Bazar , Oktyabr 20 2019
Ana səhifə / Aktual / “Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” – Xalq artisti

“Niyə anası xəstəxanada qızın yanına buraxılmayıb?” – Xalq artisti

“Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər “Məktəb illəri” mahnısının bəstəkarı olmağım və ən əsası, vicdanım məni bunları yazmaga vadar etdi”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Məşhur bəstəkar bildirib ki, hamı 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə biganə qalmamalıdır:

“Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib. Ya da söyülərək, döyülərək, yuxarıdan yerə atılıb. “Ailəsində problem, psixoloji vəziyyətində problem” ifadələri altında, əslində, bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir? Niyə məktəb uşaqlarına “sus” əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb?!

“Məktəb ikinci ailədir, evdir” deyərdilər. “məktəbdə intihar”, “məktəbdə əxlaqsızlıq” , “məktəbdə alver” – kimi yazı başlıqlarına son zamanlar tez – tez rast gəlinir və hamı oxuyur, izləyir, yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa… Adını intihar, xəstəlik qoysalar belə…

Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində #162 cinayət baş verib. Bəli, bəli cinayət. Hər bir intiharın arxasında bir cinayət, bir müəmma durur. Susdurmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.

Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlanılma aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırılmalıdır.

Bir mahnıya, kiminsə açıq -saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməli olan hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!

Məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez – tez qarşılaşa bilərik. Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək”.

Həmçinin oxuyun

Sabiq nazirin şirkətinə 12,4 milyon manatlıq sifariş

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti kommunal təyinatlı maşın və mexanizmlər alır. Departament satınalma müqaviləsini sabiq …