olan Türkiyə Cümhuriyyətinə arxa-dayaq olduğu kimi, qardaş ölkənin əsgər və zabitləri də bizim yanımızda olublar və yanımızdadırlar. Yəqin ki, yaxın bir neçə aya biz paradın əks-sədasını hiss edəcəyik”.

Beləcə, dünya Azərbaycanın hərbi gücünə bir daha şahidlik etdi. İndi qalır işğalçının nazı ilə oynayan qüvvələrin düzgün nəticə çıxarması. Əks təqdirdə, Azərbaycan bu qədər hərbi arsenalını, sadəcə, paradda nümayiş etdirmək üçün zənginləşdirmədiyini sübut etməli olacaq. Millət və dövlət olaraq hədəfimiz Qarabağdır! Belə görünür ki, Bakıdakı hərbi parada Türkiyə hərbçilərinin də qatılması İrəvanı şoka salıb. 100 ilin əvvəlində Türkiyə və Azərbaycan ordusu torpaqlarımızın xilası üçün birgə silaha sarılmışdı. Tarix təkrarlana bilər…

Həmçinin oxuyun

“Əgər Ermənistan konstruktiv addımlar atsa və əraziləri boşaltsa…” – Dövlət başçısı

“Əlbəttə ki, sülh regiondakı vəziyyəti tamamilə dəyişəcək. Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi vaxtı görməyi ümid …