Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “NBC Bank” 1 milyon manata yaxın əməliyyat zərəri edib

“NBC Bank” 1 milyon manata yaxın əməliyyat zərəri edib

Azərbaycanda maliyyə vəziyyəti yaxşı olmayan bankların sayının çox olması ölkənin bank sektoru ilə bağlı tənqidlərin əsaslı olduğundan xəbər verir. Qeyd edək ki, ölkə başçısı da son iqtisadi müşavirədə bank sektorunun öz vəzifəsinin öhdəsindən lazımınca gələ bilməməsindən danışmışdı.

Artıq bankların çoxu cari ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlamağa başlayıblar. Əksər müstəqil ekspertlər ölkə banklarının böyük hissəsinin öz rəsmi maliyyə hesabatlarında saxtakarlıqlara yol verdiklərini və vəziyyətlərinin guya qənaətbəxş olduğunu əks etdirməyə çalışdıqlarını bildirirlər. Bu iddialar isə heç də əsassız deyil və bankların öz real durumlarını gizlətməyə çalışdıqlarını təsdiqləyən çoxsaylı nümunələr var.

Lakin bu mübahisəli maliyyə hesabatları belə, bankların bir çoxunun maliyyə göstəricilərinin sevindirici olmadığını gizlədə bilmir. 3-cü rübün nəticələrinə dair hesabat açıqlayan banklardan biri də “NBC Bank”dır. Hesabatdan belə aydın olur ki, bank bir sıra göstəriciləri, xüsusilə də mənfəət baxımından ciddi şəkildə geriləyib. Hesabatdan görünür ki, 2019-cu ilin 3-cü rübü üçün bankın faiz gəlirləri 13 mln 992 min manat, qeyri-faiz gəlirləri 3 milyon 26 min manat təşkil edib. Lakin ötən ilin analoji dövrü ilə müqayisədə bankın faiz xərcləri kəskin şəkildə artıb. “NBC Bank”ın faiz xərcləri 42 faiz artaraq, 11 milyon 176 min manata çatıb. Bankın qeyri-faiz xərcləri isə 25 faiz artaraq, 6 milyon 748 min manat təşkil edib. Bunun da nəticəsi olaraq, bank 906 min manat xalis əməliyyat zərəri edib.

Bankın öz göstəricisini nisbətən yaxşılaşdırmasına mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlardan 1 milyon 17 min manat cəlb etməsi kömək edib. Yalnız bunun sayəsində bank rəsmən ziyan etməmiş olub və 3-cü rübü cüzi miqdarda – 11,5 min manat mənfəətlə başa vurduğunu göstərib. Ancaq buna baxmayaraq, bankın mənfəət göstəricisinin ötən illə müqayisədə kəskin şəkildə – 26 dəfə azaldığı məlum olur. Bu göstəricini ötən ilin ilk 6 ayı ilə müqayisə etsək, daha böyük və kəskin fərq, azalma üzə çıxır. Belə ki, “NBC Bank”ın ötən il ilin ilk 6 ayının göstəricilərinə görə, mənfəəti 1 mln 872 min manat olub. Bu ilin 6 ayının nəticələrinə görə isə həmin göstərici cəmi 184.8 min manat təşkil edib. Deməli, təkcə ilk 6 ayın nəticələrinə görə, ortada 1.6 milyon manata yaxın geriləmə var.

Bankın cəmi kapitalında da azalma müşahidə olunub. Doğrudur, bu o qədər də böyük məbləğ təşkil etməyib və 2 faiz civarında olub. Hazırda bankın cəmi kapitalı 58 milyon 310 min manat təşkil edir və bu göstərici ilə bank Mərkəzi Bankın qoyduğu minimum tələbi yerinə yetirsə də, həmin kriteriya üzrə qətiyyən liderlər sırasına aid edilə bilməz.

Bununla yanaşı, maliyyə hesabatında bankın bəzi göstəricilərində artım olduğu qeyd edilib. 3-cü rübün rəsmi nəticələrinə görə, “NBC Bank”ın aktivləri 304 milyon 814 min manat təşkil edir ki, bu da cari ilin ikinci rübü ilə müqayisədə 3,8% artıqdır. Həmçinin, bankın kredit portfelinin 222 milyon manat təşkil etdiyi göstərilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur. Ancaq burada bir maraqlı məqam var ki, bankın rəsmi hesabatında vaxtı keçmiş kreditlərin cəmi 9,2 milyon manat təşkil etdiyi göstərilib. Bu rəqəm isə kifayət qədər kiçik olduğu üçün müəmmalı görünür.

Onu da qeyd edək ki, bank ekspertləri ölkə banklarının öz rəsmi maliyyə hesabatlarında xüsusilə də problemli kreditlərinin həcmini reallıqdan dəfələrlə az miqdarda göstərdiklərini bildirirlər. Çünki problemli kreditlərin real həcmi göstərilsə, bankların bir çoxunun iflas ərəfəsində olduğu aşkara çıxa bilər.

Xatırladaq ki, “NBC Bank”ın əsas səhmdarı və sahibi “Nurgün Motors” şirkətinin də prezidenti olan Nuru Əliyevdir.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …