Şənbə , Mart 23 2019
Ana səhifə / Aktual / “Oğlu Səlim Müslümovun yanında işləyirdi” – Qarabağ döyüşçüsü neçə aldadılıb?

“Oğlu Səlim Müslümovun yanında işləyirdi” – Qarabağ döyüşçüsü neçə aldadılıb?

Bir neçə nəfərə qarşı dələduzluq edən qadın hakim qarşısına çıxarılıb. Atası alim olan həmin qadın özünü DTX işçisi və fond rəhbəri kimi təqdim edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1967-ci il təvəllüdlü Mirzəyeva Sevinc Faiq qızının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən S.Mirzəyeva özünü təqsirli bilmədiyini və günahsız yerə 10 aya yaxın həbsdə saxlanıldığını deyib.

S.Mirzəyeva deyib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sura Kərimova onun adından istifadə edib və digər şəxsləri aldadıb.

Prosesin davamında zərərçəkmiş Famil İsrafilov ifadə verib. O deyib ki, bacısı Alimə Məmmədova ona zəng edərək əlilliyinin bərpasına kömək edə biləcək şəxslə tanış olub:

“Mən 1992-1994-cü illərdə Qarabağ döyüşlərində iştirak etmişəm. 3 dəfə yaralanmışam. Amma mən təqaüd almırdım. Son zamanlar xəstəliyim ağırlaşmışdı. Bacım dedi ki, təqaüdü düzəldək. Dedi ki, DTX-da işləyən bir qadın var. Mən bacım vasitəsi ilə 3500 manatı verdim”.

Zərərçəkmişin bu sözlərinə Sevinc Mirzəyeva etiraz edib. Famil İsrafilova deyib ki, onu bacısı aldadıb.

F.İsrafilov ifadəsinin davamında deyib ki, Mirzəyeva oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini deyib: “Oğlu Səlim Müslümovun yanında işləyirdi. Buna görə də inanıb ona pul verdik”.

Suallara cavab verən F.İsrafilov özünün Fonda müraciət etdiyini, lakin müraciətinə müsbət cavab verilmədiyini deyib.

F.İsrafilov rayonda yaşadığını, dolanışığının çətin olduğunu deyib. Bildirib ki, bu gün məhkəməyə gəlmək üçün borc alıb.

Qeyd edək ki, Sevinc Mirzəyeva Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq: xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

Sevinc Mirzəyevanın əməli məhkəmə istintaqında sübuta yetirilərsə, onu üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

O, zərərçəkmişlərə Dövlət Təhlükəsizlik Xidmətində işlədiyini, əlil ailələrinin evlə təmin olunması üçün yeni fond yaradıldığını və fonda rəhbər təyin edildiyini söyləyib.

İttihama görə, Mirzəyeva zərərçəkmişlərdən onlara əlillər üçün tikilən binadan ev verdirəcəyini, təqaüdə çıxaracağını vəd edib və bu məqsədlə onlardan pul alıb.

Həmçinin oxuyun

Konsulumuz Türkiyədə şantaj edilir? – işə Türkiyə prokurorluğu qarışdı – Fotofakt

Azərbaycan dövlətinin Türkiyənin Qars şəhərindəki Baş Konsulu Nuru Quliyev Əsassiz Erməni İddiaları ilə Mücadilə Dərnəyinin …