Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / “Ölkədə virusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2 dəfə çoxdur” – İnfeksionist

“Ölkədə virusdan ölənlərin sayı rəsmi rəqəmlərdən 2 dəfə çoxdur” – İnfeksionist

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa nümayəndəliyi koronavirusa qarşı peyvəndləmə prosesi zəif aparıldığı üçün ölüm hallarının çoxalacağı ilə bağlı məlumat yayıb. ÜST-in Avropa Masasının rəhbəri Hans Kluqe qitədə koronavirus peyvəndi proqramlarının yavaşladığını və koronavirus xəstəliyinin yayılma sürətinin narahatlıq doğurduğunu söyləyib.

ÜST rəsmisi bu səbəblə Avropada dekabrın 1-nə qədər 236 mindən çox insanın xəstəlikdən ölə biləcəyini deyib. ÜST nümayəndəsinin verdiyi məlumata görə, epidemiya başlayandan bu yana Avropa ölkələrində qeydə alınan koronavirus ölümlərinin sayı 1 milyon 300 mini keçib. Ötən həftə 53 Avropa ölkəsindən 33-də koronavirusla bağlı ölümlərdə 10 faiz artım olub.

Azərbaycanda da epidemioloji vəziyyət ağırlaşır və payıza doğru daha da pisləşəcəyi proqnozlaşdılır. ÜST-in xəbərdarlıq etdiyi ölüm “payından” Azərbaycana nə qədər “düşəcək”? Vəziyyət pisləşərsə, karantin qaydalarının sərtləşdirilməsi zərurəti yarana bilərmi? Bir çox ölkələrdə, eləcə də qonşu Gürcüstanda küçədə maska taxmaq qadağası bərpa edilib.  Gürcüstanda koronavirusdan uşaq ölümləri artıb. Belə ki, Gürcüstanda koronavirusa yoluxmuş altı yaşlı uşaq dünyasını dəyişib. Bununla ölkədə üçüncü uşaq COVİD-in qurbanı olub.  Azərbaycanda da son günlər uşaqların  koronavirusdan ağırlaşması barədə xəbərlər yayılıb. 

Mövzu ilə bağlı həkim-pediatr Aytən İsmayılzadə “Yeni Müsavat”a danışıb: “Hazırda virus nəzarətdən çıxmış vəziyyətdədir. Bizi bu virusdan maska yox, peyvənd qoruya bilər. Peyvəndi vaxtında eləmək lazım idi. İndi hamı toplaşır, bir yandan da virus aktivdir.  Əslində virusun aktiv vaxtında peyvəndləmə düzgün deyil. Peyvəndləmə epidemiyanın tüğyan elədiyi vaxt ona görə düzgün deyil ki, insanlar həm yoluxmuş ola bilər, həm də üzərindən peyvənd almış ola bilər. Bu zaman biz xəstəliyin ağır keçirməsi ilə rastlaşa bilərik. Hazırda edilən peyvənd  bir neçə ay sonra üçün qoruyacaq, bəs indi nə etməliyik? İndi mümkün qədər toplaşmalar  olmamalıdır. Toplu hallar yığışdırılmalıdır,  peyvəndləmə ocaqları hazırda toplum mərkəzlərə çevrilib.  Bu, ləğv edilməlidir. Peyvəndləmə hər hansı bir qaydada səliqəyə salınmalıdır ki, kobud səslənsə də,  insanlar bir- birinin ”ağzının içinə girmədən” peyvəndlənsinlər. Buna  görə peyvəndləmə mərkəzlərinin sayı artırılmalıdır. Insanlar harasa getməli deyillər. Səhiyyə nümayəndələri onların yanına gəlməlidir. Stabil iş yeri olan yerlərdə – tutaq ki, bankda,  hansısa bir mərkəzlərdə işləyənləri gedib öz yerlərində  peyvəndləmək lazımdır. Bu məsələnin birinci tərəfidir. Biz bunun artıq nəzarətdən çıxdığını görürük və idarəetməmiz getdikcə də çətinləşir. Uşaqlar arasında virus var. Ailəvi xəstələnirlər, uşaqlar da yoluxur. Risk qrupuna daxil olan uşaqlar ağır keçirirlər. Bunlar bildiyimiz kimi, daun sindromlu uşaqlar, hər hansı bir onkoloji problemi olan, xroniki xəstəliyi – böyrək çatışmazlığı ilə bağlı xəstəliyi olanlara aiddir. Amma yenə də immun sistemi zəif olan uşaqlar arasında da yoluxmaları görə bilirik. Mən öz praktikamda hansısa uşaqda hələ ki, ağırlaşma görməmişəm. Digər respirator virus xəstəlikləri kimi bunu da müalicə edirik. Bəzilərində də qarınağrı, ishal və qusma halları baş verir. Amma simptomatik müalicə edirik. Əlbəttə, biz uşaqlara antiviral dərmanlar verə bilmirik. Xəstəxanaya yerləşdirilməsi lazım olanları yerləşdiririk . Amma bir sistemdən ötrü, bir yüngül müalicəyə görə xəstəxanaya göndərmirik. Çünki xəstəxanalarda da vəziyyəti gərginləşdirmək lazım deyil”.

Medicina.az - Uşaq poliklinikasında analiz verməyin -Pediatr

Aytən İsmayılzadə

Pediatr uşaqların vaksin olunması məsələsinə də münasibət bildirib: “Biz böyüklər peyvəndlənməliyik  ki, növbəti mərhələlərdə uşaqlara bizdən hər hansı infeksiya keçməsin. Deyirlər ki, uşaqları peyvənd etsinlər ki, uşaqdan böyüyə keçməsin. Belə deyil, peyvəndləmə xəstəliyin keçməsinin qarşısını almır. Həmin insanın zəif keçirməsini və beləliklə, yavaş- yavaş epidemiyanın aradan qalxmasına gətirib çıxarır. Bunu isə böyüklərin etməsi kifayətdir ki, artıq uşaqlar da zərər görməsinlər. Yoluxma baş verir, çoxdur və uşaqlarda bunun hazırda heç bir ağırlaşması olmasa belə gələcək üçün müəyyən fəsadlara- mədəaltı vəzi zədələnməsi, sinir sisteminin zədələnməsi, immun sisteminin zədələnməsi kimi qalıqlar ola bilər. Çünki koronavirusun qalıcı bir əlamətlərini biz böyüklər üzərində təcrübədən gördük. Buna görə də bu xəstəliyə yoluxmamaq lazımdır. Amma hazırda  bu mümkün deyil, virus hər yerdə var və çıxış yolu vaksinasiyadır. Toplum olaraq hamı vaksinasiya mərkəzlərindədir, ora üzərindən çalışmalıyıq”.

Vüqar Cavadzadə: “Yeni ştamm bütün yaş qrupları arasında yayıla bilir”

Vüqar Cavadzadə 

Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, infeksionist Vüqar Cavadzadə isə son günlər karonavirusdan ölüm sayının artmasından narahatlığını bildirib: “Bu rəqəmlər rəsmi məlumatdır. Qeyri-rəsmi ölüm sayı bəlkə də 2 dəfə çoxdur. Gündəlik yoluxmanın artması ”Delta” variantının hesabınadır. Əvvəl proqnoz verilirdi ki, yoluxma sayı artsa da, ölüm sayı yüksək olmayacaq. Amma indi bəlli olur ki, “Delta” variantında ölüm sayı da yüksəkdir. “Delta” variantı yaşlılarla yanaşı, gənclərdə, hətta uşaqlarda da kəskin formada xəstəlik törədir. Amma yanaşı xəstəliyi olmayanlarda müalicə daha tez müsbət nəticə verir.  İnsanlar istədi ki, karantin ləğv olunsun. “Metronu açın, kütləvi tədbirlərin keçirilməsinə icazə verin” deyirdilər. Operativ Qərargah da dediklərini etdi. İndi vəziyyət necədir? Xəstəxanalar dolub, evlərdə xəstə sayı çoxdur. Hər birimizin dost-tanışı virusa yoluxub. Hamı şikayət edir ki, təcili yardım gəlmir, deyirlər xəstəxanada yer yoxdur. Vaxtında məhdudiyyətlər ona görə tətbiq edilirdi ki, bu gün bu rəqəmləri görməyək. İnsanlar gedib saxta yolla “kovid” pasportu alırlar, sonra yoluxub ağır xəstələnəndə müəyyən qurumları günahlandırırlar. Pul verib saxta “kovid” pasportu almaq pul verib ölüm almağa bərabərdir”.

İnfeksionist deyib ki, koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil: “Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb. O antiviral dərmanları protokollara yazan adam da yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur. Hətta həkimin göstərişi olmadan xəstələr özləri dərman alıb qəbul edirlər. İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr sağalacaqlar. İxtisasından asılı olmayaraq, bütün həkimlər bu dərmanları necə gəldi təyin edirlər. Çox sayda xəstələr var ki, bu preparatları qəbul etmədən sağalırlar. Antiviral preparatların yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada sadə ”herpes” virusunu məhv edən dərman preparatı tapılmayıb, o da qalmışdı ki, koronavirusa qarşı tapılsın. Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVİD-in müalicəsində düzgün tətbiq edilməyib, neçə-neçə xəstə COVİD-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

Günay Quluzadə: "Peyvənd olunduqdan sonra da maska və sosial məsafə  qaydaları öz qüvvəsində qalacaq" - aztibb.az AZƏRBAYCANIN SƏHİYYƏ XƏBƏR  PORTALI

Günay Quluzadə 

Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Günay Quluzadə isə son günlər insanların COVİD testləri ilə bağlı verdiyi suala öz sosial media hesabında cavab verib: “COVİD-19 virusunun təyinində antigen testləri istifadə edilir. Bu, çox zaman insanlar arasında ekspress test dedikləri üsuldur. Vətəndaşlar bunu PZR yaxma testi ilə səhv salırlar və ya yaxma verdikləri xəstəxanalarda bu yaxmalar arasındakı fərq qeyd edilmir. Yanlış anlaşılmaya səbəb isə həm antigen, həm də PZR testi üçün nümunə kimi yaxmanın götürülməsidir. Fərq nədir: hər iki müayinə üsulunda burun-udlaqdan və əsnəkdən yaxma götürülür. Antigen testlərdə götürülmüş yaxma xüsusi bufer məhlulda həll olunur. Bu üsulda kart testlərdən (ekspress) istifadə edilir. Həmin bufer maddədən testin üzərinə əlavə olunur və təqribən 30 dəqiqəyə cavab əldə edilir. Bu üsulun etibarlılığı yüksək olsa da, təsdiqləyici test deyil. Koronavirusun aşkar edilməsi üçün həssaslıq və spesifikliyi ən yüksək olan PZR testidir, sürətli antigen testi isə PZR testindən bir qədər aşağı dəqiqlik səviyyəsinə malikdir. Qısaca, təsdiqləyici test bütün dunyada PZR testidir. ÜST-in açıqlamasında da qeyd olunur ki, digər üsullarla əldə edilmiş nəticələr PZR analizi ilə təsdiqlənməlidir”.

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …