Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Novella Cəfəroğlu: “Siyasi məhbusların məsələsini həll etsək, iki addım qabağa gedəcəyik”

Novella Cəfəroğlu: “Siyasi məhbusların məsələsini həll etsək, iki addım qabağa gedəcəyik”

Əliməmməd Nuriyev: “Səfirin açıqlamaları Avropa Şurası ilə aramızda yaranan narahatçılığı aradan qaldıracaq”

Bu ilin sonuna qədər Azərbaycan hakimiyyətinin siyasi məhbus problemini həll etməyi planlaşdırdığı barədə xəbərlər yayılıb. Xüsusilə, Avropa Şurası ilə Azərbaycan arasında bu məsələyə görə yaranan gərginliyin aradan qaldırılmasında ölkə iqtidarının maraqlı olduğu, bunun üçün siyasi məhbusları azadlığa buraxmağa qərarlı olduğu iddi edilir.

Əslində siyasi fəalların azadlığa buraxılacağı barədə bəzi mesajlar yerli və beynəlxalq səviyyədə verilməkdədir. Son olaraq, Avropa Şurasının Bakı ofisinin rəhbəri, səfir Zoltan Harnyeşin noyabr ayı ərzində Azərbaycanla təmsil etdiyi qurum arasındakı problemlərin aradan qaldırılacağı barədə fikirləri, eləcə də, Əfv Komissiyasının üzvü Məlahət İbrahimqızının prezident tərəfindən hər an əfv sərəncamı imzalana biləcəyi ilə bağlı dedikləri ciddi mətləblərdən xəbər verir.

Bu söhbətlərin fonunda ənənəvi olaraq, REAL sədri İlqar Məmmədovun məsələsi yenə də gündəmdədir. Bildiyimiz kimi, onun azad edilməsi üçün Avropa Şurası Nazirlər Komitəsi bu ayın 29-a qədər rəsmi Bakıya vaxt qoyub. Həmin vaxta qədər REAL sədri azad edilməsə, qurumun dekabrın 5-də keçiriləcək iclasında Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi gündəmə gətirilə bilər. Bütün bunları nəzərə alaraq, İ.Məmmədovun azad edilmə ehtimalları yüksək görünsə də, hər kəsi bir sual düşündürür.

Onunla bağlı bütün məhkəmə prosesləri bitib. Onun hansı formada azad edilə biləcəyi də maraq doğurur. Hüquqi baxımdan vaxtından əvvəl azxad etmə, cəzasının həbslə bağlı olmayan cəza ilə əvəzlənməsi və s. Hətta ayrıca əfv sərəncamı da imzalana bilər. Azərbaycan təcrübəsində tək şəxslərlə bağlı belə qərarlar indiyə qədər verilib. Misal olaraq, mərhum prezident Heydər Əliyev dönəmində professor Adil Qeybullanı, ermənini öldürdüyünə görə Macarıstanda ömürlük həbs cəzası alan və Azərbaycana ekstradisiya olunan zaman əfv edilən ordumuzun zabiti Ramil Səfərovu və son olaraq, işğal edilən Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün Belarusdan Azərbaycana ekstradisiya edilən və məhkəmə önünə çıxarılaraq 3 il cəza alan İsrail vətəndaşı, blogger Aleksandr Lapşinin əfv edilməsi İ.Məmmədovda belə bir şansın qaldığına işarədir.

Image result for fv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev

Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Avropa Şurası ilə Azərbaycan arasında yaranan müəyyən problemlərdən söz açdı: “Problemin əsas mənbəyi Avropa Şurasının prezidentinin verdiyi məlum bəyanatdan sonra başlayıb. Bu bəyanat Azərbaycan tərəfin məhkəmə qərarlarını icra etməməsi, üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi ilə bağlı idi. Şübhəsiz ki, Avropa Şurası mühüm platformadır. Ölkəmizin burada iştirakı çox əhəmiyyətlidir. Beynəlxalq birliklərin tribunlarında iştirak etməklə Azərbaycan ölkə həqiqətləri və ərazilərimizə olan təcavüz faktını təqdim edir. Dövlətin imicinin beynəlxalq aləmdə möhkəmlənməsi üçün də töhfə verir. Son bir ildə müəyyən problemlər yaşanmaqdadır. Əgər problemlər varsa, hər iki tərəfin üzərinə müəyyən öhdəliklər düşür. Öhdəliklərin yalnız birtərəfli olduğunu demək doğru olmazdı. Çox arzu edərdim ki, cənab Zoltan Harnyeşin dediyi kimi problemlər qısa zamanda həll olunsun. Bunu hər kəs istəyir. Avropa Şurasında bəzi hallarda Azərbaycana qarşı subyektiv mövqelərin tutulduğunu da görürük. Avropa Şurasının qərarlarının icra edilməməsi ilə bağlı quruma üzv dövlətlərin hər birində müəyyən problemlər var. Burada söhbət 1-2 qərardan deyil, on minlərlə qərardan gedir. Azərbaycanda da belə problemlər var. Bu istiqamətdə addımlar atılır və atılacaq da. Amma öncəliklə ölkəmizə yönəlik qərəzli münasibət aradan qaldırılmalıdır. Bu münasibətin nədən qaynaqlandığının səbəblərini bilirik. Orada erməni lobbisi ciddi şəkildə işləyir. Ermənistan Parlamenti gülləbaran oldu, seçkilərlə insanlar dəhşətli zorakılığa məruz qaldılar, buna qarşı nədənsə susqunluq nümayiş etdirildi. Bir sıra hallarda öz siyasi, iqtisadi, maliyyə maraqları Azərbaycanda təmin olunmayan kimi onlar başqa təzyiq vasitələrindən istifadə etmək istəyirlər. Azərbaycan tərəfi insan hüquqları və azadlıqları ilə bağlı atdığı addımları daim gücləndirməyə çalışır. Cəzaların humanistləşdirilməsi ilə bağlı cənab prezidentin verdiyi qərar buna sübutdur. Ümid edirəm ki, səfirin açıqlamaları Avropa Şurası ilə aramızda yaranan narahatçılığı aradan qaldıracaq”.

Ə.Nuriyev REAL sədri ilə bağlı deyilənlərə də toxundu: “Hər hansı bir məsələnin şəxsləşdirilməsinin əleyhinəyəm. Azərbaycana təzyiq vasitəsilə hər hansı bir qərarı icra etdirmək qeyri-mümkündür. Ölkəmiz müstəqil siyasi aparır, milli maraqlarını daim öndə tutur. Heç bir təzyiq olmadan Azərbaycan hökuməti qərar qəbul edə bilir. Dövlətin əsas vəzifəsi vətəndaşa xidmət etməkdir. Cənab prezidentin hakimiyyətə münasibətinin necə olmasından asılı olmayaraq, hər kəsin prezidentidir”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, Qərbə inteqrasiya etmək istəyiriksə, bu problemləri aradan qaldırmaq lazımdır: “Azərbaycanda olan siyasi məhbusların sayının nə qədər olmasından asılı olmayaraq, onların heç bir önəmi yoxdur. Bu problemdən birdəfəlik qurtulmalıyıq. O zaman Avropa Şurasında bir çox məsələləri qaldıra bilərik. Bu gün Avropa Şurasının xahişlərini yerinə yetirsək, daha çox qazana bilərik. Məhbus problemi ilə başımızı qatmayaq. Əgər siyasi məhbusların məsələsini həll etsək, iki addım qabağa gedəcəyik. İlqar Məmmədovla bağlı tək əfv sərəncamının verilməsi ola bilər. Amma mən istərdim ki, siyasi məhbusların hamısını birlikdə buraxsınlar”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …