Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Neftin qiymət tənəzzülündən Qarabağda müharibəyə…”

“Neftin qiymət tənəzzülündən Qarabağda müharibəyə…”

Bu, Azərbaycanın yeni taktikası deyil, Ermənistanın antisülh təxribatının yeni doğuluşudur
Uorlik ABŞ isteblişmentini əlavə açıqlama zorunda qoyur

Bəzi ABŞ konqresmenləri erməni təxribatına niyə uyur?

Bir daha əmin oldum ki, erməni siyasətçiləri yatmır və yatmayacaq. Qəsb etdikləri torpaqları, maddi-mənəvi sərvətləri nəinki bütün vasitələrlə əldə saxlamağ, hətta bunların geri qaytarılması üçün yaranan hər bir təhlükəni, Azərbaycanın və bütün Türk dünyasının qazanmaqda olduğu üstünlükləri neytrallaşdırmaq, gözdən salmaq üçün mümkün olan və olmayan hər şeyə gedirlər.
Bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici işlər komitəsində qapalı olduğu deyilən Qarabağda gərginliyin artması fonunda keçirilmiş müzakirələr ətrafında qurulan erməni təbliğatı diqqətimizi cəlb edir. Bəri başdan deyək ki, AŞPA-nın yanvar sessiyasının gündəliyində Qarabağ ətrafında işğal edilmiş ərazilərin azərbaycanlı sakinlərinin içməli sudan məhrum edilməsi və Qarabağda gərginliyin artırılması kimi iki qətnamə layihəsinin qəbulu məsələsi var və Ermənistan rəsmi dövlət səviyyəsində həmin qətnamələrin qəbulunun qarşısını almaq üçün bütün diplomatik və qeyri-leqal kanalların gücləndirilməsi barədə qərar çıxarıb. Bu situasiyada ABŞ Konqresindəki 8 yanvar “Qarabağda gərginliyin artması” adlı qapalı müzakirələrin təşkilinə erməni lobbisinin AŞPA-da gözlənilən özləri üçün təhlükəli perspektivə bir növ cavab tədbiri kimi də baxmaq olar. Çünki ABŞ Konqresinin komitə iclası büsbütün ermənipərəst ideyaların təsiri altında keçib və Azərbaycana ünvanlanmış ədalətsiz tezislər səsləndirilib: guya Ermənistan sülh prosesinin tam sürətlə irəliləməsində maraqlı imiş və bütün anlarda pozucu rolu tək Azərbaycan oynayırmış…

Bax: Azərbaycanda təkrarlanmaq şansı olan 1992-ci il “manevri”…
Qanda boğulan ölkələrdən böyük fərqlərimiz, xarizmalı Prezident, müxalifətdə xarizmasız liderlər bolluğu…

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici işlər komitəsində yanvarın 8-də nə baş verib?
Məlumatlara görə, Nümayəndələr Palatasının komitə sədri, respublikaçı Ed Roys və demokrat Eliot Engelin (həqiqətən Əngəl imiş) fəal təşkilatçılığı ilə qapalı Qarabağ dinləmələri keçirilib. Dinləmələr Qarabağda artan gərginliyin qarşısının alınması və inam yaradıcı tədbirlərin həyata keçirilməsinə həsr olunub. Ermənipərəst media orqanlarının məlumatına əsasən, dinləmələrdə hətta yeni ideyalar da səsləndirilib. Təkliflərə görə, ermənilər “Azərbaycan və Qarabağ arasındakı (!) təmas xəttindən hər iki tərəfin snayperləri geri çəkilməli, ortada yüksək həssaslığa malik texniki qurğular yerləşdirilməli və bununla atəşkəsin intensiv pozulmasında kimin məsuliyyət daşıdığı aydınlaşmalıdır. Guya Qarabağ cəbhəsində gündə azı 100 dəfə atəşkəsi pozan tərəfin məhz Ermənistan olduğunu bilmirlərmiş… Qapalı dinləmələrdə ABŞ-dan olan həmsədr C.Uorlikin də iştirak etməsi, onun və hətta Dövlət Departamentinin qaldırılmış təklifləri müdafiə etmələri barədə xəbərlər isə Azərbaycan ictimaiyyətində görünməmiş qıcıq yaradır desək, yanılmarıq. Son aylarda Rusiya parlamentinə də uydurma erməni genosidinin daha möhkəm tanınmasına doğru bir qətnamə layihəsi təqdim olunub. Ancaq Rusiyanın siyasi elitasının tarix boyu onsuz da əksərən erməni maraqlarının yanında dayanması və azərbaycanlıların ədalət və beynəlxalq hüquq normalarına uyğun tərpənişləri məhz ABŞ-dan gözləməsi Konqres dinləmələrinin Azərbaycanda daha çox qıcıq və təəssüf doğurmasının səbəblərini tam açır.
“O Rusiyadır, tarixi müttəfiqinin yanından çəkilmək istəmir, bəs bəzi ABŞ siyasətçilərinə nə gəlib ki, belə mövqe sərgiləyir?!”

Bax: Ac-yalavac suriyalı, iraqlı uşaqlar, onların valideynlərinin böyük günahı və sabitlik imtahanına çəkilən biz azərbaycanlılar…

Yəqin ki, ABŞ siyasi isteblişmenti Uorlikin dinləmələrdə iştirakı, onun və Dövlət Departamentinin guya Azərbaycanın snayperlərin geri çəkilməsi məsələsində Ermənistandan fərqli “qeyri-konstruktiv” mövqe göstərməsini qəbul etməsi barədə erməni mənbələrinin yaydığı məlumatlara aydınlıq gətirəcək. Bunu indi Azərbaycanda ABŞ-dan hamı gözləyir. Axı ABŞ-lı həmsədr və Departament Azərbaycanın snayperlərin çəkilməsi məsələsinə “bu, status-kvonun saxlanmasında Ermənistanın mövqeyini möhkəmləndirə bilər” arqumenti əsasında rədd cavabı verməsi ilə bağlı erməni təsirlərinə necə uya bilər? Məgər ABŞ-da bilmirlər ki, Azərbaycan snayperlərin geri çəkilməsi məsələsinə niyə bu qədər həssas yanaşır? Azərbaycanın Prezident səviyyəsində dəfələrlə rəsmən ifadə edilmiş mövqeyi bəllidir. “Status-kvo dəyişməsə, yəni Dağlıq Qarabağ ətrafında işğal olunmuş rayonlar şərtsiz azad edilməsə, sülh prosesində irəliləyiş mümkünsüzdür”. Prezident Azərbaycanın bu qəti düzgün mövqeyini Fransa prezidentinin iştirakı ilə keçirilmiş Paris görüşündə açıq bəyan etmişdi və görüşdən sonra rəsmi məlumat yayan Yelisey sarayı status-kvonun dəyişdirilməsi, qarşılıqlı inam yaratma tədbirlərinin görülməsi və əsir-girovların dəyişdirilməsi üzrə informasiya mübadiləsinin açılmasını Qarabağ sülh prosesinin tələb etdiyi real şərtlər kimi bəyan etmişdi. Paris görüşünün ardınca AB-nin Bakı ofisinin rəhbəri Malena Mard da birliyin adından “status-kvo dəyişməsə sülh prosesi hərəkətə gəlməyəcək” kimi birmənalı şərh vermişdi. Soruşula bilər ki, status-kvonun snayperlərin çəkilməsi ilə nə əlaqəsi var? Bax, burada ermənilərin bütün dünyadan gizlətmək istədiyi, hətta bəzi ABŞ rəsmilərinin də gözünə tor çəkdiyi incə bir məqam var ki, bu məqamı Azərbaycan dəfələrlə açıq bəyan edib”:Azərbaycanın snayperləri bu xalqın tarixlər qədər qədim və doğma torpaqlarının üstündə yerləşdirilib. Bəs Ermənistanın snayperləri hansı torpağın üstündə “bardaş quraraq” hər gün günahsız Azərbaycan balalarının canını əsgər, qoca, qadın, uşaq demədən acımasızcasına alır? Azərbaycan öz torpaqları üstündəki snayperlərini hansı məntiqlə geri çəkməlidir?! Torpaq Azərbaycana məxsusdursa, onun üzərində, istəsə, nəinki snayper, hətta ən müasir silah və sursatları yerləşdirmək haqqı niyə də tanınmasın?! Diqqət edin, indi hər iki tərəfin snayperlərinin eyni vaxtda geri çəkilməsi şərtini qoyanlar Azərbaycanın torpaqlarında Ermənistanın da snayperlər saxlamaq haqqını (?) dolayısı ilə tanımış olmurlarmı? Budurmu ədalətli yanaşma? Azərbaycan Prezidentinin dediyi kimi, Ermənistanın snayperləri bizim torpaqlarda nə gəzir?! Bu torpaqlarda geri çəkilməli snayper varsa, o da birmənalı Ermənistan snayperləridir. Zəhmət çəkib öz snayperlərini Zəngilan – Qubadlı – Laçın – Kəlbəcər – Tovuz – Qazax xətti boyunca BMT-nin birmənalı tanıdığı Azərbaycan-Ermənistan sərhədində nə qədər istəsələr yerləşdirsinlər. Dağlıq Qarabağda Azərbaycan – Ermənistan sərhədi yoxdur, olmayıb və olmamalıdır. Elə buradaca Konqres dinləmələri barədə erməni mənbələrinin yaydığı şərh və xəbərlərdə xüsusi vurğulanmış və yuxarıda mənim də sual işarəsi ilə əsaslı şübhə altına aldığım “Qarabağ – Azərbaycan sərhədlərindəki snayperlər” ifadəsi öz absurdluğu ilə heyrət doğurmaya bilmir.

Bax: “Bə­zi ra­yon­lar­da “sü­ni qiy­mət eti­raz­la­rı” Pre­zi­den­tin baş­lat­dı­ğı pro­se­sə əs­lin­də dəs­tək ma­hiy­yət­li­dir”

ABŞ Konqresindəki qapalı dinləmələr fonunda erməni təbliğat mənbələrinin dünya ictimai fikrinə sırımaq istədiyi absurd və təxribatçı daha bir xüsus var. Erməni təbliğat mənbələrindən sitat gətirirəm”:Neftin qiymətdən düşməsi ilə baş qaldıran daxili mülki etirazlar (?) Azərbaycanı Qarabağda müharibə bayrağı altında xalqı sıx birləşdirmək taktikasına əl atmağa stimullaşdıra bilər!!!” Fikir verirsinizmi, nə ilə nəyi vurmaq istəyirlər? Maraqlıdır ki, başqa dillərdəki çıxışlarda bu məqamın üstündən sönük keçən erməni mənbələr ingilisdilli resurslarda onu xüsusi parıltı ilə gözlərə soxmağa çalışırlar. 20 faiz torpaqların işğal altında qalmasına qlobal sülh naminə illər boyu konstruktiv və dözümlü yanaşmış Azərbaycanın bütün arqumentlərlə ədalətli müharibəyə başlamaq haqqını gözdən salmağa, onu bu haqdan məhrum etməyə çalışırlar. Sanki rəy yaratmaq istəyirlər ki, Azərbaycan tam haqlı olduğu müharibəyə yox, neft gəlirlərindən məhrum olmuş xalqın hökumət əleyhinə etirazlarını səngitmək üçün müharibəyə başlaya bilər. Elə buradaca o məqamın üzərindən keçə bilmərik ki, Azərbaycanda bütün dünyanın üzləşdiyi beş-on manatlıq bahalaşma və müvəqqəti artım müşahidə olunan işsizlik üstündə xalqı kütləvi etirazlara təhrik edən siyasi dairələr hansı dəyirmanları “yemləyir”?!
Müharibə məsələsinə gəldikdə isə, əvvəla bu, Azərbaycanın haqqıdır. Neft və onun enən qiymətlərinin buna dəxli yoxdur. Dinc siyasi və diplomatik həll yollarına bəlli bəşəri dəyərlər naminə indiyədək üstünlük vermiş Azərbaycan dünən də, bu gün də, sabah da müharibə ilə torpaqlarını geri qaytarmaq haqqını özündə saxlayır. İkinci, Qarabağ naminə müharibənin mümkünlüyü və zəruriliyi məsələsində Azərbaycan Prezidentinin, xalqının və hətta ultra-radikal qüvvələrin prinsipcə üst-üstə düşən mövqeləri ortadadır.
Bunu kimsə inkar edə bilməz. Prezidentin mövqeyi: “Danışıqlar formal xarakter daşıyır, problemin həllində heç bir irəliləyiş yoxdu. Azərbaycan Ordusu istənilən vaxt torpaqlarımızı azad etməyə hazırdır”. Xalqın mövqeyi: “Daha çox şəhid verməmək naminə Prezidentin diplomatiyaya üstünlük verməsini qəbul edirik. Ancaq dinc vasitələrin heç bir səmərə vermədiyi qəti aydınlaşdığı zaman torpaq naminə yeni şəhidlərimizə də qıyarıq”. Ultra-radikal milli dairələrin yanaşması: “Gecikmədən Qarabağ uğrunda müharibəyə başlamalıyıq!”. Bu mövqelərdə prinsipcə hər hansı fərq görürsünüzmü?! Neft və onun qiymət tənəzzülünün müharibəyə nə dəxli?!… Ancaq Ermənistanın ideoloji diversantları üçün bunun dəxli var…
Aydın QULİYEV

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın