Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / “Oğlum parlament seçkilərində iştirak etməyək fikirində deyil, amma…” – Fəzail Ağamalı

“Oğlum parlament seçkilərində iştirak etməyək fikirində deyil, amma…” – Fəzail Ağamalı

fezAna Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Avropa.info-ya müsahibəsi

– Fəzail  bəy, Ana Vətən Partiyasında qarşıdan gələn parlament seçkilərinı hazırlıqla bağlı vəziyyət nə yerdədir?  

– Parlament seçkilərinə hələ kifayət qədər vaxt var. Mənə elə gəlir ki, bu gün və yaxın zamanlar üçün, azı aprelin sonuna qədər bu məsələnin ətrafında müzakirə aparmaq o qədər də aktual deyil. Baxmayaraq ki, Ana  Vətən Partiyası ötən seçkilərin bitdiyi andan növbəti parlament seçkilərinə hazırlaşan partiyalardan biridir.

Öz fəaliyyətimizlə, öz işimizlə, öz əməlimizlə, təşkilatın fəaliyyətini gücləndirməklə, cəmiyyətin sifarişini ortaya qoymuş olduğu problemlərin qabardılması ilə, dövlətimizin güclənməsinə siyasi müstəvidə vermiş olduğumuz töhfələrlə, Azərbaycan xalqını düşündürən bütün məsələləri önə çəkməklə biz öz işimizi qururuq.

Demək olar ki, faktiki olaraq, mahiyyət etbarilə, partiya olaraq, 2015-ci ildə keçiriləcək olan parlament seçkilərinə hazırıq.

Qalır onun detalları, neçə nəfərlə iştirak edəcəyik, kimlər hansı dairədən öz namizədliyini irəli sürəcək? Seçkilərlə bağlı strategiya bəllidir, qalır hansı taktiki vasitələrdən səmərəli istifadə etməklə ciddi uğur qazanmağın yollarını müəyyənləşdirmək. Çünki hər zamanın özünün ortalığa qoyduğu tələblər, sifarişlər, qüvvələr nisbəti, parlamentdə iştirak edəcək şəxslərin, siyasi qüvvələrin təsnifatı var, onların hamısını ümumiləşdirməklə yəqin ki, artıq may ayında partiyanın Ali Məclisinin sessiyasını çağıracağıq. Həmin sessiyada artıq konkret fikirlərimiz ortalıqda olacaq, daha doğrusu, fikirlərimizi konkretləşdirəcəyik.

Bundan sonra artıq təbii ki, mətbuata məlumat verməklə müəyyən etmiş olduğumuz taktiki xəttin mahiyyətinə uyğun olaraq seçkilərdə iştirak etməyə start verəcəyik.

– Belə fikirlər var ki, bu seçkilərdə oğlunuz partiyanı seçkilərə aparacaq.  Qarşıda belə bir perspektiv varmı? 

-Sizdən öncə də bununla bağlı mənə suallar verdilər. Mən də bu sualı cavablandırdım. Bir də konkret onu demək istəyərdim ki, oğlum uzun illərdən bəridir ki, Ana Vətən Partiyasındadır. O, 16 yaşından, yəni yeniyetməlik dövründən bu prosesə qoşulub. Müxtəlif dövlət vəzifələrində çalışdığına görə partiyada fəaliyyətini dayandırmışdı.

Artıq bir neçə ildir ki, o, yenidən partiyaya qayıtdı və öz fəaliyyətini burada bərpa etdi. Hazırda aparatın rəhbəri kimi partiya işində çalışır. Onun gəlişi ilə partiyada hansı irəliləyişlər olduğu da yəqin ki, siz jurnalistlərə daha aydın şəkildə bəllidir.

Bir neçə müddət öncə təbii ki, partiyada dar bir dairədə müzakirələr apardıq. Eyni zamanda, mən də onun fikrini soruşdum. O hələlik qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində deyil. Baxmayaraq ki, o demək olar ki, artıq siyasətdə öz sözünü deyə bilər.

Əlbəttə, mən də onun fikirlərinə hörmətlə yanaşıram. Hələlik fikir bundan ibarətdir ki, o, qarşıdan gələn parlament seçkilərində iştirak etməsin. Yəni bu onun şəxsi fikridir. İndi şəxsi fikrinin üzərində biz yenidən müzakirələr aparacağıq, aparmayacağıq, bu, əlbəttə, yaxın gələcəyin işidir. Ola bilsin ki, hansısa bir səbəbdən bu məsələyə biz yenidən qayıda bilərik.

– Son  günlər  mətbuatda Rövşən Canıyev məsələsilə bağlı bir qədər müzakirələr getdi. Sizin Lənkəranski  haqqında  müsbət  açıqlamalarınız olmuşdu . Mətbuatda və sosial mediada sizin açıqlamalarınıza müsbət və mənfi fikir bildirənlər  oldu.  Sizin özünüzün bu məsələyə münasibətiniz necədir?

-Bəzi soydaşlarımızın sosial şəbəkələrdə və bəzi saytlarda mənim fikrimin yanlış şəkildə, özlərinin arzuladığı formada və qərəzli fikirlərlə gündəliyə və müzakirəyə çıxarması məndə təəssüf hissi doğurdu.

Jurnalist mənə Rövşən Canıyev (Lənkəranski) ilə bağlı sual ünvanladı və dedi ki, sizin qohumluq əlaqələriniz olduğunu bilirik. Onu tanıyırsızmı? Mən də dedim, bəli. Düşündüm ki, bunu nə üçün gizlətməliyəm ki? Mən Fəzail Ağamalı olaraq cinayət aləmində deyiləm. Açıq insanam, siyasətdəyəm. Mənim əqidəm də, məsləyim də bəllidir.

Onun sualına mən cavab verdim ki, Rövşən vətənini, xalqını sevir. Kənarda azərbaycanlıların cinayət aləmində haqları pozulma halları, onlara qarşı müəyyən dərəcədə təzyiq olanda  onların yanında olur köməkliyini  əsirgəmir . Vəssalam. Bundan başqa Rövşən Lənkəranski haqqında heç nə demədim və deməyə də ehtiyac duymadım. Bəzi məkrli qüvvələrin bunu müxtəlif şəkildə , müxtəlif formada təhlillərini vermələri məndə böyük təəssüf hissi doğurdu. Düşünürəm ki, bununla bağlı əlavə müzakirələr aparmağa ehtiyac yoxdur. Azərbaycan gəncliyinə hər zaman söyləmişəm ki, onlar harada olurlarsa, olsunlar, hansı sahədə çalışırlar, çalışsınlar vətən üçün, dövlətimizin güclənməsi üçün çalışsınlar. Millətimizə xidmət etsinlər, töhfələr versinlər; Əsgər əsgər kimi, müəllim müəllim kimi, mühəndis mühəndis kimi, həkim həkim kimi, jurnalist jurnalist kimi, siyasətçi siyasətçi kimi, dövlət məmuru dövlət məmuru kimi.

Əgər cinayət aləmində kimsə öz taleyi ilə gedib o aləmə düşübsə, arzu edirəm ki, onlar da eyni şəkildə dövlətinə, vətəninə və xalqına xıdmət eləsin öz müstəvisində. Dünyanın istənilən bir ölkəsinə yayılan əlli milyondan çox soydaşlarımızın hər birini buna səsləyirəm. Baxmayaraq ki, mövqelər fərqlidir. Vətənimizi böyük bilsin. Vətənimiz parça-parça olub. Müstəqil Azərbaycanın əhalisi 9 milyondu, ərazisinin də 20 %-i işğal olunmuş bu vətəni biz göz bəbəyi kimi qorumalıyıq. Millətimizin hər yerdə həmrəylik  nümayiş etdirməlidir. Fərqi yoxdur, mövqeyindən asılı olmayaraq, hər kəsi çağırmışam ki, dövlətimizin yanında olsun. Bütün soydaşlarımızı bir daha səsləyirəm ki, dövlətimizi yüksək səviyyədə dünyaya təqdim edən, onu gücləndirən,  Azərbaycanı regionun lider dövlətinə,  dünyanın 155 ölkəsinin səs verdiyi bir ölkəyə çevirən İlham Əliyevin yanında olsunlar. Mən bunu hər kəsə tövsiyə edirəm. Fərqi yoxdur, o hansı peşənin sahibidir.

– Fəzail bəy, Avropa oyunları yaxınlaşdıqca müxtəlif  bəyanatlar  səsləndirilir,  Qərbdən təzyiq dili ilə danışmaq istəyən  qüvvələr  fəallıq nümayiş etdirir . Sizcə, bu nəylə bağlıdır?

– Avropa Oyunlarının Azərbaycanda keçirilməsi olduqca ciddi bir hadisədir. Belə bir şans hər bir ölkəyə qismət olmur. Hamıya bəllidir ki, dünyada keçirilən kütləvi tədbirlərin ən populyarı idman yarışlarıdır. Nəzərə alsaq ki, Olimpiya oyunları hər zaman dünyanın diqqət mərkəzində olur. İndi artıq Avropanın birinci yay olimpiya oyunlarına başlanılır. Bunun ilk startı isə Azərbaycanda verilir. Mən tamamilə əminəm ki, dövlətimiz, ölkə prezidentinin iradəsi və olimpiya oyunlarının keçirilməsi üzrə təşkilat komissiyasının sədri kimi kifayət qədər ciddi nüfuz sahibi olan hörmətli Mehriban xanımın təşkilatçılıq gücü bu yarışın yüksək səviyyədə keçirilməsini təmin edəcək. Buna qətiyyən şübhəm yoxdur. Yeddi ilin əvəzini iki il yarımda belə bir məsuliyyəti öz üzərinə götürərək yay Olimpiya oyunlarını, həm də ənənəsi olmayan ilk olaraq Azərbaycanda keçirilməsi kimi bir məsuliyyəti çiyinlərinə götürməyin özü doğurdan da böyük bir cəsarətdir, qəhrəmanlıqdır. Qısa zamanda baxın Azərbaycanda hansı iri  stadionlar, arenalar ərsəyə gəldi. Bakı bütövlükdə yay Olimpiya oyunlarına tamamilə hazırdır. Biz harada uğur qazanırıqsa, Azərbaycanı istəməyən anti-Azərbaycan qüvvələr dərhal hərəkətə keçir və Azərbaycana qarşı böhtan, şər kampaniyasını daha da gücləndirirlər.

“Avroviziya” mahnı müsabiqəsi  zamanı  da  yadınıza gəlirsə eyni situasiya idi. Eyni qüvvələr, həm xaricdə olan anti-Azərbaycan qüvvələri, həm də onların arasında yer alan antimilli qüvvələr Azərbaycana qarşı şər-böhtan kampaniyasını genişləndirmişdirlər. Lakin  onların səyləri heç bir nəticə vermədi. Müsabiqə yüksək səviyyədə keçdi . Azərbaycan  bu yarışa öz elementləri ilə zənginləşmə gətirdi. İndi də  mən tam əminəm ki, birinci Avropa yay Olimpiya oyunlarının əsası Bakıda qoyulursa, bundan sonra hər dəfə Olimpiya oyunları keçiriləndə hökmən bu oyunların təməlinin Bakıda qoyulduğu yad ediləcək. Bizim əsasını qoymuş olduğumuz yarışmalar gələcəkdə bir ənənəyə çevriləcək . Buna sevinənlər də var. Lakin Azərbaycanın uğurlarından peşman olan, çox böyük əzablar çəkən qüvvələr də var. Bu qüvvələrdən də ən fəalı erməni diasporudur. Erməni diasporunun şəbəkəsində, milliyyətindən asılı olmayaraq, çoxlu sayda insanlar var. Onlar artıq lobbiləşiblər və dünyada ermənilərin maraqlarına xidmət edirlər. İndi məhz Azərbaycanın belə yüksək bir yarışa ev sahibləri etməyi və iyunun 12-dən 26-na qədər 14 gün ərzində dünyanın diqqəti bütün Azərbaycanın təkcə arenalarında və stadionlarda deyil həm də  bütövlükdə ölkəmizdə olacaq. Azərbaycanın belə bir şansdan istifadə edərək, özünü  daha geniş  şəkildə tanıtması və nüfuzunu daha da gücləndirməsi , əlbəttə ki, anti-Azərbaycan qüvvələrini xeyli narahat edir. Bunların içərisində erməni lobbisi də var, ermənilər də var, erməni diasporu var, onların bu gün də maliyyələşdirdiyi, himayə etdiyi müxtəlif şəxslər və QHT-lər, eyni zamanda, antimilli qüvvələr də var. Anti-Azərbaycan koalisiyası bu gün Azərbaycana qarşı şər, böhtan kampaniyasını genişləndirməkdədir. Lakin biz onlara cavab verməklə, onları ifşa etməklə bərabər öz işimizi sona çatdırmaq əzmindəyik. Əminəm ki, Yay Olimpiya Oyunları Bakıda yüksək səviyyədə başlayıb, yüksək səviyyədə başa çatacaq.

– Müxalifətin durumunu necə qiymətləndirirsiniz ? Ümimiyyətlə  qarşıdan gələn parılament seçkiləri öncəsi, qüvvələr nisbətini dəyərləndirərdiz.

-Ümumiyyətlə, Azərbaycan müxalifəti dağınıq, çoxqütblü və zəifdir. Azərbaycanda hadisələrin gedişinə ciddi təsir göstərmək gücündə deyil. Müxalifətin konsturiktiv qanadı cəmiyyətin sosial sifarişi nəzərə alaraq , öz işini qurduğuna görə az-çox cəmiyyətdə müəyyən mövqeyə sahibdir. Konsturiktiv mövqedə duran müxalifətin təmsilçiləri həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində iştirak edir və müəyyən dərəcədə uğurlara imza atırlar. Lakin radikal mövqe tutan  maxalifət  radikalizmdən əl çəkmək istəməyən, əslində dövlətçiliyimizə zidd olan dünya görüşünü özündə daşıyan və indiki iqtidarla opponentlik deyil, siyasi müstəvi üzərində sağlam rəqabət aparmaq əvəzinə, sözün həqiqi mənasında, düşmənçilik nümayiş etdirirlər. Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə qəbul edilmir. Həmin qütbdə dayanan müxalifət Azərbaycanda getdikcə nüfuzunu tamamilə itirir, sosial dayaqlardan məhrum olur və Bakı şəhərindən məhdud bir dairədə ofis partiyasına çevrilib. Mən əminəm ki, yaxın zamanda bu cür partiyalar tarixin arxivinə gedəcək. Çünki onlara cəmiyyətin sosial sifarişi  yoxdur. Onlar cəmiyyətdə sosial dayaqlara  malik deyil. Nümunə gətirmək istərdim. Bir neçə gün bundan öncə, mart ayının 15-də Milli Şura manatın devalivasiyası ilə əlaqədar insanlara müraciət etdi. Sosial şəbəkələrdə, özlərinin profillərində və digər informasiya məkanlarında  xalqı mitinqlərə  çağırdı. Ən müxtəlif üsullarla insanları bu mitinqlərə cəlb etməyə çalışdı. Mitinqə isə 1000-1500 nəfərdən artıq adam gəlmədi. Çıxarılan nəticə  sadədir. Cəmiyyət  radikallığı qəbul etmir, cəmiyyət yaranmış olan situasiyada bu cür qüvvələrin konyekturasını rədd edir.

Eyni zamanda  cəmiyyət yaranmış olan situasiyanı obyektiv qiymətləndirməyi bacarır və dövlətimizlə, ölkə prezidenti İlham Əliyevlə bir olduğunu nümayiş etdirir. Nəticə bundan ibarətdir.

Ruslan Bəşirli

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın