Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Nemət Pənahlı bir aylıq həbsindən danışdı

Nemət Pənahlı bir aylıq həbsindən danışdı

Müxalifət düşərgəsinin bəzi liderləri də indiyə qədər uzun və qısamüddətli həbsxana həyatı yaşayıblar

Milli azadlıq hərəkatının öncül isimlərindən olan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bir aylıq inzibati həbs cəzasından sonra noyabrın 12-də azadlığa buraxılıb.

N.Pənahlı “Yeni Müsavat”a deyib ki, səhhəti ilə bağlı problemləri vari. “Məndə bir xarakter var, həbsə düşdümsə, bilirəm ki, artıq dörd divar arasındayam. Üç il ərzində oxuya bilmədiyim kitabları oxudum, yaza bilmədiyim şeirlərimi yazdım. Ailəm demək olar hər gün mənə yemək gətirirdi. Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanası təmirə bağlandığı üçün Nəsimi Polis İdarəsində cəzamı çəkdim. Ailəm, dostlarım isə bundan bir neçə gün sonra xəbər tutublar. Həbsimə reaksiyalar kifayət qədər qaneedici olub. Siyasilərdən hər kəs münasibətini bildirib. Hətta əleyhdarlarım belə həbsimin haqsız olduğunu söyləyiblər”.

Xatırladaq ki, ilk dəfə 1988-ci il dekabrın 31-də həbs edilən N.Pənahlı 1989-cu il fevralın sonlarında azadlığa buraxılıb. İkinci dəfə 2011-ci ilin yanvar ayında həbs edilərək “silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək” 6 il müddətinə azadlıqdan məhrum edilib. 17 mart 2016-cı il tarixində verilən əfv sərəncamı ilə azadlığa çıxıb.

N.Pənahlının bu həbsi bir məsələni yenidən aktual edib. Belə ki, müxalifət düşərgəsində hazırda təmsil olunan bəzi liderlər də indiyə qədər uzun və qısamüddətli həbsxana həyatı yaşayıblar. Onların adlarını qeyd edirik:

İsgəndər Həmidov-Azərbaycan Milli Demokrat Partiyasının (“Bozqurdlar”ın lideri) sədri. 1992-ci ilin avqust-oktyabr ayları ərzində 701 nəfər məhbusu həbsdən qanunsuz azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 1994-cü ildə 14 il müddətinə azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

İsa Qəmbər-Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri. 1993-cü ildə Elçibəy hökumətinin süqutundan sonra həmin iqtidarın ilk həbs edilən rəhbərlərindən biri olub. 1993-cü il iyulun 16-da həbs edilən İsa bəy bir aydan sonra azad olunub.

Arif Hacılı – Müsavat Partiyasının başqanı. O da iki dəfə məhbus həyatı yaşayıb. İlk dəfə 2003-cü il prezident seçkilərindən sonra 16 oktyabrda həbs edilərək, 5 il müddətinə həbs cəzası alıb. 2005-ci ilin Novruz əfvi ilə azad olunub. İkinci dəfə A.Hacılı 2011-ci ildə həbs olunaraq iki il yarım müddətinə azadlıqdan məhrum edilib. 2012-ci il 22 iyunda ölkə başçısının imzaladığı əfv sərəncamı ilə azad olunub.

Pənah Hüseyn – sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri. 1996-cı ilin aprelində həbs edilən sabiq baş nazir 1997-ci ilin yanvarında azad olunub. Növbəti dəfə 2003-cü ilin prezident seçkilərindən sonra həbs edilən liderlərdən biri olub və 4 il yarım azadlıqdan məhrum edilib. 2005-ci ilin mart əfvində azadlığa çıxıb.

Sərdar Cəlaloğlu – Azərbaycan Demokrat Partiyasının sədri. Siyasi fəaliyyəti dövründə 3 dəfə həbs olunub. Sonuncu dəfə 2003-cü il prezident seçkilərindən sonra 4 il 6 ay müddətinə həbs edilib. 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

İqbal Ağazadə -Ümid Partiyasının sədri. 2003-cü ilin oktyabrındakı prezident seçkilərindən sonra həbs edilib. 4 il 6 ay cəza alan Ümid sədri 2005-ci ilin mart əfvində məhbus həyatı ilə vidalaşıb.

Tural Abbaslı – AĞ Partiyanın başqanı. Uzunmüddətli həbs dövrü 7 il öncəyə təsadüf edir. 2011-ci ildə “Ərəb baharı”nın təsiri ilə Bakıda təşkil edilən icazəsiz mitinqlərin əsas təşkilatçılarından biri kimi həmin il aprelin 2-də həbs olunub. Bir il üç aydan sonra 2012-ci il iyulun 22-də imzalanan əfv sərəncamı əsasında həbsxana divarları ilə vidalaşıb.

Etibar Məmmədov – hazırda aktiv siyasətlə məşğul olmasa da, Azərbaycan Milli İstiqlal Partiyasının lideri sayılır. 1990-cı il 20 Yanvar hadisələrindən sonra həbs edilib. 9 ay dünyanın ən qorxunc və ən ciddi qorunan – Moskva şəhərində yerləşən Lefertovo zindanında məhbus həyatı yaşayıb. Onun məşhur “Lefortovo gündəliyi” kitabı da həmin aylarda qələmə alınıb.

İlqar Məmmədov – REAL Partiyasının sədri. 2013-cü ildə İsmayıllı hadisələrindən sonra həbs edilərək, 7 il müddətində azadlıq məhrum edilib. REAL rəhbəri üç ay öncə azadlığa çıxıb. Onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …