Cümə , Oktyabr 19 2018
Ana səhifə / Aktual / Oqtay Əsədov Antalyada Ermənistanın vitse-spikerini necə susdurdu?

Oqtay Əsədov Antalyada Ermənistanın vitse-spikerini necə susdurdu?

Avrasiya ölkələri parlament sədrlərinin Antalya şəhərində keçirilən üçüncü görüşünün plenar iclasında çıxış edən Ermənistan parlamenti sədrinin müavini Eduard Şarmazanov işğalçı dövlətin ənənələrinə uyğun olaraq uydurma erməni soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli və məntiqsiz fikirlər səsləndirib.

AzərTAc bildirir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov təcavüzkar dövlətin nümayəndəsinə tutarlı cavab verərək deyib: “Ermənistan nümayəndəsinin bu mötəbər tədbiri çaşdırmaq üçün söylədiyi fikirlər məni yenidən çıxış etməyə vadar etdi. Əslində bizim bugünkü toplantı bölgədə sülhü, dialoqu və inkişafı təşviq etmək məqsədi daşıyır. Məlum olduğu kimi, Dağlıq Qarabağ xalqı deyilən bir xalq yoxdur. Dağlıq Qarabağda Azərbaycan və erməni icmaları yaşayıblar. Bildiyiniz kimi, Dağlıq Qarabağın Azərbaycan əhalisi etnik təmizləmə nəticəsində öz doğma torpaqlarından didərgin düşüb. Ermənistan nümayəndəsinin hazırda orada yaşayan Qarabağ ermənilərinə öz müqəddəratlarını təyinetmə hüququnun verilməsi ilə bağlı fikri tam yanlış və hüquqaziddir. O zaman belə bir maraqlı fikir meydana gəlir: deməli, ermənilər harada toplum şəklində yaşayırlarsa, orada onlara öz müqəddəratlarını təyinetmə hüququ verilməlidir? Ermənistan nümayəndəsinin çıxışında bu görüşə ev sahibliyi edən Türkiyənin adını çəkməməsi onun siyasi mədəniyyətinin səviyyəsini göstərir”

Spiker qeyd edib ki, Türkiyəni daim “erməni soyqırımı” törətməkdə günahlandıran Ermənistan özü XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində soyqırımı törədib. Bir çox ölkələr, o cümlədən ABŞ-ın 18 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar, BMT, Avropa Şurası, Avropa Parlamenti Ermənistanı işğalçı ölkə kimi tanıyır. Ermənistandan başqa, bütün dünya dövlətləri Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyır. Bu da onu sübut edir ki, münaqişə tərəfi Dağlıq Qarabağ yox, məhz Ermənistandır”.

Həmçinin oxuyun

Nazir Qalib Rəhimovu işdən çıxardı

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Qalib Rəhimov işdən azad edilib.  “Qafqazinfo” nun …