Cümə , Dekabr 4 2020
Ana səhifə / Aktual / “Niyə zarıyır bu? Harası ağrıyır?..” – Quba Rayon Mərkəzi Xəstəxanasından NARAZILIQ

“Niyə zarıyır bu? Harası ağrıyır?..” – Quba Rayon Mərkəzi Xəstəxanasından NARAZILIQ

“Yoldaşımı Quba Mərkəzi Xəstəxanasına aparmışdım. Bir saatdan çox qəbul şöbəsində qaldı, heç kim yaxın durmadı. Eləcə, tibb bacıları qəbul şöbəsinə girib-çıxanda “niyə zarıyır bu? Harası ağrıyır?” soruşub keçirdilər”.

Qubanın Gədik kənd sakini Rəsul Mehrəliyev danışır ki, həyat yoldaşı Günel Mehrəliyevada kəskin ağrılar baş verib. Rəsul Mehrəliyev onu Quba Rayon Mərkəzi Xəstəxanasına götürüb. Deməsinə görə, həyat yoldaşının kəskin ağrıları olsa da, həkimlər tibbi yardım göstərməyib.

“Dedi, gədiklilər əlləri ətəklərindən uzun gəlir xəstəxanaya…”

“Sancılanmışdı, ağrıdan qışqırırdı yazıq. Bir saatdan çox qəbul şöbəsində bu vəziyyətdə qaldı. Hamı bir-birinin üstünə ötürürdü. Biri deyirdi: “bu şöbəlik deyil, apar başqa şöbəyə”, o biri deyirdi: “elə bu şöbəlikdir, gözlə, həkim yaxınlaşacaq”. Tibb bacıları da hər qəbul otağına girib çıxanda soruşurdular ki, niyə qışqırır bu, harası ağrıyır. Dedim, adam bəxtəvərlikdən qışqırmır, bir çarəsini edin, ölür. Dəhlizdə iki həkim söhbət edirdi, özüm eşitdim, biri o birinə deyir: “Gədikdəndir yenə? Əşşi, onlar da əlləri ətəklərindən uzun gəlirlər həmişə,”- Rəsul Mehriəliyev deyir.

Bir saat ərzində bir neçə dəfə xəstəyə yaxınlaşan tibbi personalın üzvləri hər dəfəsində ad-soyadını, doğum tarixini və səhhətiylə bağlı şikayətlərini qeydə alıb, ancaq tibbi yardım göstərməyib.

“Çarəsizlikdən gətirdim evə…”

Nəhayət, Rəsul Mehrəliyev səs-küy salıb:

“Səs-küy saldım, Ramazan həkim var, o gəldi, dedi, xəstəni qaldırın palataya, sistem qoşun. Nə müayinə olundu, nə dərdi bilindi, eləcə qaldırdılar palataya, ağrılarını kəsmək üçün sistem qoşdular. Təxminən 1 saata yaxın da bu proses çəkdi. Sonra da hansı həkimə yaxınlaşdımsa, dedi, iş vaxtım bitib, evə gedirəm. Yoldaşım dedi, burda baxımsızlıqdan adam ölər, apar məni, öləcəmsə, evimdə ölüm. Çarəsizlikdən götürüb gəldim evə…”

Rəsul Mehrəliyevin həyat yoldaşını müayinə və müalicə etdirməyə maddi imkanı yoxdur:

“Hamımız özümüzü Allahın ümidinə buraxmışıq. Dövlət xəstəxanalarında üzümüzə baxan yoxdur, özəl xəstəxanalara da pulumuz çatmır. Xəstəni müayinə etməmiş sistem qoşurlar, o sistem bitincə yoldaşımla bir-birimizin üzünə baxa-baxa qaldıq, ikimiz də qorxu içində. Bəlkə o dərmanlar zərər verərdi xəstəyə. İndi imkanım ona çatır ki, ağrıları başlayanda aptekdən ağrıkəsici alım, vurum”.

“Qızım da az qalmışdı ölsün”

Rəsul Mehrəliyevin sözlərinə görə, bir müddət əvvəl qızını da kəskin ağrılarla həmin xəstəxanaya götürüb, müayinələrdən sonra həkimlər bilririblər ki, uşaq sağlamdır:

“Bir müddət əvvəl qızım da bunların səhlənkarlığından az qalmışdı ölsün. Demişdilər, heç nə yoxdur, sağlamdır, gətirdim evə, gecə yenə kəskin ağrıları başladı, götürdüm qaytardım xəstəxanaya, başqa bir həkim baxdı, dedi, bunun korbağırsağı partlamaq üzrədir, zəhər qana keçsə, qalmayacaq. Təcili əməliyyata götürdü”.

Quba Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, aprelin 25-də, saat 5 radələrində Gədik kənd sakini, 1985-ci il təvəllüdlü Günel Mehrəliyeva qarın boşluğundakı kəskin ağrılarla xəstəxanaya qəbul olunub, ona ilkin tibbi yardım olaraq ağrıkəsicilər vurulub, qan analizi və ultrasəs müayinəsi olunub. Lakin xəstə xəstəxanada qalmaq istəməyib və ağrıları kəsildiyini deyərək könüllü şəkildə xəstəxananı tərk edib.

Rəsul Mehrəliyev xəstəxanada olarkən Səhiyyə Nazirlyinin “Qaynar xətt”inə də zəng vurub. Bildirib ki, kəskin ağrılarla xəstəxanaya gətirdiyi həyat yoldaşına həkimlər baxmır. Deməsinə görə, “Qaynar xət”dən ona bildirilib ki, şikayətinə 15 gün ərzində baxılacaq.

Həmçinin oxuyun

Bakı Qələbə paradına hazırlaşır – VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. …