Cümə axşamı , İyul 9 2020
Ana səhifə / Aktual / Nazirlikdə yoxlamalar başladı

Nazirlikdə yoxlamalar başladı

DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan sonra nazir Əbülfəs Qarayevin yaxın müddətdə vəzifəsindən uzaqlaşdırılacağı ehtimalı kifayət qədər yüksək idi. Gözlənilən oldu və ölkə başçısı Qarayevi nazir postundan azad etdi.

Mayın 21-də Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev kollektivlə vidalaşıb. O, nazirliyin rəhbər şəxsləri, şöbə müdirləri və bəzi əməkdaşları ilə vida görüşü keçirib. Sabiq nazir bütün kollektivi bir araya toplamağa ehtiyac görməyib.

AzPolitika.info nazirlikdəki mənbələrdən daxil olan məlumata görə, Ə.Qarayevin işindən ayrılmasından sonra Mədəniyyət Nazirliyində total yoxlamalar başlayıb. Məlumatda nazirlikdə eyni zamanda bir neçə qurumun araşdırmaya başladığı bildirilir.

Yoxlamalar Mədəniyyət Nazirliyinin maliyyə işlərindən, mühasibatlığından tutmuş struktur bölmələrinin işinə qədər bütün idarəetmə sistemini əhatə edir.

Xatırladaq ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, rüşvət və korrupsiya əməllərində ittiham olunur.

İstintaq araşdırmaları zamanı tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinəəsaslı şübhələr müəyyən edilib.

Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinəəsaslı şübhələr müəyyən olunub. Hər iki məmurla bağlı həbs qətimkan tədbiri seçilib.

Bundan sonra cəmiyyətdə sözügedən nazirlikdəki korrupsiya əməllərinin nazirdən xəbərsiz törədilməsinin mümkün olmadığına dair qənaət formalaşıb və bununla bağlı şəxsən Əbülfəs Qarayevin ünvanına açıq ittihamlar səsləndirilib. 

Belə ittihamları səsləndirənlər sırasında deputatlar xüsusilə seçiliblər. YAP-çı deputat Siyavuş Novruzov isə Ə.Qarayevi istefaya çağırmaqla yanaşı, hüquq-mühafizə orqanlarının nazirin aşkar olunan korrupsiya cinayətlərində iştirakının araşdırıldığını bildirmişdi.

İndi məlum olur ki, həmin araşdırma artıq geniş formada, bir neçə dövlət qurumunun iştirakı ilə həyata keçirilir. Və bu araşdırmaların sabiq nazir Əbülfəs Qarayevin həbsilə yekunlaşması da istisna deyil…

Həmçinin oxuyun

190 manatın veriləcəyi ərazilərin sayı artırıldı

Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 …