Ana səhifə / Aktual / OLİQARX NİZAMİ PİRİYEV HƏBS OLUNDU – 100 milyonlarla dollar krediti qaytarmayıb

OLİQARX NİZAMİ PİRİYEV HƏBS OLUNDU – 100 milyonlarla dollar krediti qaytarmayıb

Oliqarx Nizami Piriyev Bakıda həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı “Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.
Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.

Qeyd edək ki, Nizami Piriyev “PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir. Bundan əlavə “PNN Group” şirkəti “De Beers” və “Hamley’s” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. “KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 “KFC” obyekti açıblar. “PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Qeyd edək ki, Nizami Nəsib oğlu Piriyev 1958-ci ildə Gəncədə anadan olub. Sahibkar, Azərbaycanda hakimiyyət dairələrinə kifayət qədər yaxın bir adam kimi tanınır. İnşaat Mühəndisləri İnstitutunu bitirən iş adamı bir müddət Bakıda tikinti-sənaye müəssisəsində işləyib. 1992-2002-ci illərdə «PNN Arkansas Inc» neft-qaz şirkətinin prezidenti olub. 2003-cü ildən isə Rusiyanın «StroyTransGasOil» neft-qaz şirkətinin baş direktoru vəzifəsini daşıyıb. Baş direktor olduğu «StroyTransGASOil» şirkətinin əsas səhmdarları Rusiyanın «Qazprom» və PNN Petroleum Ltd «Nasib Coop. at GeoPhysPribor» şirkətləri olub.
2006-ci ildə Azərbaycana dönən N.Piriyev «AzMeCo»nu təsis edərək reigonda ilk metanol zavodunu tikməyə başlayıb. 350 milyon dollara başa gələn müəssisə 2013-cü ildən fəaliyyət göstərir.
Qeyd edək ki, havaya buraxılan karbon qazını azaltmağa xidmət edən metanol zavodu hazırda dünyada çox aktual olan iqlim dəyişikliyi ilə mübarizə layihələri sırasından olan layihədir.
Bakı ətrafında- Qaradağda tikilən metanol zavodu 224 milyon funt-sterlinqə, yaxud 360 milyon dollara başa gəlib. O, Cənubi Qafqazda yeganə ən iri metanol zavodudur.
Qaradağda tikilən metanol zavodu “second hand” zavoddur. Amerikanın Texas ştatında 2005-ci ildə sökülən zavod Azərbaycanda yenidən quraşdırılıb.

Bakıdakı zavod açılmazdan əvvəl Piriyevlərin var-dövləti 250 milyon dollar məbləğində qiymətləndirilirdi. Hazırda isə bu məbləğ bir neçə dəfə artıb. Piriyevlərin həmçinin Özbəkistanda, Qırğızıstanda və Əfqanıstanda neft və qaz zavodları, Qazaxıstanda 7 televiziya və radio kanalı, nəşriyyat evini birləşdirən media holdinqi, Özbəkistanda ayaqqabı istehsalı biznesi olduğu bildirilir.
“AzMeCO» şirkəti 2013-cü ildə Liviyanın neft sektoruna investor olaraq daxil olub, bu ölkənin neft-kimya və neft emalı zavodlarının tikintisinə dair öhdəlik götürüb.

Nəsib Piriyevin Beynəlxalq Bankla əlaqələri də metanol zavodunun tikintisi zamanı yaranıb. Zavodun tikintisinə Avropa Yenidənqurma və İnkişaf Bankı 120 milyon dollar kredit ayırıb. Bankın məlumatına görə, metanol zavodu layihəsinin ümumi məbləği 350 milyon dollardır. Qalan pulun Azərbaycan Beynəlxalq Bankından götürüldüyü bildirilir.
Ancaq indi məlum olur ki, Piriyev Beynəlxalq Bankdan zavodun tikintisi və digər məqsədlər üçün götürdüyü kreditləri qaytarmayıb. Bunu isə ona bağışlamayıblar.

Baxmayaraq ki, Nizami Piriyevin adı hökumətə xaricdə lobbiçilik edənlərin arasında çəkilib. 2010-cu ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri bir neçə yüz min funta Bakıya gətirən Piriyevlərin Azərbaycana Amerikada lobbiçilik etdikləri də bildirilir. ABŞ-ın Ədliyyə Nazirliyinin arxivində olan sənədlərə görə, Azərbaycana 1997-1998-ci illərdə təkcə şirkətlər yox, fiziki şəxslər də lobbiçilik edib. Sənədlərdə deyilir ki, Azərbaycan hökuməti 1997-ci ildən 1999-cu ilədək Rusiyada yaşayan biznesmen Nizami Piriyevin xidmətindən istifadə edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın