Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Aktual / “Onlar məktəbdə ancaq maaş davası edirlər…”

“Onlar məktəbdə ancaq maaş davası edirlər…”

Ötən gün 67 saylı məktəbdə ikinci sinif şagirdinin yemək yeyən zaman boğularaq ölməsi valideynlər arasında təşvişə səbəb olub. Belə ki, dili qatlanan şagirdin həyatının xilas oluna bilməməsi məktəblərdə tibb məntəqəsi məsələsini yenidən gündəmə gətirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, “Təhsil haqqında” Qanununa əsasən, şagirdlərə tibbi xidmət pulsuz göstərilir:

“Ümumi təhsil müəssisələrində tibb xidməti Nazirlər Kabinetinin 2010-cu il tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na əsasən həyata keçirilir. Belə ki, müvafiq Qaydaya uyğun olaraq, ümumi təhsil müəssisələrinin binasında müvafiq yerlərdə tibb otağı ayrılıb. Həmin otaqlar zəruri avadanlıqlarla təmin edilib. Məktəblərdə tibbi xidmət işi isə yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən yerinə yetirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri tibb məntəqəsi ilə təmin edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə yerli poliklinikalar tərəfindən nəzarət edilir. Eyni zamanda, məktəb direktorları tibb bacısı və ya həkimlərlə, həmçinin yerli poliklinikalar ilə sıx əlaqəli işləyir”.

Tibb eksperti Adil Qeybullanın sözlərinə görə, məktəbdə bütün uşaqların tibbi vərəqəsi olur və tibbi müayinələrin nəticələri də elə həmin vərəqdə öz əksini tapır:

“Şagirdə nəsə olarsa, təcili tibbi yardım maşını gələnə kimi tibb bacısı ilkin yardım göstəriməlidir və o, birbaşa məsuliyyət daşıyır. Bundan başqa, tibb bacısının hər hansı bir situasiyada uşağa iynə vurmaq səlahiyyəti yoxdur. Yalnız yüngül dərmanlardan verə bilər.

Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir”.

Adil Qeybulla

Tibb məntəqələrində hansı dərman və avadanlıqların olması zəruridir?

Yod, spirt, 3 faizli hidrogen peroksid, sarğı materialları, qanaxmanı saxlamaq üçün elastik juqut, həmçinin təzyiqi ölçmək üçün monometr, tibbi iynələr.

Bütün məktəblərdə lazımi tədbirlər görülürmü?

Təhsil üzrə ekspert Kamran Əsədov məsələyə münasibət bildirən zaman bu kimi ölüm hallarının hər il təkrarlanırdığını bildirib. Ekspert qeyd edib ki, artıq Təhsil Nazirliyi bununla bağlı iş görməlidir:

“Bu, birinci hal deyil. 67 saylı məktəbdə baş vermiş hadisə nəyi göstərir? Birincisi, ümumilikdə məktəbdəki şəxslərin ilkin tibbi yardım göstərmək bacarıqları yoxdur. Normativ akta əsasən isə məktəbdə çalışan hər bir şəxs şagirdlərə ilkin tibbi yardım göstərmək bacarığına malik olmalıdır. İkincisi isə, ibtidai sinif şagirdlərinə evdən yemək gönədərilir və həmin qidalar kor-koranə şəkildə qəbul olunur. Ancaq həmin uşaqların  nəzarətsiz şəkildə qidalanmasına icazə yoxdur. Məktəbdə uşağın dilinin qatlanıb ölməsi bilirsiz nə deməkdir? Bu təkcə təhsil sisteminin aşağı səviyyədə olmasından xəbər vermir, həm də məktəbdəki xidmətin aşağı olduğunun göstəricisidir.

Bir çox xəstəliklər var ki, onlara qarşı profilaktik işlər görülməlidir. Amma məktəblərin tibb otaqlarında bu kimi xidmətlər göstərilmir. Bundan başqa, bufet, yeməkxana, antisanitar qovşaq belə tibb bacıları tərəfindən yoxlanılmalıdır”.

Kamran Əsədov

Kamran Əsədov hazırda məktəblərdə tibbi, psixoloji xidmət səviyyəsinin acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb:

“Bu gün məktəblərdə psixoloji və tibbi xidmət çox aşağı səviyyədədir. Onlar ancaq maaş davası edirlər, göstərdikləri xidmətə görə heç maaş vermək də lazım deyil. Tibbi məntəqələr, dövlət tərəfindən onlara göndərilən avadanlıqlar şəxsi məqsədlər üçün istifadə olunur.

Ümumilikdə təhsil işçilərinin vahid sorğu cədvəli var. Orada orta ümumtəhsil məktəblərində vəzifəsinə görə təyinatlar yer alıb. Həmin vəzifələrə təyinat bir neçə qurumun: Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və ərazinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Əmək haqqı isə təhsil işçilərinin vahid sorğu ştat cədvəlinə görə ödənilir. Yəni məktəblərdəki tibb bacısı fəaliyyətinə görə ayrı, poliklinikadakı fəaliyyətinə görə ayrı əmək haqqı alır. Əgər siz təhsil müəəssisəsinin daxilində fəaliyyət göstərirsinizsə, birbaşa Təhsil Nazirliyinin tabeliyindəsiniz. Təyinat yerli tibb orqanı tərəfindən edilsə də, əmək haqqı da nazirliyin tabelilik qaydasına əsasən kiçik tibb bacısı 180 manat, böyük tibb bacısı 210 manat orta əmək haqqı alır.

Bəzən tibbi, psixoloji, kitabxana, təsərrüfat xidmətləri kimi  təyinatı direktorların özləri də verir. Özünə yaxın adamı, qohumunu göndərir. Bu səbəbdən də hazırda məktəblərimizdə bu sahələrdə vəziyyət çox acınacaqlı haldadır”.

Səfayə Əhmədova

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın sözlərinə görə, ərazidə olan bir neçə tibb məntəqəsinə bir həkim təyin olunur:

“Ancaq bütün tibb məntəqələrində bir tibb bacısı dediyimiz orta tibb işçisi fəaliyyət göstərir. Onların da hamısı öz işini bilən mütəxəssislərdir. Funksiyaları ondan ibarətdir ki, məktəbdə infeksion xəstəlikləri(məsələn qrip, qızılca) olan uşaqların yoxlanması, ilkin tibbi yardım, hər hansı bir ekstremal vəziyyət yarandıqda tibbi yardım maşınını çağırmaq. Məsələn dünənki hadisədə tibbi yardım maşını dərhal çağırılıb və 9 dəqiqəyə təcili yardım məktəbə çatmışdı. Tibb ocaqlarına lazım olan ləvazimatlar isə poliklinikalar tərəfindən təmin olunur”.

Bəs regionlarda, xüsusilə də, ucqar kəndlərdə fəaliyyət göstərən məktəblərin tibbməntəqələri varmı?

Həbib Əlizadə

Bununla bağlı sualımızı ölkənin bir neçə ucqar kənd məktəbində fəaliyyət göstərən gənc müəllim Həbib Əlizadəyə yönəltdik. Həbib müəllimin sözlərinə görə, hazırda kənd məktəblərində tibb otağı və ya tibb bacısı anlayışı, demək olar ki, yoxdur:

“Əvvəl çalışdığım Gəgiran məktəbində, ümumiyyətlə, tibb otağı görməmişəm. Bəzi kəndlərdə ola bilər ki, olsun, ancaq bunu elə də çox müşahidə etməmişəm. Ölkənin müxtəlif bölgələrində ucqar kəndlərdə yerləşən kənd məktəblərində ya tibb otağı yoxdur, ya da ki, lazımi şəkildə istifadə olunmur. Ola bilər ki, təzə tikilmiş məktəblərdə tibb otaqları olsun, ancaq yenə də həkim problemi müşahidə olunur. Ümumiyyətlə, kəndlərdə həkim problemi hər zaman var.

Dağ kəndlərində uşaqlar çox nadir hallarda müayinədən keçirilir. O da ya valideyn şəhərə aparan zaman, ya da hər hansı bir aksiyaya görə. Yaxşı olar ki, sahə xəstəxanalarında fəaliyyət göstərən tibb bacıları bəlli bir zamanda məktəblərdə minimal müayinələri həyata keçirsin. Və ya müəllimlərimizin heç olmasa ilkin tibbi yardımı öyrənməsi üçün təlimlər keçirilsin”.

Günel Hacı

Həmçinin oxuyun

“Cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək” – Deputat

“Belə görünür ki, cəbhədə vəziyyət gərginləşməkdə davam edəcək və bunda da Ermənistan tərəfi maraqlıdır”.  Bunu …