Ana səhifə / Aktual / Onkoloq Nəsimi Məmmədov: “Xəstə ağlayırsa, həmin günü o əməliyyata girmirəm”

Onkoloq Nəsimi Məmmədov: “Xəstə ağlayırsa, həmin günü o əməliyyata girmirəm”

“İnsan o qədər çox yaşamalıdır ki, öz xərçənginə tutulsun”

Süd vəzinizin ölçüləri dəyişib?

Qollarınızı hərəkət etdirərkən, süd vəzinizdə narahatlıq hiss edirsiniz?

Yaşınız 35-i keçib?

30 yaşdan sonra ana olmusunuz?

Elə isə həkimə müraciət etməyin vaxtıdır.

Bu səbəb və əlamətlər  hər üç onkoloji xəstə qadından birində müşahidə edilən süd vəzi xərçənginin əlamətləri hesab edilə bilər.

Amma qorxmağa ehtiyac yoxdur. Sadəcə, əvvəldən tədbir görmək lazımdır.

Nə edə bilərik? Bu xəstəlikdən qorunmaq mümkündürmü?  Kimlər risk qrupuna daxildir?

“Qırmızı xətt” layihəsində suallarımızı  Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırır.

Dünyada 2000-ci ildə 10 milyon adam xərçəng xəstəliyi ilə tutulubsa, ekspertlər 2020-ci ildə bu göstəricinin artaraq 15 milyon nəfərə çatacağını proqnozlaşdırırlar. 2000-ci ildə dünyada 56 milyon adamdan 12 faizinin (6.2 mln. nəfər) ölüm səbəbi bədxassəli şiş olub.

Müsahibimiz əvvəlcə, xəstəliyin bu qədər artmasının səbəblərindən danışır.

N.Qasımovun sözlərinə görə, dünyada belə bir tendensiya var – inkişaf etmiş ölkələrdə bədxassəli şişlər daha çox müşahidə edilir.  Süd vəzi xərçəngi isə bunların içərisində önəmli yer tutur: “Azərbaycan iqtisadiyyatının da sürətlə inkişaf etməsi, insanların həyat şəraitinin yaxşılaşması bir sıra bədxassəli şişlər, əsasən də süd vəzi xərçənginin artımına səbəb olur.  İnsanlar bəzən həyat şəraitinin yaxşılaşmasının xəstəliklərin artması ilə mütənasiblik təşkil etməsini anlamırlar. Lakin bu mütənasiblik xüsusən süd vəzi xərçəngində özünü göstərir. Xəstəliyin ən çox ABŞ və Avropanın inkişaf etmiş ölkələrində yayılması bir daha bunu təsdiqləyir. Həmin ölkələrdə süd vəzi xərçəngi xəstəliyi stabilləşib və əhali arasında ən çox yayılmış xəstəliklərdəndir. Yeni iqtisadi inkişafa qədəm qoyan ölkələrdə bu xəstəliyə tutulanların sayı artmaqda davam edir”.

Həkimin sözlərinə görə, ölkəmizdə bu xəstələrin aşkarlanma sayı iki dəfə artıb:

“1996-cı ildə Azərbaycanda süd vəzi xərçəngi ildə  800 nəfərdə aşkarlanmışdısa, 2012-ci ildə onların sayı 1450 nəfəri keçib. Bu, təxminən 16 ildə iki dəfə artım deməkdir. İnsanlar düşünə bilər ki, əhalinin də sayı artıb. Lakin əhalinin sayı iki dəfə artmayıb”.

Xəstələrin sayı niyə sürətlə artır?

Müsahibimizin sözlərinə görə, bu artım qadınların karyera, təhsil imkanlarının artması və ailə qurmağın sonrakı plana keçməsi ilə bağlıdır:

“Xəstəliyin artmasına səbəb insanların hərtərəfli təhsil alması, özünə yaxşı həyat şəraiti qurması və yaşamasıdır. Qadınlar ali təhsil, daha sonra magistratura, doktorantura təhsili alır, çox zaman yaxşı iş qurmaq istəyirlər. Bütün bunlar vaxt tələb edir. Qadınlar təxminən 30 yaşda yaxşı təhsil və iş imkanı əldə edirlər. Bundan sonra ailə qurmaq barədə düşünürlər. Təxminən 10 il əvvələ qədər ailə quran qızların yaşı 19-20 idisə, indi bu yaş artır.  Bu da ilkin hamiləliyin 30 yaşdan sonra baş verməsinə səbəb olur. Statistik olaraq təsdiq olub ki, 30 yaşdan sonra hamilə qalan qadınların süd vəzi xərçənginə tutulma ehtimalı daha çoxdur.

Bundan başqa, ilkin hamiləliyi doğuşla nəticələnməyən qadınlar da risk qrupuna daxildir.  Həmçinin az uşaq dünyaya gətirmə və onların südlə qidalandırılmaması da risk faktorunu artırır”.

Xaricdə müalicə

İnkarolunmaz faktdır ki, xarici ölkələrdə müalicəyə üstünlük verənlər arasında xərçəng xəstələrinin sayı az deyil.  Onlar bunu yerli həkimlərin yanlış müalicə və diaqnozu ilə əlaqələndirirlər. Müsahibimiz deyir ki, yanlış diaqnoz qeyri-ixtisaslı həkimlər və özəl klinikalarda qoyula bilər:

“Müraciət edən qadınların çoxunda süd vəzi patologiyası olmur. Boynunda osteroexandroz, çiyin əzələrinin miazit və fleksit deyilən iltihabi vəziyyəti süd vəzi xərçəngi ilə səhv salır və xəstələr təşvişə düşürlər. Amma təəssüf ki,  insanlar çox vaxt qeyri-mütəxəssislərə, özəl xəstəxanalara, yaxud xaricə üz tuturlar. Lakin son məqamda yenə də bizə müraciət edirlər. Biz heç kimə “xaricə getmə” deyə bilmərik, sadəcə,  doğru seçim etmək lazımdır.

Ölkəmizdə bu işlə peşəkar şəkildə məşğul olan Milli Onkologiya Mərkəzi, eləcə də Tibb Universitetinin Onkoloji Klinikası var. Bu klinikalarda yüksək ixtisaslı mütəxəssislər çalışır.

Prezident sərəncamına əsasən, bədxassəli şişlərin kimyəvi dərman terapiyası, onların müalicəsinə sərf olunan dərmanların xərci Prezident Fondundan ödənilir. Bizdə süd vəzi xərçəngi ilə bağlı müalicə və müayinə inkişaf etmiş ölkələrdən geri qalmır. Lakin bu xidməti onkoloji xəstəxana və mütəxəssis göstərməlidir.

Onkoloji xəstə öz həkimi ilə dost olur və hətta həkimdən daha çox yaşayır. Sadəcə xəstə həkimi ilə əlaqələri qırmamalı, həkim verən məsləhətlərə əməl etməlidir. Bu əlaqələr qurulanda onları yaxşı müalicə edib, ömrünü də uzadırıq. Təbii ki, heç bir ömür daimi deyil. Bu yaxınlarda bir xəstəm yanıma gəldi, onu 1979-cu ildə əməliyyat etmişdim”.

Həkimin sözlərinə görə, bəzi xəstələr  onkoloji xəstəxanaya gəlməkdən çəkinir, qorxurlar. Lakin insan nikbin olmalıdır. Nikbin insanlar bütün xəstəliyə qələbə çalır: “Xəstə ağlayırsa, həmin günü o əməliyyata girmirəm. İçimdə belə bir inam var ki, ağlamaqla başlanan əməliyyatın sonu da ağlamaq olacaq”.

Pulsuz müayinə

N.Qasımov Milli Onkologiya Mərkəzinin səyyar diaqnostika maşını vasitəsilə vaxtaşırı bölgələrdə yoxlamalar aparıldığını dedi:

“Səyyar maşınlar ultrasəs, mamoqrafiya və digər tibbi avadanlıqlarla tam təchiz edilib. Vaxtaşırı rayonlara gedir, ödənişsiz olaraq ultrasəs, mamoqrafiya müayinəsi, həkim baxışı keçiririk. Bu müayinələr nəticəsində şəhərlərimizdə kəndlərimizdən daha çox süd vəzi xərçəngi aşkarlanır. Çünki kənddə uşaqların sayı daha çox olur. Ona görə də, uşaqların sayını adekvat yaşda, yəni 30 yaşdan əvvəl artırmaq lazımdır”.

Süd vəzi xərçəngi genetik ola bilirmi?

Müsahibimiz deyir ki, bir ailədən nənə, ana və qızın süd vəzi xərçəngi ilə bağlı müraciət etdiyi hal olub. İki faiz halda genetik amillər var. Amma bu hər kəsə aid deyil.

 Bu xəstəlikdən ölüm neçə faizdir?

N.Qasımov deyir ki, süd vəzi xərçəngindən ölüm, digər bədxassəli şişlərə nisbətən çox azdır. Əlbəttə, vaxtında adekvat müalicə olunanda ömür uzanır:

“Həkimi maraqlandıran əsas məsələ xəstəlik aşkarlanan ildə olan ölüm faktıdır. 2012-ci ildə 1450 xəstəyə diaqnoz qoyulub, onların 200-ü ölümlə nəticələnib. Vaxtilə bu rəqəm 400-500 idi. Ölənlər əsasən, dördüncü mərhələdə müraciət edənlərdir. Xəstələrin 15 faizində isə xəstəliyin aqressiv inkişafı müşahidə edilir. Onlar üçüncü mərhələdə müraciət etsələr də, qısa zamanda ölüm müşahidə edilə bilir. Xəstəlik erkən müəyyən edilsə, müasir diaqnostikası aparılsa, xəstələrin yaşama faizini müəyyən edə bilərik. Bu gün ölkədə elə diaqnostika aparatları var ki, əməliyyat etdikdən sonra xəstənin nə qədər yaşayacağını təqribi deyə bilirik. Bədxassəli şişin yenidən geri qayıtma və ya yerini dəyişmə xüsusiyyəti var. Bugünkü imkanlar arasında həm yenidən qayıtmanın diaqnostikası, həm də müalicə üsulları var.

Əməliyyatlar bir neçə formada olur. Orqanı saxlamaqla, orqanı tamamilə götürməklə və  orqan götürüləndən sonra süd vəzinin plastikası ilə aparılan əməliyyatdır. Nə qədər tez aşkarlansa, əməliyyatın həcmi bir o qədər kiçik olar və süd vəzi çıxarılmaz”.

Üçüncü-dördüncü mərhələdə xəstəliyin müalicəsi kimyəvi müalicə terapiyası ilə başlanır. Bu terapiya adekvat olmalı, düzgün seçilməli, ciddi morfoloji müayinə aparılmalıdır. Adətən bu xəstələrdə 4 kurs müalicə kursu aparılır, daha sonra cərrahi müdaxilə edirik, daha sonra 2-4 kurs kimyəvi dərman terapiyası aparılır. İlk iki il 3 aydan bir, sonrakı illərdə 6 aydan, 5 ildən sonra ildə bir dəfə xəstəni aktiv surətdə dəvət edib yoxlayırıq. Hər hansı narahatlıq varsa, öncədən tədbir görülür. Hər hansı narahatlıq olmayanda dərman müalicəsini davam etdiririk. Onkoloji xəstə bir-iki ayda sağalmır, onların 70-80 faizində müalicə 5 ilə qədər davam edir”.

Həkimin sözlərinə görə, əməliyyat və ya müalicə edilən xəstələrin uzun müddət yaşanaması ilə bağlı təsəvvürün olmasında əsas səbəb məlumatlılığın azlığıdır:

“İnsanlar xərçəng, AİDS kimi xəstəlikləri bölüşməkdən çəkinirlər. Ona görə də xərçəng xəstəliyinə tutulub, uzun müddət yaşayanlardan bəzən cəmiyyət xəbərsiz olur. Daha çox tez ölənlərlə bağlı xəbərlər yayılır. Bundan başqa, biz həkimlərin də səhvi var. Gərək bununla bağlı mütəmadi insanlar arasında məlumatlandırma həyata keçirək, mətbuatda çıxış edək ki, insanlar xəstəlikdən qorxmasın. Daha tez müayinədə maraqlı olsunlar.  Düzdür, bu işlər görülür, lakin bunu genişləndirmək lazımdır.

Bədxassəli şişlərlə bağlı qanun layihəsi hazırlanıb. Orada profilaktik baxışla bağlı proqram nəzərdə tutub.  Milli Onkologiya Mərkəzi həmin proqrama əsasən, səyyar briqadalar şəklində daha çox bölgələrdə olur. Həmçinin Əhliman Əmiraslanovun təşkilatçılığı ilə bu il Saatlı və Sabirabad rayonlarında olduq. Yeni tədris ili başlayandan sonra bu cür həkim briqadalarının rayonlara göndərilməsi davam edəcək. Səhiyyəyə qoyulan investisiya artdıqca, əhaliyə göstərilən profilaktik köməyin həcmi artır.

Xarici ölkədə əməliyyat edilib gəlməklə iş bitmir.  Bu xəstələr mütəmadi nəzarətdə olmalıdırlar”.

 Xərçəng uzun ömürlülərin xəstəliyidir

35 yaşdan sonra hər bir qadın müayinədən keçməlidir. Amma xəstəliyə daha tez tutulma da mümkündür. Vaxtında aşkarlama üçün qadınlar evdə özlərini necə müayinə edə bilər? Həkimin bəzi məsləhətləri var.

“Hər bir qadın qurşağa qədər soyunub, güzgünün qarşısında durub süd vəzinə baxmalıdır.  Onun giləsində, dərisində, ölçülərində hər hansı dəyişiklik olub-olmamasına diqqət etməlidir. Sonra əllərini başdan yuxarı qaldırmalıdır. Bu zaman öncədən görünməyən əlamətlər ola bilər, dəri və gilələr dartılacaq. Sağ əlinin ovuc səthi ilə sol süd vəzini və qoltuq altını, daha sonra sol əllə sağ süd vəzisini və qoltuq altını yoxlamalıdır. Bərklik hiss olunursa, müayinəyə gəlmək lazımdır. 35 yaşı keçmiş hər bir qadın ildə bir dəfə gözünü, qanını, ürəyini və süd vəzlərini yoxlatmalıdır. Lakin bilmək lazımdır ki, hər ələ dəyən şiş süd vəzinin bədxassəli şişi deyil. Xəstəlikdən sığortalanmış insan yoxdur. Sadəcə, genetik faktor, qidalanma, sosial məsələlər var. Bu faktorlar aşkarlanan qadınların xəstələnmə riski çoxdur…

Xərçəng uzun ömürlülərin xəstəliyidir. İnsan o qədər çox yaşamalıdır ki, öz xərçənginə tutulsun. Hər kəsin bir xərçəngi var”.

Türkəçarələrlə qoruna bilərik?

Hər gün müxtəlif təbii üsullar, qidalarla şiş xəstəliklərinin qarşısını almaq barədə yeni informasiyalar eşidirik. Bunların bir çoxunu da insanlar tətbiq edirlər. Təbii qidalar şiş xəstəliklərindən qoruya bilərmi?

Həkim heç bir türkəçarənin xərçəngi müalicə etmədiyini və ya onun qarşısını almadığını dedi:

“Soğan suyunu, sidiyini içən, süd vəzinə nəcisini sürtən də var. Lakin heç bir türkəçarə üsul onkoloji xəstəliyi müaılicə edə bilməz. Bu üsullar sınıq, çıxıq, masaj və problemlərdə tətbiq edilir.  Şiş olan yerin çildağ edilməsi ilə müraciət edənlər olub. Biz həmin xəstəni müayinə etmək üçün uzun müddət çildağın yerinin sağalmasını gözləməli olmuşuq. Hər hansı problem aşkarlananda onkoloqa müraciət edilməlidir. Ən azı, onkoloqdan məsləhət alınmalıdır. Fikrimcə, ən pis kitab kitabsızlıqdan, insanların xoşuna gəlməyən həkim həkimsizlikdən daha yaxşıdır”.

İş şəraiti süd vəzi xərçənginin yaranmasına səbəb ola bilərmi?

Həkim sözlərinə görə,  bir sıra xəstəliklər, eyni zamanda xərçəngin bəzi növləri iş şəraiti ilə əlaqədardır:

“Məsələn, açıq havada çalışanlarda dəri xərçəngi, azbest istehsalı olan yerdə ağciyər xərçəngi, boyalar istehsal edilən sexlərdə sidik kisəsinin xərçəngi yarana bilər. Bundan başqa,  isti-soyuq qidalanma və ya balığın sümüyünü yemək qida borusunun xərçəngini əmələ gətirir.

Lakin ölkəmizdə süd vəzi xərçənginə səbəb ola biləcək işlər yoxdur. Radioaktiv  şüalanma, ağır istehsalat şəraitində işləmək süd vəzi xərçəngini yarada bilər, lakin bizdə qadınlar üçün bu cür işlər yoxdur”.

Necə qorunaq?

Həkimin sözlərinə görə, sadalan səbəblər  insanlarda təşviş yarada bilər. Lakin qorxmağa əsas yoxdur.  35 yaşdan sonra hər bir qadın ildə bir dəfə həkim müayinəsindən keçməlidir:

“Xəstəlik önü yəni xoşxassəli şiş aşkarlandıqda vaxtında müalicə edilir. Erkən şiş tapıldığı halda isə əməliyyat edilir. Azərbaycanda erkən, yəni 1-2-ci mərhələdə aşkarlanan xəstələr 60-70 faizdir.  İnkişaf etmiş  ölkələrdə isə bu rəqəm bir qədər yüksək 80-85 faiz olur. Həmin ölkələrdə 75 faiz aşkarlanmanı az hesab edirlər. Erkən aşkarlanma əhalinin ildə bir dəfə profilaktik baxışdan keçməsindən asılıdır. Bəzən sığorta təbabəti, yaxud öz imkanları hesabına bu müayinələri etdirir və daha erkən aşkarlanma ilə uzun ömür sürürlər. Çünki erkən mərhələdə süd vəzinin bəd xassəli patologiyasına sərf olunan vəsait digər mərhələlərdəkinn qat-qat azdır.  Erkən aşkarlanma yaşama şansını daha çox artırır. Ölkəmizdə süd vəzi xərçənginin aşkarlanması 45-60 yaş arası yüksək rəqəmə çatır, 60 yaşdan sonra say azalır. Əsas xəstələnmə yaşı qadınların daha intellektual, iş qabiliyyətinin yüksək olduğu vaxta təsadüf edir. Yəni ilkin mərhələdə aşkarlanan şiş onların həyat və iş qabiliyyətinə müsbət təsir edir.

2012-ci ildə 4362 qadın bədxassəli şişə tutulub, onun 1433-ü süd vəzindəndir. Bu da təxminən hər üçüncü onkoloji xəstəliyin süd vəzisi ilə bağlı olduğunu göstərir. Ümumi əhalinin xərçəngdən xəstələnmə sayına görə isə dünya ölkələrindən geridəyik”.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın