Ana səhifə / Aktual / O birlikdən bu birliyə – Novruzdan Həmrəyliyə

O birlikdən bu birliyə – Novruzdan Həmrəyliyə

991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamenti – Ali Sovet qarşısında məsələ qaldırıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib.

Artıq 26 ildir ki, xalqımız dekabrın 31-ni həmrəylik bayramı kimi qeyd edir. Bu illərdə həmrəyliyimizin daha da möhkəmləndirilməsi üçün mühüm tədbirlər görülüb. Hələ 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib.

Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.

Prezident İlham Əliyev ulu öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir. Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb.

2011-ci ildə keçirilən 3-cü, 2016-cı ildə keçirilən 4-cü qurultaylar dünya azərbaycanlılarının həmrəyliyinin daha da möhkəmləndirilməsinə,  xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasına öz töhfəsini verib.

Həmrəylik Günü bizim ən əziz bayramlarımızdan biridir. Fikrimizcə, dövlət səviyyəsində biz bu əzizliyi hiss edirik. Ölkəmizin hər yerində bu bayram yüksək səviyyədə qeyd olunur, bayram şənlikləri təşkil edilir. Ancaq xalqımız Həmrəylik Gününü hələ də Novruz bayramı kimi əzizləşdirməyib. Həmrəylik Günü İlaxır çərşənbə və Novruz bayramı kimi keçirilməlidir. Çünki söhbət dünya azərbaycanlılarının birliyindən və həmrəyliyindən gedir. Əgər bu yoxdursa, nə xalq, nə millət, nə də müstəqil dövlət var. Bəzən düşünürəm ki, görəsən, Həmrəylik Günü insanların Yeni ilə hazırlaşdığı 31 dekabrda qeyd olunmasa idi, biz bu əziz gün üçün bayram süfrəsi açacaqdıq?

Novruz bizim yüzilliklərdən süzülüb gələn milli bayramımızdır. Novruz bayramının özünəməxsus adət və ənənələri birlik, bərabərlik, keçmişə ehtiram və gələcəyə inam hissləri aşılayır. Biz Həmrəylik Gününü Novruzla eyniləşdirmək fikrində deyilik. Amma hesab edirik ki, Novruz kimi bizi birlik və bərabərliyə səsləyən Həmrəylik Gününün də gələcəkdə ümumxalq bayramı səviyyəsində qeyd olunması üçün bu gündən zəmin hazırlamalıyıq. Milli birliyimizin əbədiliyi üçün bunu etməliyik. Yalnız birliyimiz bizi bir xalq, Azərbaycanı müstəqil dövlət kimi qoruyub saxlaya bilər. Əgər bir xalq kimi mövcud deyiliksə, dünya azərbaycanlılarının üz tutacağı bir müstəqil dövləti yoxdursa, biz hansı milli bayramların qeyd olunmasından danışa bilərik. Deməli, 31 dekabr Novruz bayramı qədər önəmli və əzizdir bizim üçün. Fikrimizcə, bu bayramın da özünəməxus adət-ənənələri və dəyərləri olmalıdır. Və biz əminik ki, müdrik xalqımız Həmrəylik Gününün adət-ənənələrini, inanclarını, nəğmələrini yaradacaqdır. Nəğmədən söz düşmüşkən onu da qeyd edək ki, hələ də Həmrəylik Gününə həsr olunmuş sanballı bir mahnı bəstələnməyib. Hər halda olsa idi, internetdə bir neçə saatlıq axtarışımız zamanı qarşımıza çıxardı. Bizim bəstəkarlar dağa, daşa, daha nələrə mahnı qoşublar, ancaq milli birliyimizi tərənnüm etmək nədənsə onların yadından çıxıb.

Novruz bayramının simvolları var: kosa, keçəl, səməni, Günəş, od, su və.s. Bəs Həmrəylik Günümüzün simvolu nədir? Yoxsa biz hələ onu da tapa bilməmişik.

Birlik və bərabərliyimizi daha da möhkəmləndirmək üçün Həmrəylik Gününün mahiyyətini övladlarımıza anlatmalı, onları bu ruhda tərbiyə etməliyik. Bütün dünya azərbaycanlıları övladlarını elə tərbiyə etməlidir ki, onlar hər il 31 dekabrı Yeni il bayramından daha çox Həmrəylik bayramı həvəsi ilə gözləsinlər.

Bayramınız mübarək!

 Tural Səfərov

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …