Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Nuranə Hüseynova qalmaqallı video məsələsinə aydınlıq gətirdi

Nuranə Hüseynova qalmaqallı video məsələsinə aydınlıq gətirdi

Əbu-Dabidə yaşayan soydaşımız, Birləşmiş Ərəb Əmirlikləri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Nuranə Hüseynova xaricdəki fəal azərbaycanlılardandır. O, həm də vaxtaşırı vətənə gəlib şəhid və qazi ailələrinə yardımlar edir.

Azinforum.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən N.Hüseynovanın müsahibəsini təqdim edir:

– Necə ildir Birləşmiş Ərəb Əmirliklərində yaşayırsınız və nə işlə məşğulsunuz?

Artıq dörd ildir ki, Birləşmiş Ərəb Əmirliklərində yaşayıram. ABŞ-a məxsus neft şirkətlərinin birində baş layihə mühəndisi kimi fəaliyyət göstərirəm.

– Bildiyimizə görə, həyat yoldaşınız xarici ölkə vətəndaşıdır. Ailəniz haqqında nə deyə bilərsiniz?

– Bəli, həyat yoldaşım Böyük Britaniya və Şimali İrlandiya vətəndaşı olan əcnəbidir.  Bir qız övladım var, Azərbaycan dilində tər-təmiz danışır və Azərbaycanla bağlı bütün tədbirlərdə mənimlə bərabər iştirak edir. Bayram günlərində sevə-sevə Azərbaycanın milli geyimini öz üzərində daşıyır. Ürəyindən, könlündən gələn hissdir. Onun ana vətəninə bağlı yaşaması üçün əlimdən gələni edirəm. Həyat yoldaşım da Azərbaycana sevgisi olan xaricilərdəndir.

– Diaspor fəaliyyətiniz necə başladı?

– Mən hələ tələbəlik illərində qaçqın düşərgələrində könüllü kimi fəaliyyət göstərmişəm. Əsasən də xaricilərin məcburi köçkün uşaqları üçün həyata keçirdiyi layihələrdə könüllü kimi iştirak etmişəm. Bu gün gördüyüm işi məhz o işin, könüllülük işinin davamı hesab edirəm.

İkinci Qarabağ müharibəsi başlayanda BƏƏ-də yaşayan soydaşlarımızla əl-ələ verib daha çox iş görməyə qərar verdik. Burada yaşayan azərbaycanlıların sosial media üzərindən yaratdıqları “Şəhidlər ölməz” qrupuna üzv olub geniş fəaliyyətə başladıq. Biz xaricilər arasında Azərbaycanla bağlı məlumat yayır, həqiqətləri çatdırır, beynəlxalq təşkilatlara informasiyalar göndərirdik. Bu mənim və dostlarımın diaspor fəaliyyətinin daha da genişlənməsinə təkan verdi.

– Siz həm də xeyriyyəçiliklə məşğulsunuz, vaxtaşırı Azərbaycana gəlib şəhid və qazi ailələrinə baş çəkirsiniz…

– Bunu özümə borc bilirəm və bu işi sistemli şəkildə davam etdirirəm. Qazilərin və  şəhid ailələlərinin yanında olmaq borcumuzdur. Ötən ilin dekabrında Bakıda “Şəhidlərimizin əmanətinə sevinc bəxş edək” kampaniyasında iştirak etdim. Qazilərimizə və şəhid övladlarına Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə sovqat hazırlayanda təsadüfən eşitdim ki, şəhid Arəstə Baxışovanın oğlunun doğum günüdür. Həmin günü onunla keçirmək ömrümün ən unudulmaz günlərindən biri oldu. BƏƏ-də yaşayan balaca soydaşlarımız şəhid balaları üçün açıqlama hazırlamışdılar və uşaqlar onları oxuyanda çox təsirləndilər. Qoy, onlar bilsinlər ki, biz vətəndan kənarda yaşasaq da, ürəyimiz hər zaman onların yanındadır.

Kimsə deyə bilər ki, insan etdiklərini deməz. Bunları deməkdə məqsədimiz ətrafımıza daha çox insanı cəlb etmək və işimizin ardıcıllığını qorumaqdır. Getdikcə xeyriyyəçilik işinə daha çox dost cəlb edə bilirik. Şəhid və qazi ailələrinin ehtiyaclarını öyrənir, planlarımızı bu istiqamətdə qurmağa çalışırıq. Şəhid övladlarına sürprizlər etmək, onları sevindirmək bir ana kimi mənə də sevinc yaşadır.

Artıq Azərbaycanda bir çox insanlar gördüyümüz işlərdən xəbərdardır və bizi böyük xeyriyyəçilik aksiyalarına, bu sahədəki vacib tədbirlərə çağırırlar. Son vaxtlar Bakıda iki böyük aksiyada iştirak etmişəm və sevə-sevə yeni aksiyalara qoşulmağa hazıram. Bu yaxınlarda “Mənim atam qəhrəmandır” layihəsinə də dəvət almağım məni çox sevindirdi və məmnuniyyətlə orada iştirak etdim.

Bir məqamı da qeyd etmək istərdim. Bu gün kimlərinsə bəzən diaspor nümayəndələrini qaralamaq cəhdlərinə rast gəlirik. Amma bunlar Azərbaycan diasporunun gördüyü işlərin müqabilində çox xırda görünür. Bəlkə də bu barədə danışmağa belə dəyməz. Bunu ona görə deyirəm ki, mənə qarşı da belə addım atanlar oldu. Bakıda bir təqdimat zamanı diaspor fəalları ilə birgə çəkilən videonu guya Qarabağda çəkilib deyə yayaraq və fikirləri kontekstdən çıxararaq təqdim etməyə cəhd etdilər. Üstəlik, həmin kadrları həm də Dünya Azərbaycanlılarının  V Qurultayı ilə bağlamağa çalışdılar. Bunlar düşmən dəyirmanına su tökmək kimi bir şeydir.  2021-ci ilin avqust ayında çəkilən videonun Ramazan ayında yayılması və həmin video ilə bağlı düşmənə xas prinsiplərlə manşetlər düzəltmək hansı etik çərçivəyə sığır? Həmin videonu görən sosial şəbəkə istifadəçiləri və xüsusilə jurnalsitlər araşdırma apardılar, mənimlə əlaqə saxladılar və kim olduğumu gördülər. Həqiqətin üzə çıxması belə əməllərin sahiblərinin özlərini rusvay etdi.

Bu cür “addımlar” işimizə kölgə sala bilməz, diaspor fəaliyyətimizə mane ola bilməz. Biz könül işimizi davam etdirir, daha sıx birləşir, Vətənimizin yanında olmağa davam edirik. Bu, heç dəyişməyəcək, əmin olun. Tanrı Azərbaycanı qorusun, azərbaycanlıları xainlərdən qorusun.

– BƏƏ-də yaşayan soydaşlarımızın həmrəyliyi barədə nə demək olar?

– Son illər soydaşlarımızın birliyi daha da artıb və fəaliyyətimizi mərkəzləşdirən Koordinasiya Şurasının yaradılması bu məsələdə xüsusi rol oynayıb. Mən də BƏƏ üzrə Koordinasiya Şurasının əlaqələndiricisiyəm. Diasporla İş üzrə Dövlət Komitəsi ilə uğurlu əməkdaşlığımız var. Fuad Muradovun rəhbərliyi dövründə Komitənin həyata keçirdiyi layihələr bizi gücümüzü daha sıx birləşdirməyə sövq edir. İndi ətrafımıza daha çox insan yığa bilmişik, məsləhətləşmələrimiz, birgə qərarlar verməyimiz bizə çox kömək edir. Sosial media üzərindən dünyaya çıxmaq, beynəlxalq təşkilatlara müraciətlər etmək, ermənipərəst qüvvələrə lazımi cavabları vermək diaspor fəaliyyətimizin ayrılmaz hissəsidir. Komitə ilə əməkdaşlığımız getdikcə dərinləşir.

– Şuşaya səfərləriniz və V qurultay haqqında fikrinizi bilmək maraqlı olardı. Xaricdən eyni vaxtda bu qədər soydaşımızın Şuşaya gəlməsi hansı effekti verəcək?

Sizi əmin edirəm ki, Şuşa qurultayı diaspor fəaliyyətimizin xəritəsini dəyişdi, biz cənab Prezidenti dinlədik və işimizin istiqamətlərini müəyyən etdik. Əslində az iş görmədiyimizi düşünürdük, amma indi nə iş görməli olduğumuzu, hansı məlumatları çatdırmalı olduğumuzu daha aydın gördük.

Qurultay iştirakçıları sözün həqiqi mənasında dünyaya mesaj ötürən elçilərdir. Bir var Qarabağda baş verənləri eşidəsən, bir də var görəsən, xarabalıqlar içindən keçib Şuşaya gedəsən. Bundan əvvəl də Komitənin təşkilatçılığı ilə Şuşada olmuşdum, amma yüzlərlə insanla yenidən Qarabağa getmək, müzakirələr aparmaq, ölkə başçısını dinləmək – bu, əvəzi olmayan bir iş idi. 

Qurultay diaspor nümayəndələri arasında körpülər yaratdı, yeni tanışlıqlar başladı. Dünya Azərbaycanlılarının V Qurultayı diasporumuzu daha sıx birləşdirdi, yeni insanlar tanıdıq, əlaqələr qurduq, şəbəkələşmək üçün yaxşı zəmin yarandı. Qurultayın əsl effektini zamanla daha yaxşı hiss edəcəyik. Belə bir gün yaşadığım və soydaşlarımızla Şuşada görüşdüyüm üçün şəhid və qazilərimizə, Müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissi duyuram.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …